İmam və Qəssabbaşı

Şərqin nəhəng alimləri, hakimləri, sərkərdələri yetişən ali məktəbin özəllikləri...

... Ötən yazıda qeyd etdik ki, Səmərqəndin mərkəzi meydanı olan Registanda üç ecazkar mədrəsə üz-üzə durur. Onların üçü də bir-birindən əzəmətli, bir-birindən fərqli və bir-birinə bənzərdir.

III yazı

Əmir Teymurun nəvəsi, alim- hökmdar Uluqbəyin mədrəsəsi bu üç mədrəsənin ən qədimidir. Uluqbəy bu mədrəsəni 3 ilə tikdirmiş və ömrünün sonuna qədər orada dərs demişdir.

Təsəvvür edirsinizmi... Hökmdar - Müəllim! Hökmdar - elmə dünya çapında töhfə vermiş alim! Analoqu olmayan olay budur.
Bənzərsiz Uluqbəy haqda ayrıca söhbət açacağam, amma indi mədrəsələrə dönək. Uluqbəydən 200 il sonra, 17-ci əsrdə Səmərqənd hakimi olmuş Yalangtuş Bahadur Uluqbəy mədrəsəsi ilə üz-üzə, Şir-Dor mədrəsəsini tikdirir. Sonra tən ortada duran Tillo Karı mədərsəsini inşa etdirib ərazini üç tərəfdən dövrəyə aldırır.

Babil və Roma şəhərləri ilə yaşıd olan Səmərqəndin Registan meydanında əvvəl gündən müqəddəs mədəblər, qutsal movzoleylər olmuşdur. Registan, demək olar ki, bütün gəlib keçmiş dinlərin oylağı olmuş, burada zamanın və ya istilaçıların hökmü ilə əski tikililər yıxılmış, yenə həmin yerdə dəfələrlə ən şəhanə binalar ucaldılmış, şəhərin gəlmiş, keçmiş bütün hakimləri bu qutsal yerə töhfə verməyi özlərinə mənəvi borc saymışlar.

Əmir Teymur zamanında Şir-Dor mədrəsəsinin yerində Şəqrin ən böyük günbəzli mavzoleyi olmuşdur. Deyilənə görə, Əmir bu məqbərəni 6-cı imam Cəfər Sadiqin məzarı üzərində tikdirmişdir.

Şir Dor mədrəsəsində iki maraqlı məzara rast gəldim. Onlardan birinin, qeyd etdiyim kimi, İmam Cəfər Sadiqə aid olduğunu dedilər. Təəccübləndim. Çünki məzarın üstündə burada İmamın oğlunun yatdığı yazılmışdı. Həmsöhbətim deyirdi, əslində burada imamın özü yatır. 2 il öncə Azərbaycandan bura iki alim gəlibmiş. Məşhəddə onlara İmam Cəfər Sadiqin məzarı Səmərqənddədir, deyiblər. Alimlər həmin soraqla gəlmişdilər və bu qənaətdə idilər ki, həzrətin müqəddəs nəşi elə bu məzardadır. Keçmişlərdə belə məzarları diqqətdən yayındırmaq üçün, eləcə də nişanə itməsin deyə müqəddəslərin məzarını vaxtsız dünyasını dəyişmiş övladlarının adları ilə adlandırırmışlar.

6-cı imam Cəfər Sadiq kimdir, sualının ictimai şüurdakı cavabı qeyri müəyyən və yetərsizdir. Təəssüf ki, qurulan ağlaşmalar, savadsız mollaların şaxsey-vaxseyləri, mərsiyəxanların uydurduqları nöhə nağılları bu suala doğru-düzgün cavab verməyə və bu böyük adamı olduğu kimi tanıtmağa imkan vermir.

unnamed (2).jpg (31 KB)

Registan qoruğunun müdiri Behruz Marufi ilə

İmam Cəfər Sadiq dövrünün mütərəqqi alimi, müəllimi, dini cəhalətə və dinin siyasətə alət edilməsinə qarşı vuruşan bir insan, “insanların ən elmlisi və fiqh məsələlərində ixtilafları bilən şəxsdir”. Onun tələbələri arasından fəlsəfə və kimya elminə böyük töhfələr vermiş ünlü alimlər çıxmışdır. Zamanın ən nüfuzlu alimləri uzaq ölkələrdən onu dinləməyə gələrmişlər.
İmam Cəfər Sadiq hakimlərin və ruhani təbəqənin təbliğ etdiyi İslama müxalif olmuşdur. Həqiqi İslamın onların təqdim etdiyi və faydalandığı dindən uzaq olduğunu demiş, xalqı öz haqlarını tələb etməyə təşviq etmişdir. Müasir dillə desək, İmam Cəfər Sadiq ədalət uğrunda mübarizə aparan müxalif lider olmuşdur. Hakimiyyətdə iştirak təklifindən iki dəfə imtina etmiş, din pərdəsi altında siyasi oyunlara bulaşmamışdır. Xalq arasında böyük nüfuz sahibi olduğundan dəfələrlə uzaq diyarlara sürgün edilmişdir.

Bəzi mənbələr onun sürgünlərdən sonra Məkkəyə qayıdıb gizli adla yaşadığını və orada dəfn edildiyini yazır. Bəziləri isə ömrünün son illərini Səmərqənddə yaşadığını, zəhərlənərək öldürüldüyünü, Şir Dor mədrəsəsindəki tənha qəbrin onun öz məzarı-şərifi olduğunu bildirir.

İmam Cəfər Sadiq böyük alim olduğu qədər mahir natiq və təbliğatçı olmuşdur. Onun cazibəsi və nüfuzu hakimlərin taxtını sarsıtdığından müsəlman hökmdarlar bu peyğəmbər övladını öz ölkələrində arzulamır, “Xalq ona heyrandır” - deyən paxıl üləmalar Rəsulun bu mötəbər övladını öz həndəvərlərində görmək istəmirdilər.

Təəssüf ki, İmam Cəfər Sadiqə bir ömür əzablar yaşadan, sürgünlərə göndərən, zəhərləyib öldürən cəhalət bu gün də onun yaxasından əl çəkməməkdə, ondan öz riyakar siyasətləri üçün faydalanmaqdadır.

... Şir Dor’da başqa bir tənha məzar da diqqətimi çəkdi. Peyğəmbər övladı ilə bir məkanda... Bu hansı imamdır, deyə maraq etdim. Cavab aldım ki, bu adam Yalangtuş Bahadırın hakimiyyəti dövründə Səmərqənddə qəssabbaşı olmuşdur.

Qəssabbaşımı? İmamlarla bir məkanda?!

Bəli. Onun adı Xoca Məhəmməd Katanqu idi.

Katanqu nə edib ki, burada dəfn edilib?

... Demək, hal-qəziyyə budur:

Günlərin bir günü Registanda “duyduq-duymadıq deməyin” deyə car çəkilir; Uca Hakim Yalangtuş Bahadur fərman verib! Uçulub dağılmış yaşıl günbəzin yerində yeni inşa başlayacaq! Uluqbəy mədrəsəsi ilə üz-üzə, elə onun şərafətində bir mədrəsə tikiləcək! O mədrəsədə dünyanın hər yerindən gəlmiş ustad alimlər dərs verəcək, ölkəmiz üçün böyük alimlər, əməlisaleh hakimlər, ürəkli sərkərdələr yetişdirəcək!

Beləcə, durmadan işə başlanır. Dünyanın hər yerindən memarlar, ustalar, işçilər gətirilir. Çünki bu yeni mədrəsə Uluq bəyin misilsiz mədrəsəsi ilə üz-üzə durmağa layiq olmalı idi. Şir Dor mədrəsəsinin inşası dünyanın ən ünlü memarlarına həvalə edilir, şöhrətli Təbriz nəqqaşları mədrəsənin baş tağlarının naxışlarını, ön divarlarını işləyirlər.

O tağlara diqqətlə baxın, bizim rəmzlərimizi görəcəksiniz; arxasından günəş doğan aslan - günəş tale, aslan hakimdir, yəni bəxti yar olmuş hökmdar. Bu, Şah İsmayılın, Səfəvilər dövlətinin bayrağında olan nişanələrdir. Sonradan bu rəmzləri Nadir şah da, Qacarlar da öz bayraqlarına gətirdilər. Qarabağ, Gəncə, Şəki xanlarının bayraqlarında və sancaqlarında da bu cizgilər əksini tapıb. Bu, davamiyyətə və varisliyə işarə idi.

unnamed (3).jpg (34 KB)

Təbriz rəssamları Şir Dor (şir elə şir, dor qapı deməkdir) abidəsində bizi layiqincə təmsil etmişdilər. Ustadlara salam olsun!
Beləliklə, qəssabbaşı, şəhərin hörmətli sakini, zəngin Katanqu carçıların yaydığı xəbəri eşidir. Durub Yalangtuşun hüzuruna gəlir. Deyir, bu işdə sənə kömək edəcəm, istəyirəm bu qazanda mənim də duzum olsun. Yalangtuş gülür, deyir, qəssabbaşı, sən bu ağır işə necə kömək edə bilərsən axı? Katanqu cavab verir; bu inşada çalışanlar üçün bişən yeməyin ətini verərəm. 
Yalangtuş heyrət edir. Katanqu əlini ağır daşın altına qoymuşdu.

Beləcə, iş başlayır. Qəssabbaşı kamil bir nizamla hər səhər inşaata ət göndərir.

Bu arada işlər də yaxşı getmir, inşaat düz 17 il uzanır. Zəngin qəssabbaşı bu yolda müflis olur. Elə müflis ki, bütün mülkiyyətini hərraca çıxarmalı olur. Günlük qazancı yalnız evinə bir öynə yemək üçün ət aparmağa yetir. Qəssabbaşı o əti evinə deyil, hər gün Şir Dor inşaatçılarına aparır.

Hər kəs kənardan ona sitəm edir, əl çək bu işdən, deyir, böyük külfətin ət üzünə həsrət, səbzə-filanla baş girləyirsən... Qəssabbaşı deyir: söz vermişəm... Deyirlər, söz verəndə varidat sahibi idin, indi Allah şahiddir ki, yoxsulsan, sözündən geri çəkilərsənsə kimsə səni qınamaz. Yalangtuş belə sənə tənə edə bilməz. Deyir, bilirəm, amma verdiyim sözə əməl etməsəm özüm özümü qınayaram.

Vaxt keçir... yaşlanmış qəssabbaşı Katanqu dünyasını dəyişir, Şir Dor’un inşasının başa çatmasını görmür. 
Səmərqənd hakimi Yalangtuş Bahadurun əmri ilə əhdə vəfalı Katanqu Şir Dor mədrəsinin həyətində, İmam Cəfər Sadiqlə bir məkanda dəfn edilir.

O hadisədən 400 il keçir. Qəssabbaşı o qiymətli yatağında rahatca uyumaqdadır. Dünyaya bir insanlıq hekayəti, əhdə vəfa risaləsi bəxş edib getmiş adam... xoş halına. Sənə də Allahın salamı olsun.

mehriban.jpg (14 KB)

Dünyanın hər yerindən Registana axışan turistlər bu əhvalatı dinlədikcə gözlərdə işıq, üzlərdə təbəssüm oynaşır. Qəssabbaşının bərəkəti davam edir... bu gün də gəlib-gedəni belə bir nemətlə qidalandırır.

Beləcə, Səmərqəndin bu ünlü Registanından bir neçə məqamı qələmə aldıq. Amma bu məkanın, bu mədrəsələrin hər hücrəsində, hər çilləxanasında nə sirlər yatır. Öyrənilməli, öyrədilməli nələr var...

Mədrəsələrin həyətlərini bir-bir gəzirəm... həqiqətən yuxu kimidir, nəyi nədən sonra gördüyünü xatırlamırsan. İndicə gördüyünü bir an öncə görmüş ola bilərsən, yaxud nəyisə heç görməyib, heç bilməyə bilərsən. Yaddaşına nəyin düşüb düşməyəcəyi, nəyin qalıb, nəyin silinəcəyi bəlli deyil...

mehriban 2.jpg (15 KB)

... Açıq olan hər qapını açıram, hücrələrə - 2-4 nəfərin yaşadığı yataqxana odalarına, sinif otaqlarına bir-bir baxıram, bizdə gördüklərimdən fərqlidir; hər hücrənin iç qatları, zirzəmisi, anbarı, ocağı, isidici kalafa, hətta kitab rəfi belə vardır. 
Bu mədrəsələrdə tələbələrə azuqə, ayaqqabı, paltar, çanta, qış vaxtı odun, kiçik cibxərcliyi, eləcə də dəftər, qələm, mürəkkəb, kitab, kitabaltlığı və s. verilərmiş. Təhsil pulsuz imiş.

Yetər ki, OXU!

Lütfən, diqqət edin; tələbəyə zəruri hər şey verilir! Təhsil pulsuzdur!

Müəllimlər yaxından, uzaqdan gətirilmiş mötəbər alimlərdir! Onlara böyük maaşlar verilir!

Və bütün bu ehtiyaclar hökmdarın - dövlətin xəzinəsindən ödənir!

Tək Səmərqənddə 30-dan çox mədrəsə vardı. Hər mədrəsədə ilboyu 50-100 arası tələbə təhsil alırdı. Ən yaxşı tələbələr mədrəsəni bitirdikdən sonra ali dərəcəli təhsilə keçirdilər. Həmin ali məktəblər “Maxutayi Mulloyon” adlanırdı. Bu ali məktəblərdən Şərqin nəhəng alimləri, hakimləri, sərkərdələri çıxırdı.

Maraqlıdır ki, dövrün zəngin insanları öz şöhrətlərini artırmaq üçün daha çox mədrəsə tikdirirdilər. Ona görə də Səmərqənddə mədrəsə məsciddən çoxdur. Mədrəsə tağları məscid günbəzlərindən hündürdür. Minarələr mədrəsələrə bitişikdir, sanki məscidlər mədrəsələrin nəzdində fəaliyyət göstərirmiş... elm daha üstün imiş...

Əlbəttə, desək ki, dövr cənnət imiş, yalan olar. Lakin doğru olan odur ki, dövr təhsil üçün, elm üçün cənnət idi. Məhz Türküstanın ortaçağ intibahı da, türk dövlətlərinin yüksəlişi də bu təhsil, bu elm üzərində dayanırdı.

Registana heyran olub ayrılıram. Heyranların ayrılığı yaman olur... amma yolumuz bu elm cənnətini yaradan Böyük Əmirə - Əmir Teymura sarıdır... nəhayət, Əmirin ziyarətinə səmtlənirəm...

Mehriban VƏZİR

Musavat.com

18:50