Həyatın özü və üzü

Özünü məcbur edəndə nələr olur? Heç nə olmur. Nə qədər ki istək yoxdu o işdə, nə qədər nailiyyət sayılacaq şeylər baş versə də, sən həzz almırsan. Hə, nə olsun ki,  deyirsən. Guya olmasa nə olacaqdı, deyirsən. Həmişə nəsə deyirsən. Nə vaxt susuruq ki, guya.

Həmişə sözümüz var nəyəsə. Çoxusu da lazımsız, xeyir verməz… Şikayətlənməkdi ən çoxu. Bilərəkdən və ya bilməyərəkdən, həyatımızda olan və olmayan hər şeydən şikayət edirik. Şikayətimiz özümüzdəndir hərçənd ki. Çünki, özümüzün qəlbinə dəymək istəmirik. Təkcə ona görə söz demirik özümüzə. Amma əslində özümüzə söz keçirə bilmirik.
Bu gün necə tənbehləsək də özümüzü, sabah hisslərimiz dövrəyə girəcək və "ürəyim belə istədi" deyərək hərəkət edəcəyik. Bu gün özümüzə dediyimizi unudaraq, verdiyimiz sözləri yox sayaraq. Nə qədər razıyıq etdiyimizdən, nə qədər əminik sözümüzdən, nə qədər boş fikirlərlə gəzəcik ortalıqda?

Nədir məsələnin kökü? Bizi narahat edən məsələ nələrdən ibarətdir? Doğru şeyləri paylaşmamaq?!. Paylaşmağı sevirik əslində. Amma doğru şeylər deyil paylaşdıqlarımız. Boş vaxtımızı paylaşırıq. Artıq qalan yeməyimizi paylaşırıq, oxuduğumuz kitabı paylaşırıq və s., və s.,
Yeni bizə daha lazım olmayan şeyləri paylaşırıq. Ən çox sevdiyimizi isə paylaşa bilmirik.  Məsələn, ac olanda kiçik bir şeyimizi başqasına verə bilmirik. Çoxdan axtardığımız kitabı ilk öncə başqasının oxumasına razı olmuruq məsələn... Məsələn, məsələn, məsələn...
Həyatımızda o qədər məsələlər var ki... Özümüz də itmişik içində. Məncə tamamilə itib-batmışıq. Hamının adından danışmıram ki... Özümü hamıya aid edirəm sadəcə. İndi məni narahat edənlər dünən narahat etmiş ola bilər. Sizi, ya da bəlkə sabah narahat edəcək, bəlkə də heç vaxt... Həyata və elə onun özünə hələ ki, onun nə qədər çətin olduğunu demək istəmirəm. Mən bu həyata nə demək lazım olduğunu bilmirəm hələ...

Xudaferin.eu

 

15:24