Elman Mustafazadə: Azərbaycanın coğrafi şəraitinə görə, bizə güclü diaspor və lobbi fəaliyyəti lazımdır

GünAzTv Mətbuat Mərkəzinin növbəti müsahibi Avropada fəaliyyət göstərən "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri, tanınmış diasporçu Elman Mustafazadədir.

- Bu gün nə etməliyik ki, xaricdə fəaliyyət göstərən Azərbaycan diasporu güclü olsun?

- Bu sual maraqlı olduğu qədər də, və dünyanın hər bir yerində yaşayan soydaşlarımızı ciddi şəkildə düşündürür. Bu gün elə ölkələr var ki, onlara diaspor fəaliyyəti lazım deyil. Məsələn, Qazaxıstan, Özbəkistan, Türkmənistan və s. kimi ölkələrə diaspor fəaliyyəti o qədər də önəm kəsb etmir. Ancaq, Azərbaycan elə bir çoğrafi məkanda yerləşir ki, biz istəsəkdə, istəməsəkdə  bizə mütləq güclü diaspor, lobbi fəaliyyəti lazımdır.

            Amma, biz bu məsələdə səmimi olmalıyıq. Hər bir Azərbaycan vətəndaşı, bununla bərabər dünyanın müxtəlif     yerlərində yaşayan soydaşlarımız özlərini ictimai diplomat kimi aparmalıdırlar. Hər bir atdıqları addımları ciddi götür qoy etməli, vətənin, millətin adına ləkə gətirəcək heç bir düşünülməmiş hərəkətə yol verməməli, vətən, millət anlayışı onların qarşısında duran ən ali məqsəd olmalıdır. Eyni zamanda diaspor quruculuğu strateji səviyyədə inkişaf etməlidir.

             - Konkret olaraq bu məsələ ilə, bağlı hansı  təklifləriniz var?

- İlk öncə onu deyim ki, molla harayla, qışqırmaqla,  hay-  küy salmaqla heçə nəyə nail ola bilməyəcəyik. Fəal, savadlı, tarixi, eləcə də avropa dillərini bilən gənclərimizin potensialından yararlanmalıyıq. Yalnız bu yolla məqsədlərimizə nail ola bilərik. Çox uzağa getməyək. Mən, hər sahədə bizə açıq və gizli düsmənçilik fəaliyyəti göstərən erməni diasporunun hansı yollarla məqsədlərinə çatdıqlarını göstərmək istərdim. Erməni diaspor yoxsulluğ içində batan Ermənistanı ayaq üstə saxlayır. Separtçı Dağlıq Qarabağ rejiminə külli miqdarda yardım edirlər. Bunlarda hərə öz üzərinə götürdüyü və bacardığı işdən yapışırlar. Bizdə isə heç bir iş görməyib, liderlik azarından xilas ola bilmirik...

Dostumuz olan yəhudi lobbisinin fəaliyyətini  göstərmək olar və onlardan çox şey öyrənə bilərik. Eyni zamanda yunan lobbisini nümunə göstərmək olar. Bu misalların sayını artırmaq olar.

Biz avropada təhsil alan gənclərimizin potensialından   yararlanmalıyıq. Bu gün onlar dərsdən sonra  oz maddi təlabatlarınə təmin etmək üçün başqa işlərdə çalışırlar. Ancaq biz onlara ayda müəyyən qədər maaş verməklə diaspor mərkəzlərimizdə işlə təmin edə bilərik. Sizi inandırıram bu gün onlar elə iş ortaya qoyarlar ki, bizim diplomatlarımız onlar kimi çalışa bilməzlər. Savadlı, intellektual gəncliyin potensialından yararlana bilməsək istədiyimiz diapor strategiyasını həyata keçirə bilməyəcəyik.

İndidən diaspor fəaliyyəti ilə bağlı konkret olaraq 5 ilin, 10 ilin fəaliyyət strategiyası ortaya qoyulmaldır. 20 Yanvar, Xocalı faciəsinin il dönümünü gözləməməliyik. Hər gün, hər saat iş getməlidir. Tarixi günlərimizdən tutmuş milli mətbəxəmizin təbliğinə qədər sistemli iş aparılmalıdır. Ermənilər yalançı tarixilər ilə bağlı bir neçə dildə kitab çap etdirirlər. Biz də Azərbaycan haqqında geniş məlumatları özündə daşıyan kitab çap etdirib, avropa insanına göstərməliyik ki, Azərbaycan türkləri islam dünyasının ən qabaqcıl, müasir düşüncəli, demokratik insanlarıdır.

           - Avropada Azərbaycana maraq varmı?

            - Əlbəttə var. Onlar ölkəmiz haqqında kifayyət qədər məlumatlara malikdirlər. Sizə adi bir fakt deyim. Şəxsi ünsiyyət zamanı onlarda ölkəmizə qarşı ciddi maraq oyanır. Azərbaycana gəlib buraları ziyarət etmək istəyirlər. Təkcə, Qurban Səidin “Əli və Nino” romanı Hollandiyada bir neçə dəfə çap olunub. Onu da bildirim ki, bu əsəri qərbi avropalılar çox maraqla qarşılayırlar və sevə-sevə oxuyurlar. Bu, kitab bu gündə Azərbaycanın tanınmasında mühüm rol oynayır.

      -Azərbaycan prezidenti Dünya Azərbaycanlıların qurultayında, müxtəlif toplantılarda diaspor qurumlarımıza hücum strategiyasına keçməyi bildirir. Sizcə, diaspor qurumlarımız hücum strategiyasına keçiblərmi?

            - Təəssüf ki, bu suala mənfi cavab verəcəm. Hələlik biz bunu görmürük. Azərbaycan diasporu pərakəndə şəkildə fəaliyyət göstərir. Gərək, diplomatik korpuslarımızla bərabər diaspor qurumlarımızı da birgə fəaliyyət göstərməlidirlər. Bunlar paralel olmalıdır. Bir nəfərin təlimatı ilə diaspor fəaliyyəti qurmaq olmaz. Gözləmək lazım deyil ki, kimsə deyəndən sonra işə keçək. Hər bir Azərbaycan insanı vətən qarşısında məsuliyyət daşıdığını hiss etməlidir.

 - Onda belə çıxır ki, diplomatik korpuslarımız diaspor təşkilatlarımızın təşkilatlanmasında fəallıq    göstərmirlər?

-Tam elə də demək olmaz. Bu gün vətənpərvər diplomatlarımız var ki, fəallıq göstərirlər. Ancaq, elələri var ki, onlara diaspor işi maraqlı deyil. Ya da heç həvəs göstərmirlər. Bəziləri günlərini sayırlar. Mən bu cür passiv, əlini ağdan qaraya vurmayıb, yalnız şoumenliklə məşğul olan diplomatları həmişə bütün görüşlərdə tənqid edirəm və onların bu cür hərəkətlərini erməniyə xidmət kimi də adlandırmışam. Lakin tənqiddən nəticə çixaranlar çox azdır. Səfirliklərimizlə diaspor qurumlarımız arasında güclü koordinasiya olmalıdır.

            Bir də xaricdə oturub iqtidar-müxalifət söhbəti aparmaq ağılsızlıqdır. Mənasız bir işdir. Daxilimizdə olan məsələləri öz içimizdə həll etməliyik. Bunu kənara çıxarmaq və dartışmalara səbəb olaraq gətirmək, ümümi işlərimizə mənfi təsir edəcək. Bəzən Avropada yaşayan dəyərli insanlarımızı qarşı-qarşıya qoymaqla, ortaya bir qrup "urapatriotlar" çıxır. Bu "patriotların" bir qismi Azərbaycanda məişət zəminində ağır cinayət törətmiş, dövlət əmlakını mənimsəmiş şəxslərdi. Onlar Avropada adlarını və soy adlarını saxtalaşdıraraq, özlərini "siyasi" adam kimi qələmə verib yaşamaq hüququ alıblar. Geri qayıtmamaq üçün Azərbaycana hər cür böhtan yağdırmaqdan çəkinmirlər. Millətimizin mədəniyyətinə, mənəvi sərvətinə zərbə vururlar. Dəyərlı soydaşlarımız haqda şayə  yayırlar, onların arasına düşmənçilik toxumu səpirlər. Belə üzdəniraq soydaşların bəzilərini Bakıda dəstəkləyənlərdə var.  Dəfələrlə Avropada iqtidar və müxalifət yönlü əsil Azərbaycanı sevən soydaşlarımızın birləşmək anları çox olub, dərhal qara əllər bu birliyi pozub. Çox təəssüflər olsun ki, vətənpərvər diplomatlarımız bəzən geri çağırılıb. Bu barədə çox danışmaq istəmirəm. Onsuzda bu iradlarım ucbatından bir neçə dipkorpus məndən küsüb. Ancaq biz diplomatlarımızın passivliyinə heç vaxt göz yummayacağıq.

              -Azərbaycan-türk diaspor qurumlarının birgə fəaliyyəti hiss  olunurmu?

 -1993-cü ilə qədər hər şey yaxşı idi. O, zaman azərbaycan, qaqauz, karaim, krım türk və s. arasında fərq    qoyulmadan isti birlik  mövcud idi. Din məsələsi ortaya atılandan sonra vəziyyət mənfiyə doğru dəyişməyə başladı. Xüsusilə, sünni, şiə, hənəfi, vahabi və s. təriqətləri ümümtürk diaspor inteqrasiyanın qarşısında baryera çevrildi.   Dəfələrlə Azərbaycanın haqq səsi ilə bağlı keçirilən tədbirlərdə az sayda türkiyə türkünü görürük. Bəzən də bizim diaspor qurumlarımız da səhv edirlər. Belə ki, diaspor qurumlarımız tədbirlərə türk dünyasını birliyini sevən həqiqi insanları yox, öz şəxsi maraqlarını düşünən şəxsləri dəvət edirlər. Bu da arada inciklik yaradır.

 - Son illər Heydər Əliyev Fondu diaspor sahəsində  mühüm işlər görür. Bu xaricdə hiss olunurmu?

            - Bəli, Heydər Əliyev Fondu  önəmli  işlər görür. Fondun dəstəyi ilə xaricdə Azərbaycan haqqında müxtəlif dillərə     çap edilmiş kitablar paylanır. Azərbaycanın tarixindən tutmuş mədəniyyətinə, turizm sahəsinə qədər əhatə edən kitabçaların yayılması ölkəmizə maraq yaradır və Azərbaycan haqqında informasiyanı genişləndirir. Əvvəllər bizim belə kitablara böyük ehtiyyacımız var idi. İndi isə, biz belə kitabları asanlıqla əldə edirik.  Avropa insanın marağını  Azərbaycana pop, rep musiqisi ilə yarada bilmərik. Çünki, onlar artıq belə musiqilərdən beziblər. Biz onları milli musiqimiz muğam, milli rəqslərimizlə, eləcə də gözəl poeziya və nəsr əsərləri ilə ölkəmizə maraq yarada bilərik. Cox təəssüf edirəm ki, Azərbaycanın şair və yazıcılarının əsərlərini Avropa dillərinə tərcümə edilib yayılmasına həvəs göstərmirik. Bu işdə qeyri–səmimi qonşularımızdan çox geri qalırıq. Bu, üzdəndə də bəzən klassik fikir adamlarımızın milli mənsibiyyətləri də mənimsənilir...

 -Elman bəy, təşəkkür edirik suallarımızı cavablandırdığınız görə və gələcək işlərinizdə uğurlar arzu edirik.

  - Məndə Sizə və Güney Azərbaycan Televiziyasına öz   təşəkürümü çatdırıram ki, ümümmilli ideyaların həyata keçməsi üçün önəmli işlər görür və uğurlar arzu edirəm.

           Söhbətləşdi: Elnur Eltürk

23:22