"Adın nədir?" (II hissə)

Kəndimizdəki qonşularımızın nəvələrinin adı: Çilək, Dilək, Yağmur, Damla, Aylin, Yılmaz...
Kəndimiz tam urbanizasiya yolunda... Üzü Avrasiya məkanına doğru...
Şəhərdəki qonşularımın nəvələrinin adı: Xədicə, Abbas, Ayşə, Ömər, Zübeyr, Ubeyda... Sanki millitan ordusunun siyahısıdı...
Repetitor dərsimdə şagirdlərə milli və alınma sözləri kecirəm... Qarşımdakı şagirdə anladıram ki, məs, sizin ailədə hamının adı alınmadı: Muxtar, Rəhilə, Nicat, Sirac... Uşaq da öz başına bir qapaz saldı və heyrətlə dedi: "Uuuuyyy !...Müəllim, biz öz dilimizdə danışmırmışıq, heləmi?!"
Başa salıram ki, yox, o qədər də deyil, milli leksikamız üstündür... Yoxsa, dilimiz ayaqlar altında qalar...
Bəzən deyirlər ki, sənə nə xalxın adından?!... Əlbəttə, mənə nə!... Amma Kərbəlai İsmayıl demişkən, -siz də hər gün üç sinfin jurnalında altmışa yaxın uşağın, üstəgəl hazırlıqdakı qırx beş uşağın adını ələk-vələk etsəniz, Abbasqulu bəy, indi sən də on dəfə silah götürmüşdün...
Birinci yazımdan xatırlatma: yas yerində mollabacı məclisə müraciətlə deyəndə ki, Mariya Dilənçi qızının ruhuna bir salavat çevirin!... İndi gəl özünü gülməkdən saxla görüm, necə saxlayırsan?!...
Məncə, ölkəyə bir Dədə Qorqud lazımdır ki, adqoyduya nəzarət eləsin, düzsün-qoşsun, boy boylasın, soy soylasın... 
İndi övladlarımıza yaxşı ad qoymasaq, gələcəkdə yaxşı soyadımız da olmayacaq...
İndi söz sizindir, ya da Zamin Vəzir Hacı demişkən, - söz əlaqədər ad qoyanlarındır!...
PS: Taa, deməyin ki, iki daşın arasında, adımızın yadımızdan çıxan vaxtinda bu, nə yazıdı?...Nə isə ki, yazdım, istəyirsiniz yazının adını siz qoyun!...

Xudaferin.eu

01:28