Deputat: Şuşa mədəniyyət beşiyi olmaqla bərabər, həm də şərəf və qürur yerimizdir

Biz 28 il Şuşasız yaşadıq. Qarabağ torpaqlarının işğalı nə qədər ağrılı idisə, Şuşanın itkisi ondan da ağır idi. Çünki Şuşa Azərbaycanın qədim mədəniyyət beşiyidir, tariximizdir. Prezident İlham Əliyevin Sərəncamı ilə Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi hər birimizin qəlbini qürur hissi ilə doldurur. Şuşa artıq öz doğmalarına qovuşub və rahat nəfəs alır.
Bunu Xudaferin.eu AZƏRTAC-a istinadən açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
Deputat vurğulayıb ki, Şuşa mədəniyyət beşiyi olmaqla bərabər, həm də şərəf və qürur yerimizdir. Şuşa dövlətçiliyimizin əsası qoyulan tarixi məkandır. Bu şəhərin salınması Qarabağ xanı Pənahəli xanın adı ilə bağlıdır. “Şuşa kimi alınmaz bir qalanın itkisi bizi nə qədər ağrıtsa da, qəlbimizin dərinliklərində Şuşanın nə vaxtsa xilas olacağına inanırdıq. Bu inamı bizdə Prezident İlham Əliyev, onun apardığı müdrik və uzaqgörən siyasəti yaratmışdı. Dövlətimizin başçısı istər ölkə daxili, istərsə də xarici auditoriya üçün çıxışlarında bir qarış torpağımızı belə ermənilərə güzəştə getməyəcəyini dəfələrlə bəyan etmişdi. Prezident Azərbaycan xalqını əmin etmişdi ki, gün gələcək torpaqlarımız işğaldan azad ediləcək və üçrəngli bayrağımız Şuşada, Ağdamda, Kəlbəcərdə və digər ərazilərimizdə dalğalanacaq. Belə də oldu”, - deyə deputat qeyd edib.
Məlahət İbrahimqızı vurğulayıb ki, dövlətimizin başçısı hər zaman münaqişənin sülh və danışıqlar yolu ilə həll olunmasına çalışıb. Prezident İlham Əliyev müharibə etmədən, qan tökmədən bu məsələnin həllinə cəhd göstərirdi. Lakin təəssüf ki, qarşı tərəf bunu anlamadı və ya anlamaq istəmədi. Azərbaycan tərəfi dinmədikcə, işğalçı ölkə olan Ermənistan, onun siyasi rəhbərliyi, erməni lobbisi qol-qanad açdı. Azərbaycan xalqına qarşı saysız-hesabsız terror aktları törədən ermənilər torpaqlarımızda tikinti işləri aparmağa başladılar. Bizim dədə-baba torpaqlarımızda möhkəmlənmək məqsədi ilə istehkamlar quruldu, səngərlər qazıldı. Amma başa düşmədilər ki, Azərbaycan heç vaxt öz torpaqlarını güzəştə gedən deyil. Uzun illər işğal edilən torpaqlar yararsız qaldı. Bəlkə də onlar başa düşürdülər ki, burada əbədilik deyillər və bir gün çıxıb gedəcəklər.
Deputat qeyd edib ki, səbri tükənən Azərbaycan 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti təxribatına cavab olaraq torpaqlarını azad etmək uğrunda hərbi əməliyyatlara başladı. 44 günlük Vətən müharibəsində düşmənin başı əzildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Zəfər qazanaraq ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan dövlət sərhədlərinin toxunulmazlığını təmin etmək üçün lazımi addımları ataraq BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini özü yerinə yetirdi.
“Şuşa bu gün azaddır, Şuşa bu gün bizimdir. Tariximizi unutmamalıyıq. Tarix dərs çıxarmaq üçündür. Tarixdən ibrət götürməyən xalqlar məhvə məhkumdur. 1918-ci il mayın 29-da yenicə elan olunmuş Azərbaycan Xalq Cümhuriyyəti öz xalqının iradəsini nəzərə almadan, böyük dövlətlərin təzyiqi ilə qədim Azərbaycan şəhəri İrəvanı ermənilərə güzəştə getdi. Başqa sözlə, Vətən torpağından düşmənə pay verildi. Səhvlərdən dərs çıxarmaq lazımdır. Şükürlər olsun ki, biz artıq işğal tarixlərini deyil, işğaldan azad olunan tarixləri qeyd edirik”, - deyə Məlahət İbrahimqızı bildirib.
Deputat qeyd edib ki, ərazi iddiası ilə müharibəyə can atan, amma “dəmir yumruq”la başı əzilən Ermənistanda vəziyyət çox gərgindir, işsizlik baş alıb gedir. Bu ölkənin vətəndaşları iş tapmaq üçün başqa ölkələrə üz tuturlar. Ölkə məğlubiyyət acısını yaşayır və bəzi üzdəniraq dairələr hətta revanş barədə düşünürlər. Dövlət başçısının qeyd etdiyi kimi, buna cəhd edən düşmən öz cavabını alacaqdır. Bu ölkənin dalandan çıxış yolu ancaq və ancaq regionda sülh və sabitliyin təmin olunmasına riayət etmək, birgə layihələrdə iştirak etməkdir.

Xudaferin.eu

13:52