Biz Yaşadığımız Ölkələrdə Azərbaycan Yaratmağı Bacarmalıyıq...

Tahir Hacıyev: “Belə təşkilatlara dəstək verən, yaxud vermək istəyən iş adamları qurumun başına keçməməlidirlər…”

Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların sayına görə, Rusiya ilk yerdədir. Bu səbədən də, təbii olaraq, ən böyük diaspor qurumlarımız məhz bu ölkədə olmalıdır. Bəs, bu say çoxluğu ölkəmizə dəstəkdə necə əks olunur və soydaşlarımızın Rusiyada təşkilatlanması, gücə çevrilməsi hansı mərhələdədir? Rusiyadakı azərbaycanlıların təşkilatlanması, birlik olması üçün illərdir səy göstərən, bu işə əmək verən Moskva Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin rəhbərlərindən biri, xeyriyyəçi iş adamı Tahir  Hacıyevlə də bu barədə söhbətləşdik.

– Tahir müəllim, ilk olaraq özünüz haqda məlumat vermənizi xahiş edirik.

-Mən 1955-ci ildə Göyçayın İnçə kəndində doğulmuşam. Çoxuşaqlı ailə olmuşuq. Atam həmişə istəyib ki, biz şəhərdə təhsil alaq və şəhərdə məskunlaşaq. O, özü Göyçayda kolxozda sədr işləyib. Harada dağınıq kənd olsa atamı ora göndəriblər ki, oranı ayağa qaldırsın. Biz fəxr edirik ki, elə bir kişinin övladlarıyıq.

Təhsilə Göyçay internat məktəbində başlamışam. İndi də o məktəblə əlaqəm var. Həmişə çalışmışam ki, o məktəb üçün nəsə edim. Sonra – 1972-ci ildə Bakı fizika-riyaziyyat təmayüllü məkətbi bitirmişəm. ATİ-yə hazırlaşırdım, amma qəbul ola bilmədim deyə hərbi xidmətə yollandım. 1976-cı ildə inşası başlanan BAM-ın tikintisinə getmək üçün müraciət etdim. Amma elə oldu ki, Moskvada olipmiya kompleksinin inşasına getdim. 36 nəfərlə getmişdik, onlardan rəhmətə gedənlər də var, həyatda olanlar azdır.

Qonşu kənddən evləndikdən sonra Moskvada məskunlaşdım və burada da institutu bitirdim. İş fəaliyyətinə metrotikintidən başladım, elə oradan da təqaüdə çıxdım. 2 övladım, 7 nəvəm var. Böyük oğlum Samir təqaüddə olan pod-polkovnikdir. Bir qızım bizim kompaniyada mühasibdir, digər qızım isə burada Milli Təhlükəsizlik Xidmətində çalışır, mayor rütbəsinə sahibdir. Böyük nəvəm Lomonosov adına MDU-nun tələbəsidir. 2-ci nəvəm də bu il hazırlaşır. Uşaqlar burada böyüyüblər, rus-azərbaycan dillərini səlis bilirlər. Mən həmişə tərəfdarı olmuşam ki, uşaqlar öz dilimizi yaxşı bilsinlər. Öz ailəm və yaxınlarımda buna nail olmuşam, amma ümumrusiya çərçivəsində yox. Bu, çox çətindir, 2-3 il Rusiyada yaşayandan sonra soydaşlarımız dillərini itirməyə meylli olurlar.

– Sizcə, bunun səbəbi nədir, Azərbaycan dilində məktəbin olmaması, yaxud laqeydlik?

– Bu, həm məsuliyyətsizliyin, həm məktəb olmamağın nəticəsidir. Biz azərbaycanlılar öz dilimizə çox biganə yanaşırıq. Hələ 1976-cı ildə bura gələn iki kəlimə rusca bilməyənlər çalışırdılar ki, övladlarına rus dili öyrətsinlər. Onlara deyirdim ki, tələsməyin, bu uşaq ruslarla ünsiyyətdə olaraq rus dilini öyrənəcək, sən ona öz dilini öyrət. Burada Azərbaycan məktəbi də yoxdur. Rusiya üzrə yalnız Moskvada Kərim Kərimov adına bir məktəb var, o da getdikcə populyarlığını itirir. Hərçənd ki, ictimaiyyət arasında, toy məclislərində, toplandığımız bütün yerlərdə təbliğ edirik ki, insanlar heç olmasa evdə məişət səviyyəsində öz uşaqları ilə Azərbaycan dilində danışsınlar. Ona da nail olmaq olmur. Rusiyaya gələnlərin 1-ci nəsli öz dilində danışır, 2-ci nəsil öz dilini təmiz bilir, nəvələrim də bilir, amma bir az zəif. Çünki 3-cü nəslin ünsiyyət mühiti azərbaycanlılardan çox, rusdillilər olur. Yəni mühit buna məcbur edir. Çünki dövlət dili rus dilidir, bağça, məktəb rus dilindədir. Öz dilini bilənlərimiz bunu məişət səviyyəsində bilir.

– Rusiyada diaspor fəaliyyətiniz necə başladı?

– Mən hər zaman deyirəm ki, ictimaiyyətçi olmurlar, ictimaiyyətçi doğulurlar və ölürlər. İctimaiyyətçi çalışaraq püxtələşmir, bu, onun qanında olmalıdır. Biz Moskvada rəsmi təşkilat yaratmağa 2002-ci ildən başladıq. Əvvəllər 1999-cu ildə qeydiyyatdan keçmiş “AzərRos”, Dünya Azərbaycanlıları Konqressi var idi. Onların hər birinə əlimdən gələn dəstəyi verirdim. Anlamaq istəyirdim ki, bu təşkilatların hansı bizim millət üçün daha yararlıdır. Hərəsinin öz funksiyası var idi. DAK ölü vəziyyətə düşdü. Ona Sabir Rüstəmxanlı rəhbərlik edirdi. 2001-ci ildə rəhmətlik Heydər Əliyev və Putinin dəstəyi ilə qeydiyyatdan keçmiş Ümumrusiya Azərbaycanlıları Konqresi (VAK) də 2016-cı ildə bağlandı. Bağlanmalı idi də. DAK bu gün qeydiyyatdadır, amma fəaliyyəti çox genişlənmədi. 2016-cı ildə də ÜAK (VAK) konqress bağlandı. Bizim aid olduğumuz təşkilat Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyətı təşkilatıdır. Bu, üç səviyyədədir. 1-ci federal milli nazirlikdir. 2-ci səviyyə regional təşkilatdır. 3-cü səviyyə hər munisipial dairədə yerli təşkilatdır. Köhnə raykom-partiya sisteminin strukturuna bənzəyir. Rayonda bir təşkilat varsa, ikincisi ola bilməz. Amma qeyri-rəsmi təşkilatlar, dərnəklər çoxdur. Bizim fəaliyyətdə olduğumuz təşkilat Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyatı təşkilatıdır. Adından göründüyü kimi, torpaq-sahə muxtariyyatı verilib. Yəni dinini, dilini, adət-ənənəni bu dövlətin içində qoruyub–saxlamaq hüququn var.

Bildiyiniz kimi, Rusiya çoxmillətli dövlətdir. O vaxt Avropa Şurası Boris Yeltsinə qəbul etdirdi ki, siz istənilən azsaylı xalqlara belə bir milli-mədəni hüquq verməlisiniz ki, o xalqlar öz milli adət-ənənəsini qoruyub saxlaya bilsin. Bundan da bəzi xalqlar gözəl istifadə edə bilir. Bizim xalq isə çox təəssüf ki, istifadə edə bilmir.

– Bizdə niyə alınmır ki?..

– Mən Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti təşkilatına üstünlük verirəm. Bu təşkilat dövlət içində dövlət deməkdir. Bunun prezidenti Putinin yanında nümayəndədir. Hər 3 aydan bir Putinin yanında buna dair iclas keçirilir və istənilən məsələ üzrə dövlət dəstəyi tələb edilə bilər. Hansısa xalqın milli-mədəni mənsubiyyətini qoruyub-saxlamaq barədə nə problem varsa, bunu iclasda prezident Putinə bildirə və çözə bilər. Qeyri-millətlər də bundan gözəl istifadə edirlər. Təəssüf ki, gedən hadisələrin nəticəsi parçalanma oldu. O zaman “AzərRos”un Şurasının 45 üzvü var idi, 27-dən çox hüquqi şəxs qismində regional təşkilatlar da bu qurumun üzvü idi. Son dəfə Mehriban Sadıqovanın başçısı olduğu “AzərRos”un son qurultayında Şura üzvləri 13 nəfər, hüquqi şəxs qismində təşkilatların sayı isə 7 oldu. Biz azərbaycanlılar ictimai təşkilata daha çox qazanc mənbəyi, bir hissəmiz də reklam vasitəsi kimi baxırıq. Söhbət təşkilat rəhbərlərindən gedir, millətdən yox. Amma elə təşkilatlar da var ki, aşağıdan yaranaraq yuxarı səviyyəyə çıxıblar. Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti vilayət təşkilatı belə qurumdur. Burada da Qalib Ağayevin (keçmiş sədr, 2018-ci ildən təşkilata Elşən İbrahimov rəhbərlik edir  – müəl.) rolu müstəsnadır. Moskva vilayətində 64 şəhər var. 64 yerli milli-mədəni muxtariyyatlar yaratmaq mümkündür. Biz hal-hazırda onun 27-də fəaliyyət göstəririk. Onun 4-ü rəsmi milli-mədəni muxtariyyətdir. 13-ü isə nümayəndəlikdir. Təşkilat rəsmi milli-mədəni muxtariyyət kimi çalışanda, maliyyə hesabatlarını təqdim etmək lazımdır. Ancaq çox vaxt bu təşkilatların formal inzibati hesabat məsələlərində səhlənkarlıq edildiyinə görə, onların xeyli hissəsi qapadılır. Biz öncə nümayəndəlik yaradırıq ki, onun normal işlədiyini ortaya qoya bilirsə, özünü doğruldursa, rəsmi qeydiyyatdan keçiririk və o rəsmi milli-mədəni muxtariyyət olur.

Moskvada 14 rəsmi təşkilatı biz yaratmışıq. O zaman bu işləri Qalib Ağayevlə görmüşük. Hətta Moskvada 146 munisipal dairə var. Orada 146 təşkilat ola bilər.

İş prinsipinə gəlincə, belə təşkilatlara dəstək verən, yaxud vermək istəyən iş adamları özləri qurumun başına keçməməlidirlər. Onlar təşkilatçılıq işlərini bacaran talantlı insanlara dəstək olmalıdır. Mənim məqsədim reklam olunmaq deyil. Etdiklərimi reklama gərək duymadan edirəmsə niyə reklam olunmağı istəməliyəm. İnsan əməllərinə görə məqam gələndə onsuz da tanınır. İş görmədən, vətən üçün əmək vermədən reklam olunmaq istəyənlər bizim təşkilatda yoxdur. Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti çox müsbət işlərə imza atacaq. Pandemiya dönəmində üz-üzə görüşlər keçirmək mümkün olmasa da, zoom görüşlər keçirdik. Təşkilatın Youtube kanalı da bu yaxınlarda açıldı. Biz  illərdir fəaliyyətdə olmuşuq, amma bunu göstərməyə cəhd etməmişik. Əsasən də fəaliyyətimizi sosial şəbəkələrdə işıqlandırmağa 2-ci dərəcəli kimi baxmışıq.

– Bu günə qədər hansı layihələri həyata keçirmisiniz?

– Biz 2011-ci ildə regional təşkilat yaradandan sonra “Azerbaydjan qlazami Rossiyskix şkolnikov i studentov”-“Rossiyya qlazami azerbaydjanskix şkolnikov i studentov” adlı layihə həyata keçirdik. Sonra “Turçiya qlazami Rossiyskix şkolnikov i studentov” adlı layihə keçirdik. Bu layihələri Türkiyədə, Antalyada keçirmişik. Azərbaycanda bu layihəni Göyçayda və Mingəçevirdə keçirdik. Rusiyada Kalmıkiyadan tutmuş Perm, Rostov, İjevsk və müxtəlif regionlarda həyata keçirmişik. Layihə çərçivəsində məktəblərə, universitetlərə gedib müəllimlərlə danışırıq və başa salırıq ki, onlar da bu işdən qazanclı çıxacaqlar. Əslində isə, bu, onların borcudur. Nəinki məktəblərdə, istənilən sinifdə heç olmasa 2-3 azərbaycanlı uşaq var. Mən Moskvada bunu gəzib görmüşəm. Əvvəlcə Azərbaycanın şimalından tutmuş cənubuna, tarixindən tutmuş müasir həyatına qədər, iqtisadiyyatından siyasi həyatına qədər suallar tərtib edirik və uşaqlara deyirik ki, müsabiqəyə hazırlaşsınlar, 1 həftə, yaxud 1 aydan sonra müsabiqə olacaq. Həmçinin, həmin məktəblərdən fəal müəllimələri tapırıq ki, uşaqları hazırlaşdırsınlar. Həmin məktəbin akt zalında Azərbaycan atributları, həm də məhsullarını təşkil edirik. Çünki müsabiqənin sonunda furşet veririk. Akt zalında ən azı 100-dən yuxarı uşaq və tələbə olur. Onların qarşısında bu uşaqlar verilən suallara cavab verirlər. Hər uşaq çıxış edəndə jüri ona xal verir. Müsabiqədə bir nəfər seçilir, ona deyilir ki, yay tətilində sən Azərbaycana gedəcəksən. Suallara cavab verən uşaqların qalanına isə hədiyyələr verilir. Beləliklə, seçilən uşaqları Azərbaycana aparırdıq. Onlar axtarıb-araşdırdıqlarına görə Azərbaycan haqda məlumatları məndən də yaxşı bilirdilər. Müsabiqədəki uşaqlar isə Azərbaycan məhsulları ilə ölkəmizi daha yaxşı yadda saxlayırdılar.

– Bəs Rusiyalı gənclərimizin Azərbaycanla mənəvi bağı itirməməsi üçün nələr etməliyik?

-Azərbaycan reallığını həqiqətləşdirmək lazımdır.

-Necə?

-İndi miqrasiya dövrüdür. 90-cı illərdən – SSRİ dağıldıqdan sonra burada yaşayan insanlar səpələndi. Azərbaycanlılar da miqrasiyaya başladılar. Bizim millətin də gedəcəyi ən yaxın ölkə öncə Rusiya, sonra isə Avropa oldu. Bizim nəslin uşaqlığı Azərbaycanda keçidyi üçün torpaq bizi çəkir, amma bu günki uşaqların vətəni doğulduğu, böyüdüyü yerdir. Onların damarından axan qan azərbaycanlı qanıdır. Amma mühit onları Azərbaycansızlaşdırır. Sual və tapşırıq da budur ki, necə edək, bu insanlar Azərbaycanı unutmasınlar. Gəlin qeyri-millətlərə baxaq. Məsələn,  yəhudilərə və xoşumuz gəlməyən ermənilərə Min illərdir bu millətlər dünyanın hər yerinə səpələniblər. Necə olur ki, onlar dillərini unutmurlar… Çünki onlar kilsə tərəfindən təşkilatlanıblar, oradan idarə olunurlar. Maliyyəni də kilsədən yığırlar. Kilsə millətin qaymağını təşkilatlandırır, o qaymaq da kütləni idarə edir. Amma bizdə bu yoxdur. Bizdə məscidə gedəndə deyirlər, sən sünnisən, mən şiə, ya da əskinə.

Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların sayına görə, Rusiya ilk yerdədir. Bu səbədən də, təbii olaraq, ən böyük diaspor qurumlarımız məhz bu ölkədə olmalıdır. Bəs, bu say çoxluğu ölkəmizə dəstəkdə necə əks olunur və soydaşlarımızın Rusiyada təşkilatlanması, gücə çevrilməsi hansı mərhələdədir? Rusiyadakı azərbaycanlıların təşkilatlanması, birlik olması üçün illərdir səy göstərən, bu işə əmək verən Moskva Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin rəhbərlərindən olan, xeyriyyəçi iş adamı Tahir  Hacıyevlə də bu barədə söhbətləşdik.

– Bəs, bizdə bu kilsə rolunu hansı qurum yerinə yetirməlidir?

– Ümidimiz yalnız təşkilatlanmağadır. Yəni bizə sağlam mərkəz lazımdır. Hər şəhərdə “Azərbaycan evi”, “Azərbaycan ocağı” lazımdır. Biz öz yaşadığımız yerlərdə bunu təşkil edirik. Amma biz bütün Rusiya demək deyilik. Sağlam mərkəzimiz olmalıdır. Allaha şükürlər olsun ki, sağlam mərkəzin də fundamentini qoymuşuq. Son keçirdyimiz tədbir bunu göstərdi. İnsanlar yalnız bir dəvətlə gəldilər. Hələ bunun qeyri-rəsmi tərəfini kənara qoyuram. Dilimizi qorumağın və vətənlə bağı itirməməyin əsas yolu isə, dediyim kimi, sağlam mərkəzdir. Bunu artıq müəyyən qədər bacarmışıq.

2015-16-cı illərdə Qalib Ağayevlə Avropaya, həm də Rusiyanın regionlarına səyahətimiz bizim təşkilatın püxtələşməsində böyük rol oynadı. Deyirlər, çox oxuyan çox bilməz, çox gəzən çox bilər. İnsan öz yerində oturanda yalnız ətrafını tanııya billər, amma Avropaya, Rusiyanın regionlarına, Türkiyəyə səyahətlərimiz fikir çərçivəmizin genişlənməsinə, onun milli yöndə formalaşmasında böyük rol oynadı. Biz yaşaya-yaşaya, görə-görə öyrənmişik ki, insanımızın problemi nədir və onun həlli nədir.

-Təşkilatların maliyyəsini necə təmin edirsiniz?

– Biz maliyyə məsələlərini öz gücümüzlə həll etməyə çalışırıq. Rusiya hökumətinin bizə verdiyi yerlərdən istifadə edirik. Amma həmişə yox. Tədbir keçiriləndə onun bütün ssenarisi əvvəlcədən təqdim olunmalıdır ki, radikal çalarlar olmasın. Ümumrusiya Azərbaycanlıları Konqresinə (ÜAK) 2001-ci ildən 2016-cı ilə qədər dövlət dəstəyi olub. Həmçinin, bu təşkilata oliqarxların da dəstəyi olub. Ümumrusiya Azərbaycanlıları Konqresi isə son 15 ildə təşkilatlara olan bütün etimadı sarsıdıb. Güclü olmaq üçün “mən”dən keçib, “biz” olmalıyıq. Neqativ faktlar da qaçılmazdır, amma 44 günlük müharibədə Azərbaycan dünyanın hər yerində, o cümlədən də Moskvada bir yumruq kimi birləşdi. Hamının etdiyni biz də etdik.

– Hazırda sizin də üzvü olduğunuz təşkilat öz ətrafında neçə nəfər soydaşımızı birləşdirir?

-Ümumiyyətlə, diasporda belə bir fikir formalaşıb ki, azərbaycanlıların problemi olanda təşkilat yadlarına düşür, amma bu, yanlışdır. Yəni dövlət bu ictimai təşkilatlara pul verir, onlar da maaş alırlar, onların borcudur ki, vətəndaşlara qulluq etsin. Nəinki sıravi azərbaycanlıların, hətta ziyalıların, iş adamlarının da beynində belə fikrilər formalaşıb. Bu, çox acınacaqlıdır.

Dediyim kimi, tədbirləri öz büdcəmizlə təşkil edirik. Biz veteranlardan, uşaq evlərindən tutmuş, nəzdində qüsurlu uşaqların olduğu internat evlərilə işləyirik. Bu uşaqların içində Azərbaycan ab-havası yaranır, Azərbaycan haqda danışırlar, şerlər deyirlər, ölkəmizin məhsullarından onlara sovqat verilir, çox məmnun olurlar. Yaşlılar evi ilə əlaqə saxlayarıq. Dövlət Dumasının deputatlarından tutmuş, munisipal orqanların deputatlarına qədər, təşkilatımızın tədbirlərində iştirak edirlər. Rusiyanın politoloqlarını, jurnalistlərini dairəvi masalara dəvət edirik. Regional deputatların tədbirlərimizdə iştirakına tez-tez rast gəlinir.

-Bəs tədbirlərə dəvət etdiyiniz, münasibət qurduğunuz deputatlardan təşkilatdakı işlərdə yararlanmaq mümkün olurmu?

-Onlarla münasibətlər şəxsi müstəvidədir. Əlbəttə, şəxsi münasibətlərdən ictimai işlərdə yararlanmaq olur. Mən yüksək ranqlı məmurlarla münasibətlərdən istifadə edib, onları tədbirlərə dəvət edirəm. Xocalı faciəsi, 20 Yanvar barədə həqiqətləri rus ziyalılarına, sıravi ruslara çatdırmaq üçün tədbirləri təşkil etmişik. Düşünürəm ki, məqsədimizə də çatmışıq.

-Tahir müəllim, bəs maddi məsələlərdə digər soydaşlarımızdan da dəstək gəlirmi?

-Var. İş adamlarını buna cəlb etmək asan olardı, amma imicini itirmiş təşkilatlar üzündən bəzi çətinliklər olur. Amma ərkim çatan iş adamlarına müraciət edirəm, yardımçı olurlar. Məsələn, bu qism yardımların getdiyi bir ünvan “Mübariz” idman klubudur. O klubun xərcləri qarşılanır. “Alagöz” rəqs ansamblı var, o ansamblıq aylıq xərclərinin də qarşılanması bu üsulla təşkil edilir. Yəni Moskva Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyatı bu cür dəstəkləri göstərir. Onlar da bizim tədbirlərimizdə iştirak edir. “Alagöz” ansamblı və “Mübariz” idman klubunun tədbirlərdə çıxışları oldu. Boynumuza alaq ki, bu gün Rusiya Moskva deməkdir, Moskvada mövqe tuta bildinsə, Rusiyanın hər tərəfində söz deyə bilirsən. Digər soydaşlarımızın da dəstəyini almaq üçün sağlam mərkəz zəruridir ki, bu gün də Moskva Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyatını ona çevirə bilmişik. İndi-indi iş adamları üzünü bizə tuturlar. Mən əvvəl Ümumrusiya Azərbaycanlıları Konqresini təbliğ edirdim, fəaliyyətimi də onun ətrafında qurmağa cəhd edirdim. Amma sonra ÜAK, “AzərRos” çox nüfuzunu itirdi, buna görə Moskva Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyatının fəaliyyətini gücləndirməli olduq. Mən buna əmin oldum ki, Rusiyada səlahiyyəti olan şəxslərin şovinist istəyi ilə təşkilat belə vəziyyətə salındı.

-Bəs, Rusiyada yaşayan soydaşlarımıza qarşı şovinizm nədən qaynaqlanır? Ermənilər dünyanın hər yerində aktivdirlər, sözsüz ki, Rusiyada da. Onlara qarşı niyə şovinizm sərgilənmir, amma azərbaycanlılara qarşı sərgilənir?

-Ermənilərin dövlətçiliyi olmadığı üçün onlar təşkilatlanmağa məcbur olublar, yəni təşkilatlanmış millətdirlər. Məhv olmamaq üçün bir-birinə dəstək olublar və bu, qanla ötürülüb, nəsildən nəslə keçib. Amma türklər imperiyalar qurduqları üçün səxavətli olublar, dünyanı əhatə ediblər. Bu səxavət torpağa qarşı da olub. Ona görə, əlindəki sərvəti də, torpağı da paylaşıblar. 200 il əvvəl parçalandığımız tarixdən sonra 2-ci Qarabağ müharibəsindəki qələbəmiz bu dağılım tarixinin ilk qələbəsi idi. Biz bir qarış torpaq qaytara bildik, amma ona kimi itirə-itirə getmişik. Erməni də həmişə rusun əlində maşa olub. Bu imperiyaya həmişə maşa lazım olub, erməni də bu rolu oynayıb. Türkün qarşısında dayanmaqdan ötrü erməni kartından istifadə edilib. Türk dünyasını bölüb-parçalamaqdan ötrü Zəngəzur, Mehri də ermənilərə rus əliylə verilib. Amma baxaq görək, Rusiya imperiyasının başında əslən rus millətindən adam olubmu?

– Mənim bildiyimə görə Romanovlar da alman əsillidir.

– Rusiyanın başı bu gün öz əlində deyil. Rusiya çox zəngin yerdir, indi də bu sərvət Qərbə axıdılır. Mən həmişə deyirəm ki, Rusiya bizim dədə-baba torpağımızdır. Burdan bərk yapışmaq lazımdır. Biz burada möhkəm olmalıyıq, təşkilatlanmalıyıq və gələcəyə sağlam, savadlı nəsil ötürməliyik. Biz bilməliyik öz torpağımıza qayıtmışıq, bu torpağın heç olmasa sahiblərindən biri olmalıyıq. Burada nə vaxtsa dəyişiklik olacaq. Qərb ölkələrinə də buranın sərvəti lazımdır. Hansı ki, əslində buranın əsl tarixi sahibləri biz olmalıyıq. Bura türk torpağıdır. Buranın yerli xalqının da az hissəsi rusdur, gəlmələr daha çox üstünlük təşkil edir.

Ona görə, mən hər zaman demişəm ki, burada təşkilatlanmaq, möhkəmlənmək, güclənmək lazımdır. Ermənilər hara düşürlərsə, deyirlər, bura mənimdir, sənəd düzəldirlər, məskunlaşırlar.

– Tahir müəllim, qeyd etdiniz ki, dünyanın hər yerində olduğuu kimi, Moskvada da azərbaycanlılar bir yumruq kimi birləşdi… Bir qədər də bu haqda məlumat vermənizi xahiş edirik…

– Qarabağ müharibəsində pul yığıb göndərməyi hamı edib. Biz də etmişik, qədərini deməyə ehtiyac yoxdur… Yeri gəlmişkən, bizim Göyçayda İnçə oğulları qrupunu yaratmağımız ictimai hadisə olacaq. Onu qeydiyyatdan keçirəndən sonra strukturları ilə tam tərkibdə ortaya qoyulacaq. Mənim digər regionlardan olan tanışlarım arasında da belə layihəni həyata keçirmək istəyənlər artır. Mən de deyirəm ki, hərə büdcəsindən 20-30 dollar belə fonda yönəltsə, çox işlər görmək olar. Doğma torpağımızın halallığını almaq üçün kəndlərimizi gözəlləşdirməliyik, abadlaşdırmalıyıq. Bu məsələ işıqlandırılsa, təbliğ olunsa iştirakçıları artacaq. Hamı istəyəcək ki, bunda payı olsun.

Bundan başqa, Rusiya dövlətçiliyində rolu olan azərbaycanlıların təbliğatı layihəsi çərçivəsində onların ad günlərini keçiririk. Məsələn, son 100 ildə rus dövlətçiliyində rol oynamış əslən azərbaycanlı olan şəxsləri işıqlandırmaq layihəsini təşkil etmişik və həmin tədbirlərə Dövlət Dumasından şəxslər gəlir. Biz bununla ruslara göstəririk ki, Rusiya dövləti tək rusların zəhməti ilə əmələ gəlməyib, bu dövlətin dövlətçiliyində azərbaycanlıların, bizim dədə-babalarımızın da rolu olub. Müharibəni bir kənara qoyaq, elm sahəsində Azad Mirzəcanzadə, Xudu Məmmədov, Yusif Məmmədəliyev və digər şəxsiyyətlərimizin rolunu danmaq olar? Mirzə Kazımbəyə Sankt-Peterburqda heykəl qoyulmalı idi, amma hələ ləngiyir. Habelə, 1941-45-ci il müharibəsində Azərbaycan neftinin rolu barədə “Zoomla” elmi konfranslar keçirildi. Burada Sinerqe deyilən yerdə vurulmuş alman tankları, toplar, hərbi təyyarələrin sərgiləndiyi açıq hava muzeyi var. Orada neft vışkası və kitab şəklində abidə qoyulmasını təşkil etdik. Abidənin mahiyyəti 1941-45-ci il müharibəsində Azərbaycan neftinin rolu haqdadır. O zaman istifadə edilmiş neftin 85%-dən çoxu Azərbaycan nefti olub, hətta mən o mərasimdəki çıxışımda da dedim ki, axtarsanız, bəlkə də bu tankların içində Azərbaycan “salyarka”sının izi qalıb. Bu proyektdən sonra Moskvada, Kutuzov parkındakı “Qələbə parkı”nda müraciət etdik və Moskva meriyası razılıq verdi ki, burada mərmərdən vışka qoyun. Biz də Vahid Ələkbərovun fondundan tutmuş SOCAR-a qədər ünvanlara müraciət etdik. Bura Moskvanın mərkəzidir. Bu abidədə müharibədə Azərbaycanın rolu haqda nə qədər istəyirsən eksponat qoymaq olar. Amma layihənin reallaşdırılması üçün 1 milyon pul lazımdır. Məsələ gündəmdədir, sadəcə, hələ ki, həyata keçirə bilmirik.

– Bəlkə kampaniya təşkil etmək olar..

– Sizə deyim ki, Moskva Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin Rusiyadakı bütün azərbaycanlıları həmrəyliyə gətirməsi barədə eşidəcəksiniz. Bu funksiya əslində Ümumrusiya Azərbaycanlıları Konqresinə aiddir, amma onlar bunu edə bilmədilər, biz edəcəyik.

– Sizcə, İkinci Qarabağ Savaşından sonra rusların bizə münasibəti dəyişib?

-Dəyişməyi vacib deyil, əsas odur ki, üzümüz ağ oldu. Şükürlər olsun ki, Türkiyə-Azərbaycan tandemi bu qələbəni qazandı. Qarabağı da tam özününkiləşdirmək üçün özümüzə dönməliyik. Bunların çözülməsindən ötrü tarixi zəminlər yaranacaq, necə ki, 2020-ci il sentyabrın 27-sində o tarixi zəmin yarandı, müharibə başlandı. Bu 1 il, ya 2 il əvvəl başlansaydı, bəlkə də qələbə qazana bilməzdik. Buna tarixi zəmin yarandı. Biz burada sözümüzü deyə bilirik, baxmayaraq ki, erməni təbliğatı tam sürətlə gedir. Erməni də onların əlində siyasi maşadır, necə ki, Solovyov da üzünü onlardan döndərib, yeni yer axtarır. Amma bilməliyik ki, ermənilər təşkilatlanmağa 100 illər öncə başlayıb. Biz imperiyalar sahibi olduğumuz üçün lobbiçiliyə ehtiyacımız olmayıb. Sıravi rusların diqqəti sosial problemlərinədir. Hara baxırsan digər millətlər çoxdur. Biz təşkilatlana, aktivləşə bilməsək, özümüzü dərk edib özününkiləşə bilməsək rus millətinin azalmasının yoxa çıxmasının bizə ziyanı var.

– Tahir müəllim, sonda hər hansı əlavələriniz, soydaşlarımıza sözünüz varsa, buyurun…

– Mən həmişə ətrafımdakı soydaşlarımıza da deyirəm ki, olduğunuz yerdə kök salın, güclənin, təşkilatlanın, kiçik də olsa öz təşkilatınızı yaradın. Rusiyanın hər yaşayış məntəqəsində azərbaycanlı var. 3-5 nəfər toplu halında çalışın bir-birinizə dəstək olun, mane olmayın. İki nəfər bir-birinə əsl dəstək olsa qalanları onun ətrafına yığışır. Eqoistliymiz bizə imkan vermir, amma öz “mənimiz”dən keçib, əl-ələ verməliyik. Bura yaşamağa gəlmişiksə, təşkilatlanmağa məcburuq. Gücə çevrilmək mütləqdir, zəruridir. Daim bunu təbliğ edirəm ki, yerlərdə güc olun. Moskvanın “Qərb dairəsi”ndə 100-lərlə yerlim var, başa salmışam ki, burada məskunlaşın, uşaqlarınızı savadlı böyüdün, öz hüquqlarınızı qoruyun. Siyasi güc olmaq üçün öncə iqtisadi gücə çevrilmək lazımdır.

“Hürriyyət”

 

 

 

 
Mənbə hurriyyet.az

Xudaferin.eu
 

 

13:16