BİLİRDİNİZMİ – 23

...ki, 1942-ci ildə Bakı üzərində kəşfiyyat uçuşu həyata keçirən alman radistinin xatirələr kitabı çıxıb?

1942-ci ildə bu dəfə artıq Bakı neft mədənləri rayonunun foto şəkillərini alman kəşfiyyat təyyarələri çəkməyə başlayıb. Alman hərbi-hava qüvvələrinin son illərdə açıqladığı rəsmi məlumata görə, 1942-ci ildə Bakı istiqamətində uçan kəşfiyyat təyyarələrindən beşi Xəzər dənizi üzərində (dəqiq yeri məlum olmayıb) vurulub.
Belə təyyarələrdən biri isə Xaçmaz yaxınlığında yerə endirilib və təyyarə heyəti əsir götürülüb. Həmin təyyarə sonradan Dağüstü parkda qoyulub ki, camaat baxsın (məşhur filmdə bu kadrlar var).
Amma Bakının foto şəkillərini çəkib sağ-salamat qayıdan təyyarələr də olub. Onlardan birinin o vaxt cəmi 22 yaşı olan radisti Maks Laqoda uzun ömür sürüb və 2016-cı ildə 96 yaşında vəfat edib.
2011-ci ildə onun Almaniyada xatirələr kitabı nəşr edilib.
Alman dilində buraxılan kitabın adı bizim dildə təxminən belə səslənir: “Keçmişə baxış:  Rusiya və Şərqə uçan kəşfiyyatçının hərbi xatirələri”.
Müəllif xatirələrində 1942-ci il avqustun 18-də Bakı üzərindən uçduğunu və keyfiyyətli foto-şəkillər çəkdiyini də xatırladır. 
Doğrudur, həmin təyyarəni sovet havadan müdafiə qüvvələri görüb, hətta onun ardınca iki qırıcı təyyarə göndərib. Lakin alman kəşfiyyat təyyarəsi Dərbənd istiqamətində uçmaqla yenidən sağ-salamat Mariupol (Ukrayna) bazasına qayıda bilib...

21:31