Heydər Əliyev siyasi kursu və Azərbaycançılıq məfkurəsi Azərbaycan diaspor fəaliyyətinin təməl prinsipidir

Hər bir xalqın mütləq çoxluğunun mənafeyini ifadə edən milli ideologiya həmin xalqın tarixi inkişaf yolundan xəbər verir. Xalqların vahid məram və məqsədlər ətrafında sıx birləşməsi ilk növbədə milli ideologiyanın dəqiq müəyyən edilməsindən çox asılıdır. Çünki, düzgün ideologiyanın müəyyən edilməsi həm də xalqların və dövlətlərin gələcək inkişaf prespektlərinin təməlini təşkil edir. Dövlətin vahid ideologiyası vətəndaşların təbii maraqları ilə üst-üstə düşdükdə isə dövlət-vətəndaş münasibətləri sarsılmaz olur. Belə bir ideologiyanın ərsəyə gətirilməsi təbii ki, uzaqgörən, dahi siyasətçilərin fədakarlığı nəticəsində mümkün olur. Ümummilli lider  Heydər Əliyev də 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra dövlətin müstəqilliyi və gələcək inkişafını təmin etmək məqsədilə  Azərbaycan cəmiyyətinin möhkəmlənməsinin ideya təməli olan azərbaycançılıq konsepsiyasını irəli sürmüşdür. Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ümummilli ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi ulu öndər Heydər Əliyevin tarixi xidmətidir. Çünki, azərbaycançılıq ideologiyası ümummilli lider Heydər Əliyevin çağırışı ilə bütün dünya azərbaycanlılarının milli birlik platformasına çevrilib.

 

Hər bir millətin mənəvi-siyasi potensialı nə qədər güclü olarsa, dövlətçilik problemlərinin həlli sahəsində görüləcək işlərin öhdəsindən gəlmək də bir o qədər asan olar. Hazırda ən güclü mənəvi siyasi amillərdən biri də məhz diaspordur. Milli diaspor milli mədəniyyətin, milli birliyin, milli dövlətçiliyin ən etibarlı dayaqlarından biridir. Bu gün Azərbaycançılıq ideologiyasının Vətəndən kənarda, dünyanın müxtəlif nöqtələrində yaşayan, təhsil alan və fəaliyyət göstərən soydaşlarımız, xüsusilə gənc nəslin nümayəndələri olan soydaşlarmız arasında təbliği günümüzün vacib məsələlərindəndir.

Təsadüfi deyil ki, mütəfəkkirlər hesab edirlər ki, Azərbaycançılıq coğrafi anlayış deyil, o daha çox siyasi anlayışdır. Odur ki, bu ideologiya dövlətin aparıcı ideologiyasına çevrilib. İndi Azərbaycan diasporu kifayət qədər inkişaf etmiş, müxtəlif mədəniyyət mərkəzləri yaradılmışdır ki, onlar azərbaycan dilinin, ədəbiyyatının, incəsənətinin dünyada tanınmasında, müstəqil Azərbaycan ideallarının beynəlxalq səviyyədə müdafiəsində müəyyən xidmətlər göstərirlər. Hər şeydən əvvəl, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında onların üzərinə böyük vəzifələr düşür. Azərbaycançılıq ideyalarının təbliği bu gün Prezident İlham Əliyevin xarici və daxili siyasətində başlıca yer tutur. Dövlətimizin başçısı xarici ölkələrə səfərləri zamanı soydaşlarımızla görüşlərə xüsusi diqqət ayırır, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında soydaşlarımızı daha fəal olmağa çağırır. Dövlət başçısının Bakıda keçirilən Dünya Azərbaycanlılarının 4-cü qurultayında soydaşlarımızı birliyə səsləməsi bu siyasətin uğurla davam etdirilməsini təsdiqləyir: "Mən çox istəyirəm ki, xaricdə fəaliyyət göstərən diaspor təşkilatları da bir nöqtəyə vursunlar, birləşsinlər. Belə olan halda onların gücü də, ictimaiyyət tərəfindən onlara qarşı hörmət də artacaq. Nəzərə alsaq ki, bütün azərbaycanlılar, onların böyük əksəriyyəti vətənpərvərdirlər, Vətənə bağlıdırlar. Onlar istəyirlər ki, Azərbaycan dövləti daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin".

Bu məqsədlə ötən dövrdə soydaşlarımızın yaşadıqları ölkələrdə keçirilən seçkilərə təsiretmə mexanizmlərinin hazırlanmasına nail olmaq üçün müəyyən işlər görülüb və uğurlu nəticələr qazanılıb. Diasporamız əldə etdiyi uğurları Ulu öndər Heydər Əliyevə borcludur. Heydər Əliyev ölkənin ictimai-siyasi həyatının bütün sahələrində sürətli inkişafa aparan köklü islahatlara yol açdı. Azərbaycan qısa vaxt ərzində iqtisadi göstəricilərinə, intellektual potensialına görə SSRİ miqyasında ön sırada yer tutdu. Dahi Öndər Heydər Əliyevin ardıcıl surətdə apardığı islahatlar yalnız iqtisadi sahəni əhatə etmirdi. Bu köklü dəyişikliklər elm və təhsildə, mədəniyyətdə də böyük sıçrayışlarla nəticələndi. Azərbaycanda elmin inkişafının stimullaşdırılması istiqamətində bir çox mühüm addımlar atıldı. Respublikada azad fikirli ziyalıların təqibinə birdəfəlik son qoyuldu. Təsadüfi deyil ki, məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi sayəsində 1969-cu ildən Sovet İttifaqı dağılana kimi Azərbaycanda bir nəfər də olsun dissident qeydə alınmayıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətin qarşısın da duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olub. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişi, digər sahələrdə olduğu kimi, diaspor quruculuğu işində də əsaslı dönüş yaratdı. Ümummilli lider bütün xarici səfərlərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşür, onların problem və qayğıları ilə maraqlanır, onları yenicə müstəqillik qazanmış respublikamızın tarixi mənafelərinin reallaşdırılması prosesində fəal iştirak etməyə çağırırdı. Beləliklə, Azərbaycan diasporu yeni bir inkişaf yoluna qədəm qoydu. Bu yolun əsası Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirildi və davamlı olaraq həyata keçirilir. Böyük şəxsiyyət Heydər Əliyevin uzaqgörən müdrik siyasəti dünya ölkələrində Azərbaycanın tanımasına böyük yollar açmış oldu. Dünyanın hər bir nöqtəsində formalaşmış Azərbaycan diasporu məhz Heydər Əliyevin diaspora quruculuğu siyasətinin məntiqidir. Ümummilli Lider Heydər Əliyev “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” Fərman imzaladı. Fərman Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təminatı baxımından müstəsna əhəmiyyyət kəsb edən mühüm tarixi sənəd oldu. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması bu sahədə olan problemlərin aradan qaldırılması istiqamətində əhəmiyyətli addımlar atmağa və Azərbaycan diasporunun fəaliyyətini milli maraqlarımızın gerçəkləşdirilməsi istiqamətində mərkəzləşdirməyə imkan verdi. Ulu öndərin ideyaları özündən sonrakı mərhələlərdə də davam etdirilməsi diaspora quruculuğuna töhfələrini verir. Bu gün Azərbaycan diasporu ABŞ, Fransa, Misir, Avstraliya, Gürcüstan, Moldova, Avstriya, İslandiya, Niderland, Almaniya, İspaniya, Norveç, Belarus, İsveç, Özbəkistan, Belçika, İsrail, Polşa, Birləşmiş Ərəb Əmirliyi, İsveçrə, Qazaxıstan, İtaliya kimi onlarla dövlətlərdə fəaliyyət göstərir.

Azərbaycan diasporunun tarixən keçdiyi yol uzun bir zaman məsafəsində tarixi araşdırmalar zamanı aydın və dolğun görünür. Baş verən inteqrasiya prosesləri dünyanın müxtəlif regionlarında yaşayan həmvətənlərimizin daha sıx şəkildə birləşməsini zərurətə çevirir. İndi azərbaycanlıların ideya - siyasi birliyi yalnız ölkəmizin milli maraqlarından irəli gələn məsələ deyil, həm də müasir dünyada gedən ictimai - siyasi proseslərin tələbi ilə ortaya çıxan zərurətdir. Xarici ölkələrdə yaşayan azərbaycanlıların sürətlə təşkilatlanması prosesi müşahidə edilir. Azərbaycan dövlətinin bu proseslərə dəstəyi var. Dövlətlə diaspor təşkilatlarının tandemli işi sayəsində fəaliyyətdə koordinasiya iş planı formalaşıb.

Qeyd edək ki, hazırda Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət-din, milli-mənəvi dəyərlərin qorunması siyasətinin əsasını da azərbaycançılıq ideologiyası təşkil edir. Bu gün  dövlət başçısının  uğurlu  siyasəti nəticəsində azərbaycançılıq ideyası ölkədə yaşayan bütün etnik qrupların vahid ideyası kimi çıxış edir. Etiraf edək ki, Azərbaycan tarixən müxtəlif millətlərin dinc yanaşı yaşadığı, milli və dini tolerantlığın bərqərar olduğu ölkə olub. Bu baxımdan şübhəsiz ki, müstəqil Azərbaycanda multikultural dəyərlərin formalaşmasında azərbaycançılıq ideologiyası əvəzsiz rol oynayıb. Əsrlərin sınağından çıxmış milli birliyimizin təməl daşı olan azərbaycançılıq artıq multikulturalizmlə vəhdət halında siyasi gündəmə daxil olub  və hakimiyyətin əsas ideoloji prinsipinə çevirib. Azərbaycan xalqının adət-ənənələrini, milli-mənəvi dəyərlərini birləşdirən baxışlar sistemi kimi azərbaycançılıq ideyası bu gün də davam etməkdədir.

Prezident İlham Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsindən sonra diaspora quruculuğu sahəsində nailiyyətlərimizin davamı gəldi. İndi dünya azərbaycanlıları arasında təşkilatlanma özünün ən yüksək səviyyəsindədir. Əldə edilən nəticələr də dövlətimiz tərəfindən lazımi şəkildə qiymətləndirilir. Diasporun əsas prinsipi milli-mənəvi dəyərlərimizin qurunması, təbliği və digər məsələlərdən ibarətdir. Diaspor təşkilatlarımız eyni zamanda güclü Azərbaycan lobbisinin formalaşması istiqamətində fəaliyyət göstərir. Bu istiqamətdə də müxtəlif xarici ölkə kütləvi informasiya vasitələri, beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrin ictimai qurumları, qeyri-hökumət  və siyasi təşkilatlar, dövlət orqanları ilə əməkdaşlıq qurulur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xarici siyasətdə mütəşəkkil diaspor quruculuğuna, soydaşlarımızın milli-mənəvi birliyinin təmin olunmasına mühüm diqqət yetirir. Dövlət başçısının bu sahədə həyata keçirdiyi siyasət yaxın gələcəkdə Azərbaycan diasporunun daha da möhkəmlənərək, ən ağrılı yerimiz olan Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllində yaxından iştirak edəcəyindən xəbər verir. Diaspor quruculuğu ümummilli iş olduğundan, hər birimizin öz imkanları daxilində bu prosesə yardım göstərməyi vacibdir. Azərbaycançılıq ideyasının harada yaşamasından asılı olmayaraq, hər bir soydaşımızın şüurunda özünə möhkəm yer tutması üçün əlimizdən gələni etməliyik. Xalqımızın taleyüklü məsələləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında bu amilin çox mühüm rol oynayacağına əminik. Azərbaycan diasporasının formalaşması, azərbaycançılıq ideyalarının və həmrəyliyin inkişaf etdirilməsində Heydər Əliyev fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın da çox böyük xidmətləri var. Bu yöndə Mehriban xanımın gördüyü işlər təqdirəlayiqdir və bu ölkədə diasproumuzun fəaliyyətinin güclənməsinə təkan verir.   Hazırda beynəlxalq birliyə qətiyyətlə inteqrasiya edən Azərbaycanda dinamik inkişaf sürətlə davam edir. Bu amil xarici ölkələrdə yaşayan azərbaycanlıları daha da fəal olmağa sövq edərək, diaspora quruculuğu işinə yeni məzmun verir. Məhz bu baxımdan, görülən işlərin azərbaycançılıq ideologiyasının inkişafına, dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz arasında birliyin möhkəmlənməsinə öz töhfəsini verəcəyi şübhəsizdir.  Bu gün özlərinin milli varlıq və mənsubiyyət hisslərini daxilən dərk edən soydaşlarımız getdikcə bir-birilərinə daha çox yaxınlaşırlar və onlara dayaq duran Azərbaycan dövlətini hər an özlərinə etibarlı arxa sayırlar. Buna görə də, bütün dünya azərbaycanlıları müstəqil Azərbaycan Respublikası ilə böyük fərəh və milli qürur hissləri keçirirlər. Azərbaycan diasporası bu gün demək olar ki, dövlətimizin xarici siyasətinin ana qolnu təşkil edir. Milli maraqlarımızın dəstəklənməsində və qorunmasında diasporanın əhəmiyyəti böyükdür. Bu yöndə Prezident İlham Əliyevin Azərbaycanın digər ölkələrdəki səfirlikləri və diplomatik nümayəndəlikləri qarşısında qoyduğu vəzifələr təqdir edilir. Prezidentin tövsiyyəsilə diplomatik nümayəndəlik və səfirliklərlə diasporanın koordinasiyalı işi qurulub. “Biz istəyirik ki, siz yaşadığınız ölkələrdə güclənəsiniz, daha möhkəm mövqeyə sahib olasınız. Siyasi aləmdə, biznesdə, bu ölkələrin mədəni həyatında sizin möhkəm mövqeyiniz Azərbaycanın adının daha da yüksəlməsi deməkdir. Ölkəmiz haqqında həqiqətlər daha dolğun şəkildə dünya ictimaiyyətinə çatdırılmalıdır. Əlbəttə, hər bir ölkənin səfirliyi vardır və bu səfirlik ölkənin maraqlarını təmsil edir. Amma diaspor üzvləri də Azərbaycanın elçiləridir. Sizin fəaliyyətinizdən çox şey asılıdır. Siz Azərbaycana dəstəksiniz, Azərbaycanın da hökuməti və dövləti sizə dəstəkdir” - deyə Prezident İlham Əliyev diaspor üzvləri qarşısında etdiyi nitqində bildirmişdi. Bütün bunlar bir daha göstərir ki, dövlətimizin diasporaya verdiyi yüksək önəm Azərbaycanın dünyada daha yaxşı tanıdılmasında mühüm əhəmiyyət kəsb edir. Dövlətin davamlı və ardıcıl dəstəyi Azərbaycan diasporunun təbliğat imkanlarını daha da genişləndirir, diaspor təşkilatlarının zəngin informasiya bazası ilə təmin olunmasına dəyərli töhfələr verir.

Şamil ŞƏKƏRƏMLİ

11:27