İraqın xəbər agentliyində Xocalı soyqırımı haqqında məqalə yerləşdirilib

Azərbaycanın İraqdakı müvəqqəti işlər vəkili Nəsir Məmmədovun “alrased.news” saytında Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar “XX əsrin ən dəhşətli faciəsi-Xocalı soyqırımı” sərlövhəli məqaləsi yerləşdirilib.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə Ermənistanın Azərbaycana qarşı təcavüzü və bu təcavüzün nəticəsi kimi qədim Azərbaycan şəhəri olan Xocalıda törətdiyi sayqırımdan bəhs olunub.
Nəzərə çatdırılıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq, keçmiş SSRİ-nin 366-cı alayının köməyi ilə mühasirədəki Xocalı şəhərinin dinc əhalisi üzərinə ağır hərbi texnika yeridərək onlara misli görünməmiş qəddarlıqla divan tutdu, şəhər barbarcasına yerlə-yeksan edildi. Yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş bu dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı vəhşicəsinə qətlə yetirildi, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca idi. Nəticədə 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Bundan başqa, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər girov götürüldü. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu vaxtadək məlum deyil. Ermənilər sağ qalmış insanlar üzərində tamamilə təhqiredici hərəkətlər həyata keçirmişdilər.
Xocalı şəhərində törədilmiş cinayətlərin xarakteri və miqyası bu soyqırımı aktının BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada ifadə olunmuş definisiyaya tam uyğun gəldiyini sübut edir.
2008-ci ildə başlanmış “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xocalıdakı cinayətə hüquqi-siyasi qiymətin verilməsi, Xocalı soyqırımının tanınması istiqamətində dünyanın bir çox ölkələrində sistemli tədbirlərin uğurla həyata keçirilməsinə başlandı. Məhz beynəlxalq məlumatlandırma kampaniyaları nəticəsində dünyanın bir sıra ölkələrində bu soyqırımla bağlı qərarlar qəbul edildi. Artıq Pakistan, Meksika, Kolumbiya, Peru, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, Sudan, İordaniya, Honduras, Qvatemala, Panama, Sloveniya, Cibuti və Paraqvay parlamentləri Xocalı soyqırımını beynəlxalq hüquq normaları müstəvisindən tanımışlar. Xocalı soyqırımı ilə bağlı Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən ölkələrdən biri də İran İslam Respublikası olmuşdur. Belə ki, 4 qitədən 57 üzv ölkənin, o cümlədən İran İslam Respublikasının da daxil olduğu İslam Əməkdaşlıq Təşkilatı yekdil və birmənalı mövqe sərgiləyərək Xocalı faciəsini “soyqırımı aktı” və “insanlığa qarşı törədilmiş cinayət” kimi tanınıb.

Rabil Kətanov

Xudaferin.eu

11:26