Mehriban Vəzir yazır...

Ədalətsizlərin ədalətinə möhtac qalmışıq. Onlardan biri də: Facebook...
Nərmin xalqımıza "qoyun" deyən ermənidən şikayət yazıb. fb cavab verib ki, bu, təhqir deyil. Təhqir yağdıran erməniyə deyib: bütün dediklərini sənə geri göndərirəm. fb təhqiri sahibinə geri göndərməyi təhqir sayıb və yenə də daha bir ay Nərminin səhifəsini qapadıb... bu da susdurmağın çağdaş texnoloji yolları...

Amerika erməniləri fb-də xüsusi şəbəkə qurublar... dünyanın hər yerinə səpələnmiş bu çirkinlər keflərinə dəyən hər şeyi fb strukturlarında şəbəkələşmiş soydaşlarına göndərir və cəzaya nail ola bilirlər...
Bütün sahələr... bütün Qərb dövlətləri, beynəlxalq təşkilatlar, hüquq müdafiə qurumları, humanitar fondlar və s. və i. hamısı da bu gündə... susdurmağın müxtəlif üsullarına yiyələnib bildiklərini edirlər...
Erməninin xətrinə dəyənlərə keçiş vermirlər... (hətta ölkəmizin bəzi tv-lərində belə...)
Bu üzdən beynəlxalq təşkilatlarla işləyən qht-çilər son erməni terrorundan, vəhşiliyindən... insana, tarixə, mədəniyyətə, hətta təbiətə etdikləri terrordan danışmaq istəmirlər... kəsilən ağaclardan hesabat hazırlamaq heç kəsin ağlına gəlmir, gəlsə belə sərf etmir...

Vicdanı olan Azərbaycan insanı üçün mühit heç yerdə əlverişli deyil... nə fb-də, nə içərdə, nə dışarda... Ölkənin içində baş verən ədalətsizliklərdən danışarsansa qara siyahıya düşürsən, mərhumiyyətlərə dücar olursan. Rejimin menyusu məddahlıqdan, şər xidmətçiliyindən, cib müxalifliyindən, zəvzək-yaltaq politoloq(çu)luqdan, qələmini vicdanı ilə birgə satmış media(çı)dan başqa heç nəyi qəbul etmir...
Ölkədən kənarda isə... daha pis... haqq sözünü dünyaya çatdırmaq, terrorçu erməniçiliyi ifşa etmək iddiasına düşən... olarsa əlbəttə... həmən maliyyə fondlarının dəstəyindən məhrum olar...

Ədalətsiz mühit içəridə olduğu kimi dışarda da meydan sulayır... siyasi məhbuslardan istədiyin qədər danışa bilərsən... (danışmalısan da...) Lakin... Tərtərə, Gəncəyə atılmış bombalar, qətl edilmiş körpələr - erməni vandalizmi barədə sus... Və susurlar... susmaqdadırlar...
Minalanmış ərazilərin xəritəsini verməyən, hər gün ölümə, qana səbəb olan "yeni növ erməni terrorçuluğu" haqqında hüquq müdafiəçilərinin etirazına, üsyanına rast gəldinizmi? Çətin məsələdi...
Və bu yerdə içəri ilə dışarı uzlaşır: haqqı demə, mənim istədiyimi de... mənim havama oyna... haqqı deyərsənsə oksigen (pul) balonunu bağlayaram, çapalayarsan... nəfəsin kəsilər...
Dünya ədalətinin yolu təməlindən qapalı... yalnız sifarişli və icazəli çərçivədə vicdanlı ola bilərsiniz...
Amma... əlbəttə, keçiş yolu mütləq var... bəşər tarixi belə deyir...
Lakin... hazırda mən o yolu görə bilmirəm... görənlərin və yol göstərən gerçək böyüklərin gözü ilə dünyaya baxmaq lazım olduğunu isə bilirəm... məhz bu bildiyim indi ən böyük milli ehtiyacdır.
Buxovlardan azad, gözü kölgəsiz, gizli ciblərdən və ya fondlardan gələn pulla güzəran qurmağa möhtac qalmayan, gerçək tarixi, fəlsəfi, siyasi bilikləri, şəfqət dolu ürəyi, birləşdiriçi gücü, odu alınmaz gözü, bağışlayan və sevən qəlbi, "mən-mən" deməkdən utanan üzü, çıxılmazlıqlar içində çıxış yolunu görə bilən bəsirəti olan - tarixin tək-tək yetirdiyi böyüklərə ehtiyac vardır...

Hələlik isə... ədalət ərşə çəkilib... onu ərşdən ərzə endirəcək tək güc toplumdur. Toplumun vicdanı, dürüstlüyü, fədakarlığıdır...

Görək nə olur...
Mehriban Vəzir
Xudaferin.eu

16:14