Azərbaycanın Norveçdəki diaspor fəalı yerli medianı qeyri-obyektivlikdə ittiham edib

Norveçin “Utrop” qəzetində Dağlıq Qarabağ münaqişəsi sonrası Norveç mətbuatının Azərbaycana qarşı qarayaxma kampaniyası haqqında növbəti geniş məzmunlu tənqidi məqalə dərc olub.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, Norveçdə fəaliyyət göstərən “CAN” təşkilatının sədri Şervin Nəcəfpurun müəllifliyi ilə çıxan məqalə “Qarabağ: Azərbaycanın eşidilməyən səsləri” başlığı ilə təqdim olunub.
Məqalədə Norveç mediasında 44 günlük Vətən müharibəsindən sonra kor-koranə Azərbaycan dövlətinə qarşı böhtan və yalan dolu yazılara sərt şəkildə etiraz edilib.
Şervin Nəcəfpur yazıb ki, “Norveçdəki oxucular nadir hallarda qərb mediasını tərəf almaqda və balansı qorumamağa görə tənqid edir. Bütün bunlar bizim onlara inamımızdan irəli gəlir. Lakin Norveç mediasında əsassız və qərəzli məqalə sayının artması oxuculara KİV-lərin tam güvənə layiq olmadığını göstərir”.
Diaspor fəalı xüsusən məqalələrində qərəzsizlik və faktlara əsaslanan xəbər yerinə, manipulyasiya və açıq iftira strategiyasını seçmiş Norveçin “Aftenposten” qəzetini ifşa edib.
Azərbaycan xalqının 30 ilə yaxın üzləşdiyi haqsızlıqlara göz yumaraq, bir milyon qaçqının hüquqlarına laqeydlik göstərən “Aftenposten” qəzetini qəsdən münaqişəni və baş verən hadisələri birtərəfli şəkildə nümayiş etdirməkdə ittiham edən Şervin Nəcəfpur belə hallar ilə mübarizəsindən danışıb. Diaspor fəalının sözlərinə görə, onun müraciət etdiyi bir çox jurnalistlər Norveç oxucularına ümumi vəziyyəti göstərmək yerinə ancaq birtərəfli xəbərləri çatdıraraq Azərbaycan xalqının səsini eşitmək istəmir. “Onlara dəfələrlə müraciətlərim cavabsız qalıb. Nəhayət ki, 1 aylıq səylərimdən sonra “Aftenposten”in xarici xəbərlər baş redaktorundan cavab aldım. Yazılan məqalələrdə daxili araşdırma nəticəsində səhv məlumatların aşkar olunduğu deyən baş redaktor mövcud vəziyyətdə münaqişə sahəsinə Azərbaycan tərəfindən gedişin çətin olduğunu bildirib”.
Ş.Nəcəfpurun fikrincə yol verilən manipulyasiya, yalanlar və iftiralardan sonra konkret addım əvəzinə belə cavabların verilməsi Norveçdəki oxucuları qane edə bilməz.
Özünün Xocalı soyqırımından sağ qalan və Qarabağdan qovulan qaçqınlarla görüşlərindən söz açan diasporumuzun fəalı deyib: “Bu gün mən onlar üçün ədalət səslərini dünyaya yaymağı bacaran bir ümidəm. Bu məni səsimdən Qarabağ münaqişəsi haqqında balanslı məlumat vermək üçün fəal şəkildə istifadə etməyə sövq edir. Fəaliyyətimə görə təqiblə, kobudluq və təhdidlərlə üzləşməkdəyəm, lakin işimi davam etdirirəm”.
Onun fikrincə təqdim olunan məqalələr, insanların Norveç mediasına olan etibarını itirməsinə səbəb olub. Bunu isə nəzərə alaraq Şervin Nəcəfpur “Aftenposten” nəşrinə müraciət edib, onların apardıqları kampaniyaya görə erməni diasporundan maliyyə almadıqlarını sübut etməyə çağırıb. Bundan da əlavə balanslaşmış məlumatların verilməsi üçün təcili şəkildə münaqişədə əsas zərər çəkən tərəf olan azərbaycanlıların da mövqeyi haqqında danışmağa çağırıb.

Rauf Əliyev

Xudaferin.eu

14:01