"Muğamınızı da yığışdırıb gedin burdan..."

Məşhur erməni bəstəkarı, gitaraçı və öz mahnılarının ifaçısı Ruben Haxverdyanın Youtube-da yayımlanan Bac.TV kanalına verdiyi müsahibəsində dedikləri Ermənistanda və Qarabağda ona qarşı güclü hiddətə səbəb olub.

Qarabağ ermənilərinin azərbaycanlılara xas xüsusiyyətlərdən "təmizlənməyə" ehtiyac olduğunu bəyan edən Ruben Haxverdyan sosial şəbəkələrdə tənqid hədəfinə çevrilib.

68 yaşlı musiqiçiyə qarşı kampaniyaya sadə istifadəçilərdən tutmuş siyasətçi və diplomatlar da qatılıb.

Haxverdyanın ötən həftə sonu Youtube şəbəkəsində yayımlanan müsahibəsində qalmaqala səbəb olan hissəsi yoxdur. Bu görüntüdə Ruben Haxverdyan Robert Koçaryanla Serj Sarkisyanın Ermənistana gətirilməsində birinci prezident Levon Ter-Petrosyanı günahlandırır.

Haxverdyan "Robertlə Serjiki" "Rusiya agentləri" adlandırır və "Rusiya xüsusi xidmətlərinin nəzarəti altında olan Levon Ter-Petrosyana onların hər ikisini "Ermənistana gətirmək" əmri verildiyini bildirir.

Lakin sosial şəbəkələrdə müsahibənin qəzəb doğurduğu təxminən 1 dəqiqəlik hissəsi də yayılıb.

Burada o deyir ki, Qarabağ erməniləri azərbaycanlıdır, Azərbaycan mühitində böyüyüyblər... "Qarabağ xalqının bu təsirdən təmizlənməsi üçün daha 50 il keçməlidir", - Haxverdyan deyib.

"Mədəniyyətinizi də yığışdırıb gedin..." Ermənistanlı musiqiçi "1 mart 2008-ci il qanlı hadisələrlə bağlı" həbs olunan Robert Koçaryana Qarabağda canıyananlıq edənləri də pisləyib.

"Orada (Qarabağda) bir ... aktrisa var. Bu yaxınlarda demişdi: "Robert oturursa (həbsdə), biz də oturmuşuq", - deyə Haqverdyan Stepanakert dram teatrının keçmiş aktrisası, qondarma "DQR parlamentinin deputatı" Janna Qalstyanın Koçaryanın "dərdinə şərik olmasına" rişxənd edir.

"90-cı illərdə paytaxt Yerevan təzəcə təmizlənmişdi, şəhərə oxşayırdı, amma sonradan bu türk musiqiləri gəlib kök saldı", Haxverdyan qəzəblənib.

"Yığışın gedin burdan öz mədəniyyətinizlə, öz namazlarınızla, öz muğamlarınızla!" - Haxverdyan deyir.

Sosial mediada reaksiyalar Bəstəkar Ruben Haxverdyanın müsahibəsinə dair əksər şərhlər əsasən "bir milləti yaşadıqları bölgələrə görə müxtəlif çeşidlərə bölməsi" ilə bağlı tənqidi olub.

Sevak Alaverdyan Facebook statusunda tövsiyə edir ki, "indən belə hamı öz qarabağlı, gümrülü və sairə kimi haralılığına işarə edən ifadələri yaddaşından çıxarsın".

"Hamımız erməniyik, vəssalam. Məgər aydın deyilmi ki, parçalanma yolu bizim üçün məhvedicidir? Artığını deyib, bizə heç bir partiya da lazım deyil. Bizim yalnız bir partiyamız olmalıdır "hay" (erməni)", - Sevak Alaverdyan yazıb.

Yeva Xaçatryan yazır: "Erməni elə ermənidir. Erməni elə millətdir ki, harada, hansı bölgədə yaşadığı vacib deyil. Ermənistan da bizik, Artsax da hamımızıq... Kim ki belə düşünmür, erməni deyil. Ermənistan və Artsax vətənimizdir..."

Astghik Avetisyan bəstəkarın sözlərini "cahil, vulqar, vətənsiz birisinin mülahizələri" kimi şərh edir. "Vaxtilə bəzi bədnam yerevanlılar bütün bölgə əhalisinə bu cür yanaşırdılar. Normal insanlar tərəfindən inkar ediləsi meşşan düşüncəsi", - Astghik Avetisyan qeyd edir.

Ermənistan ombudsmanı və millət vəkili pisləyirlər Ermənistan insan haqları müdafiəçisi Arman Tatoyan "vətənimizin Artsax hissəsi haqqında, xüsusilə də tanınmış bir şəxs tərəfindən, bu cür həqarətli fikirlər söyləməyi" ciddi şəkildə pislədiyini bildirib.

"Müsahibədə səslənən ayrı-seçkiliyə və hətta daxili düşmənçiliyə sövq edən bəyanatlar yolverilməzdir. Artsax ermənilərinin şərəf və ləyaqəti bütün erməni aləminin vəhdətinin işıqlı rəmzidir", - Ermənistan ombudsmanı öz Facebook statusunda qeyd edib.

Ermənistan parlamentinin üzvü Arman Babacanyan musiqiçi Ruben Haxverdyanı "xalqımızın müxtəlif seqmentləri arasında ədavət salmaq cəhdini sərt" tənqid edib.

Millət vəkili Facebook səhifəsində yazıb ki, "bəstəkar özü bir çox mədəniyyət, siyasi və ictimai xadimləri sarsıdan müsahibəsində etdiyi bəyanatlarla həddini aşıb".

"Onun bəyanatları birmənalı, ermənilərə qarşı nifrət, erməni xalqını hissələrə bölmək niyyətini ehtiva edir", - millət vəkili Arman Babacanyan yazıb.

Millət vəkili, "xüsusilə özlərini ziyalı hesab edən xadimlərə", ictimai bəyanatlarında son dərəcə ehtiyatlı olmağı tövsiyə edir.

"Əks təqdirdə onlar da Ruben Haxverdyanın haqlı olaraq qazandığı və hələ qazanacağı hörmətsizliyə layiq olarlar", - Arman Babacanyan hesab edir.(bbc)

Xudaferin.eu

 

15:40