"Hər yer Kərbəla, hər gün Aşura"...

 

Düzünü deyim əziz dostlar, bu şəkildəki fakt məni çox qorxutdu. Yox, əsla elə fikirləşməyin ki, mənim qorxum Azərbaycanın get-gedə İran cəhalətinə və fanatizminə yuvarlanmasıdır. Əlbəttə bu da böyük bir həqiqət olsa da, elə də acınacaqlı olduğuna inanmıram. Çünki bizim xalq hər zaman dini əqidəyə ehtiramla yanaşsa da, o cümlədən modern və dünyəvi əxlaqı da özündən uzaqlaşdırmayıb. Bəli, xalqımız həm dini qəbul edir, həm də tolerantdır. Bəs məni qorxudan nədir?.. Niyə bu insanlar keçən illərdəki aşura mərasimlərindən daha çox sayda toplaşıblar dini ayinlərin keçirildiyi meydanlara?.Niyə meydanda baş yaranların, özünə zəncirlə əzab verənlərin sayı çox artıb?..

Yadınızdadırsa Iraqda Səddam Hüseyn dövrünün son illərində insanlar Aşura meydanına kütləvi halda toplaşardılar. Bunun məncə sözün bütün halllarda çox böyük bir cavabı var: “ÜMİDSİZLİK!!!” Və o cavabı ərəblərin gecəsi 100-200- 500-dən başlayaraq 5000 dollara qədər qalxan eyş-işrət məclislərində özlərini satan, ərəblərin iyrənc qeyri insani cinsi təcavüzlərinə dözən, bir çoxları hətta xəstəxanalıq olan azərbaycanlı qadınlara da şamil etmək olar. Məktəb əvəzinə bazara gedən uşaqlara, dilənən pensionerlərə , özünə qəsd edən Qarabağ döyüşçülərinə və müharibə veteranlarına, hər gün balalarının meyidlərini qarşılayan əsgər valideynlərinə, bir parça çörək üçün tərki-vətən olan, evindən-yurdundan perik düşümüş qaçqınlara və "Neft və milyonlar səltənətinin" dilənçi kökünə salınmış bütün xalqına şamil etmək olar. Qorxduğum şey nədir bilirsinizmi?

İmam Hüseyn əzadarlığında başını yaran o kütlə bir gün böyük bir üsyanla onu bu günə salanların da başını yarmağa qalxacaq. Və belə getsə bu heç də uzaqda olmayan bir gündür. İqtidar ağlını başına yığıb demokratiyanın yanında uzun illərdir dik dayanmış dinc mitinqlərə maneçilik yaratmamalıdır. Qılınc onun başını yara bilər. Xalq da dinc mitinqlərə getməli və haqqını tələb etməlidir. Min dəfələrlə təəssüflər olsun ki, bu gün Azərbaycanda demokratik müxalifəti, demokratik düşərgəni, demokratik institutları radikal islamçı zümrə əvəz etməkdədir. Buna görə tək suçlu məmləkəti 24 ildir idarə edən hakim YAP-dır. Bunu YAP görmürsə, cəmiyyətin və sosial zümrələrin tədricən mövhumatçı baxışlara üz tutması Qarabağ dərdimizdən daha böyük acılara səbəb ola biləcək milli faciəmizin təməli deməkdir və bu durumun inkişaf etməsinin qarşısını almalıyıq. Əgər cəmiyyətin problemlərini bütün hallarda qabarda biləcək tək düşüncə varsa, o da demokratik düzənin inkişaf etməsidir. Bu gün əzadarlıq və mövhumatçı bir düşüncə ilə baş yarmaq kimi keçmişin mirasına yenidən üz tutulursa, sonucda ölkəmizi Orta Şərqdəki mövhumatçı faciələrə yol açan dərdlərlə baş-başa qalmaq zorunda olacağıq. Bir zamanlar Səddam Hüseyn, Hüsnü Mübarək, Bəşər Əsəd və digər diktatorlar demokratik proseslərin qarşısını necə almışdılarsa, bütün bunların hesabını demokratik güclər deyil, radikal və mövhumatçı cameələr sordular. Ona görə də Orta Şərq bu gün qan içində boğulur. Bunun da əsas səbəbi demokratik düşüncə sistemi deyil, məhz fanatik, gerizəkalı və mövhumatçı cameənin üstün səviyyədə söz sahibinə çevrilməsidir. Məmləkətimizi harada yaşamağımızdan asılı olmayaraq, gözlənilən bu cəzadan və fəlakətdən qorumaq hər birimizin vətəndaş borcudur.    

Rahim Sadıqbəyli
İsveç, Stohkolm

Xüsusi olaraq “Xudaferin.eu” üçün

 

16:23