İstanbul uğrunda savaş

Onu Konstantinopola çevirmək istəyən güclərlə sonadək dirəşməyin yeri var 

İkinci dəfədi ki, Türkiyənin ağır günlərində İstanbulda oluram. 
 
15 iyul gecəsi hərbi qiyam cəhdi baş verəndə Türkiyə vətəndaşları ilə bu dəhşətli mənzərəni birlikdə izlədik və yaşadıq. Səhərə kimi gözümüzə yuxu getmədi. Qaldığımız otel Atatürk hava limanına yaxın idi deyə, prosesləri təkcə televiziya kanallarından, internetdən izləmirdik. Həm də otelin böyür başına düşən bombalardan, havada uçuşan F16 təyyarələrinin qulaq batıran səsindən, hərbi vertolyotların manevrlərindən, tankların, digər ağır texnikanın hərəkətindən nələrin baş verdiyini aydınca görə bilirdik. Türkiyə o gecə son 35 ilin ən qorxunc təqvimini yaşadı. Qiyam baş tutmadı, çox şükür, Türkiyə böyük və vahim bir fəlakətin eşiyindən döndü. 
 
16 iyul səhəri küçəyə çıxdığımda insanlarla həmsöhbət oldum. “Qorxursunuzmu”, sualına istehza ilə cavab verirdi əksər vətəndaşlar. Türkiyə insanı bir neçə saat öncə baş vermiş, əslində hələ də davam edən hərbi çevriliş cəhdindən əsla qorxmamışdı – tam əksinə, toplum, onun ayrı-ayrı fərdləri bu xain cəhddən güclənərək, ürəklənərək çıxmışdı. 
 
17 iyuldan isə İstanbulda həyat normala dönməyə başladı. Günün işıqlı saatları hər kəs öz işindəydi. Axşam olunca isə insanlar meydanlara “demokratiya növbəsi” tutmağa gedirdi. Prezident R.T.Ərdoğanın çağırışı ilə xalq küçə və meydanlarda dövlətin keşiyini çəkirdi. 
 
***
 
2016-cı ilin son saatlarında İstanbula vardım. Həkim işləri ilə əlaqədar olaraq bu səfərim vacib və vazkeçilməz idi. 31-dən 1 yanvara, 2017-ci ilin ilk gününə keçid... Gecədən xeyli keçmiş İstanbulda bir əyləncə mərkəzində terror olduğunu eşitdik. Üzüldük. Yeni il beləcə qara və faciəvi xəbərlə başladı. Düşmənin Türkiyəyə mesajı ortadaydı: “İlinizi, gününüzü qara gətirəcəyik, ocağınızı söndürəcəyik”. Siyasi terminologiyadan uzaq ifadə etsək, durum, bax, beləydi. 
 
                            Картинки по запросу reina terör
 
Bu terrordan sonra İstanbul qınına çəkilib. Söhbət etdiyimiz adamlar deyirlər ki, 1 yanvar terroruna qədər teraktlar bu qədər qorxutmamışdı cəmiyyəti. Lakin son xain əyləm İstanbulun bütün sinir sisteminə işləyib – hər kəsdə bir tədirginlik, təlaş var. İnsanlar deyirlər ki, artıq övladlarını məktəbə, universitetə buraxmağa qorxurlar. İstanbuldakı universitetlərin, orta məktəblərin önündə əli silahlı polislər post qurub, növbə çəkilər. Metrodan istifadə edənlərin sayında kəskin azalma var. Terrora həssas və nisbətən açıq ünvanlarda da insanların sayı getdikcə azalır. 
 
Картинки по запросу reina terör
 
Və bütün müşahidələr deməyə əsas verir ki, “Reina” terroru öz amacına çatıb. Zatən terror sözünün kökü qorxu, xof deməkdi. Türkiyə vətəndaşının gözünü qırmaq, onu evinə çəkilməyə məcbur etmək üçün dərin güclər belə görünür,  həmin ən məşhur əyləncə mərkəzini təsadüfən seçməyiblər. 
 
Bu terror təkcə yerli insanları qorxutmayıb, turistlərin də sayı ciddi şəkildə azalıb. Son günlər İstanbulda turist görmək, xaricilərlə qarşılaşmaq demək olar ki, mümkün deyil. Ara-sıra ərəblər gözə dəyir. Ərəb olanda nolar, onlar da qorxur demək. İstanbul turizmlə yaşayan meqapolisdi. Sultan Ahmed, Ayasofiya meydanları və digər populyar ünvanlar bomboşdu. Taksiçilərdən tutmuş böyük tekstil, qida və sənaye şirkətləri, otelçilər durumdan narazılıq edirlər – iş, ticarət ciddi şəkildə azalıb, müştəri sarıdan korluq çəkirlər. 
 
Türkiyə vətəndaşı nə deyir? Durumu necə analiz edir? 
 
İşin ən vacib və maraqlı tərəfi də budu. Terrorun bir başqa amacı da daxildə ixtilaf yaratmaq, xalqla hakimiyyətin arasını vurmaqdı. Fəqət Türkiyə vətəndaşı ona uzanan xain əlin ünvanını yaxşı bilir. Hətta Ərdoğan iqtidarını sevməyən, seçkidə ona səs verməyən (İstanbulda qaldığım ünvan CHP-nin ən güclü olduğu bölgələrdəndi) vətəndaş da deyir ki, məqsəd Türkiyəni bölüb parçalamaqdı. Türkiyə insanı durumu bu cür tərif edir: “Bu bir savaşdı – Türkiyəni zəiflətmək, parçalamaq üçün başladılmış savaş. Ərdoğan iqtidardan getsə də bu savaş durmayacaq – Türkiyə bölünənə kimi davam edəcək”. 
 
Əslində doğru təsbitdi. Hazırkı periodda, tutaq ki, Ərdoğan iqtidarı getsə də bu, Türkiyənin xilası olmayacaq, indiki anda qardaş ölkədə iqtidar dəyişikliyi daha böyük xaos yaradar. Zatən xalq da bunun fərqindədi. Ona görə də hələlik hakimiyyətlə o qədər də işləri yoxdu, AKP iqtidarına çox da yüklənmir vətəndaş, barmağını uzadıb iqtidarını suçlamır. 
 
Amma bir qorxulu məqam var. “Reina” terrorundan sonra Türkiyə cəmiyyətində müəyyən qədər fikir ayrılığı yaranıb. Mühafizəkar qisimlə sekulyar kəsim arasında sosial şəbəkədə ciddi dartışmalar gedir. Həyat tərzi baxımından mübahisələr qızışır. O cür ünvanlarda yeni il qutlamalarının doğru olmadığını söyləyənlərin, bu fikri açıq formada deyənlərin səsləri terrordan sonra xeyli yüksəlib. 
 
Картинки по запросу “Reina” terrörü
 
Yeri gəlmişkən, İstanbula endiyim gün hava limanından otelə getdiyim taksinin sürücüsü də mühafizəkar təbəqənin nümayəndəsi idi. İsrarla bildirirdi ki, 31 dekabrda yeni ili qeyd etmək inancımıza, dini mənsubiyyətimizə ziddi, haramdı. Bilərəkdən onunla mübahisə etdim. “Abi, qüsura baxma, sən də onlardansan”, deyə mənə söz soxdu. 
 
Dünyəvi camiə ilə mühafizəkarların bu mövzudakı dartışması fikrimcə, idarə olunan prosesdi. Görünür “Reina”da terror törədənlər təkcə turizmi məhv etməyi, daxildə qorxu yaratmağı hesablamayıblar, demək, həm də Türkiyədə həyat tərzi məsələsini bu şəkildə qızışdıra biləcəklərinə əmin olublar. 
 
Картинки по запросу “Reina” terrörü
 
Artıq hökumət duruma əl qoymağa çalışır. Baş nazirlik xalqa müraciət edib, ayrı-ayrı nazirliklər 500-ə yaxın facebook və tvitter hesablarının nəzarətə götürüldüyü haqda açıqlama yayıb, qızışdırıcı mövqedən çıxış edənlərin cəzalandırılacağının anonsunu veriblər. 
İnanaq ki, Türkiyə vətəndaşları düşmənin bu hiyləsinə uymayacaq. İsti, qanlı terrordan sonrakı “soyuq terror”un qarşısını ala biləcək müdriklik göstərəcəklər. Yoxsa, bu, Türkiyəni daha böyük fəlakətə sürükləyə, vətəndaş qarşıdurmasına səbəb olar. 
 
Türkiyənin xilası həmişəki kimi xalqın əlindədi. Xalq möhkəm dayansa, düşmənin hiyləsinə uymasa, ölkəsini də, iqtidarını da, özünü də bu fəlakətdən qurtara biləcək. Əks halda... Əksini düşünmək belə qorxunc. 
 
Əslində İstanbul elə Türkiyə deməkdi. Bu şəhər psixoloji cəhətdən düşmənə təslim edilsə, sonra toparlamaq çətin olacaq. Onu Konstantinopola çevirmək istəyən güclərlə sonadək dirəşmək lazım. Türk xalqı bu gücü özündə tapacaq.      

Musavat.com

11:07