Misir portalı: Azərbaycan işğaldan azad olunmuş ərazilərində tarixi-mədəniyyət abidələrini bərpa edəcək

Misirin “Aldiplomacy” informasiya portalı “Azərbaycan işğaldan azad olunmuş ərazilərdə tarixi-mədəniyyət abidələrini bərpa etməklə Ermənistanın cinayətlərinin nəticələrini aradan qaldıracaq” sərlövhəli məqalə yayımlayıb.

Məqalədə AZƏRTAC-ın yaydığı Xarici İşlər Nazirliyinin Ermənistan xarici siyasət idarəsinin Azərbaycan tərəfindən Şuşada aparılan bərpa işləri ilə bağlı bəyanatının şərhinə istinadla qeyd olunub ki, 30 ilə yaxın işğal altında saxlanılan ərazilərimizin azad edilməsi ilə ölkəmiz bu torpaqlarda bərpa və quruculuq prosesinə başlayıb. Hazırda bu ərazilərdə nəhəng yenidənqurma işləri həyata keçirilir, o cümlədən onilliklərlə davam edən Ermənistan işğalı zamanı yerlə-yeksan edilmiş tarixi, mədəni və dini irsimiz bərpa olunur.

Bildirilib ki, Şuşa şəhərində həyata keçirilən genişmiqyaslı quruculuq işləri çərçivəsində məscidlər, tarixi abidələr, məqbərələr, ev-muzeyləri, eləcə də Qazançı kilsəsi bərpa edilir və bu yenidənqurma işləri Şuşanın tarixi simasının bərpa edilməsi məqsədilə məhz orijinal memarlıq üslubuna uyğun olaraq həyata keçirilir. Eyni zamanda, Şuşadakı Qazançı kilsəsinin 200 metrliyində “İsgəndər M” raketinin qalıqlarının tapılması və yalnız xoşbəxtlikdən faciənin baş verməməsi onu göstərdi ki, bu ölümcül silahla Ermənistan bütün şəhəri, o cümlədən “dəyər verdiyi” kilsəni belə məhv etməyə hazırdır.

Məqalədə diqqətə çatdırılıb ki, Ermənistan bu ərazilərdəki mədəni və tarixi irsin xarakterini sistematik və qəsdən məhv edib və ya dəyişdirib, o cümlədən muzeylərin mülkiyyətində olan əlyazmalar və digər dəyərli eksponatlar yox edilib və yaxud onlar oğurlanaraq qara bazarlarda satışa çıxarılıb, Azərbaycanın xalçaçılıq sənətinin dəyərli nümunələri talan edilib, yüzlərlə mədəniyyət müəssisəsi, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 100 mindən artıq eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 8 mədəniyyət və istirahət parkı, habelə Füzuli rayonu ərazisində dünyanın ən qədim yaşayış məskənlərindən biri – Azıx mağarası, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu erməni vandalizminin qurbanına çevrilib.

Sonda vurğulanıb ki, bütün bu vəhşiliklərə, beynəlxalq öhdəliklərin pozuntusuna səbəb olan bir ölkənin Azərbaycan tərəfindən öz ərazisində aparılan bərpa-quruculuq işləri ilə bağlı hər hansı şərh verməyə mənəvi, ya da hər hansı hüquqi əsası yoxdur.

 

Oqtay Bayramov

Xudaferin.eu

15:24