Müstəqilliyimizə bərk-bərk sarılaq

Son zamanlar "Azərbaycanın Rusiyaya birləşməsi" kimi çaqqal-çuqqal ulartısı eşidilir. Bu hava Kreml havasıdır. Putinin sovetləri bərpa etməkdən ötrü ağzının suyu axır. Bakıda oturub ekpansionistin ağız suyunu yalayanlar ağız ağıza veriblər.
Ar olsun! Ayıb olsun! Üstəlik ölüm olsun sizə!

Bunca axıdılan qanımızın heç bir dəyəri yoxmu sizin üçün? Diliniz necə dönür?

Heç olmasa sələflərinizin taleyinə baxın: "Azərbaycanın səadəti Rusiya ilə birlikdədir` deyən Nərimanovu zəhərləyib ölüsünü göndərdilər üstümüzə. Soydaşlarımızın taleyinə baxın: təkcə 37-də 28 minimizi güllələdi Rusiya, yüzminləri sürgün elədi, öz müharibələrində qanımızı axıtdı, biz öldük, o qalib gəldi. Sərvətimizi daşıdı, bizi dünyanın inkişafından, elmindən, demokratiyasından, ədalətindən uzaq saldı. Bu günkü bütün bəlalarımızın başında Rusiya durur.

Ümumiyyətlə, millətlərin ən böyük bəlası köləlikdir, istismardır, istiladır. Bizə bu bəlanın ən faciəlilərini dadızdırdı Rusiya. Vətənimizi parçaladı, torpaqlarımızı alıb erməniyə verdi. Daha nələr etməlidir ki, anlayasınız. Yoxsa xəyanət zatınız anlamağa heç vaxt imkan verməyəcək?


Azərbaycan Şəhid və Qazilərimizin bizə olan əmanətidir. Bu əmanətə xəyanət etməsinə imkan vermək olmaz.

Çox təəssüflər olsun, bütün toplumlarda olduğu kimi bizdə də milli qürurunu, milli şərəfini itirmişlər var. Onlar öz şərəfsizliklərini "məhəbbət" kimi ifadə edir, "səadətlərini" Rusiya ilə bir dövlət, bir bayraq altında yasamaqda görürlər. Onlar zatlarında köləlik genləri gəzdirən yaramazlardır.

Azərbaycanın dövlət müstəqilliyinə düşmənçiliklə yanaşan bu kimi sapı özümüzdən baltaları az görməmişəm. Mən belələrinə həm Rusiyada, həm də Avropa ölkələrində az rast gəlməmisəm...

Elə güman etməyin ki, mənim rus xalqına nifrətim var. Əsla yox! Rus xalqını, onun mədəniyyətini, sadə və səmimi insanlarını çox sevirəm. Rusların arasında yaxşı dostlarım, müəllimlərim, təmənnasız yaxşılıq gördüyüm xeyirxahlarım var. Onları heç vaxt unutmuram, dostluq münasibətlərimizi davam etdirirəm, dünyadan köçənləri ehtiramla xatırlayıram.

Rus idarəetməsindən, rus irticasından ən çox əzab çəkən elə rus xalqıdır. Rus imperiyası nə öz xaqlına gün verir, nə qonşu xalqlara. Bu xalqlar həbsxanası, elə kəmiyyətçə götürsək də ən çox rus xalqını məhbəslərdə, sürgünlərdə çürüdüb. Ən çox rus ziyalısını məhv edib, ən çox rus qadınlarını, rus analarını, rus gənclərini repressiya edib.

Biz istər ruslarla, istərsə digər xalqlarla yaxşı münasibətdə ola bilərik, sözümüz tutarsa, lap dost və qardaş da ola bilirik. Biz mehriban qonşu olmağı da bacaran millətik.


Qarabağı azad edə bilməyən bir milləti heç Allah da azad edə bilməz

Lakin Azərbaycanın dövlət müstəqilliyi heç bir zaman və heç bir yaramazın dilində müzakirə mövzusu ola bilməz! xalq adından heç kəs bu qələti arzulaya bilməz. Belə bayılırsansa get gir rus dövlətinin qoltuğu altına, millətin taleyinə dil uzatma.

Bəli, Azərbaycanda korrupsiya var, rüşvət var, səhiyyə, təhsil yararsız hala salınıb, xalq dövlətin sərvətinə adekvat yaşamır, əziyyət çəkir… idarəetmə sisteminin himi əyri qoyulub.

Lakin heç nə… təkrar edirəm, heç nə Rusiya ilə birləşmək söhbətini ortalığa atmağa səbəb ola bilməz. Heç nə dövlət müstəqiliyimizlə bağlı hər hansı bir xain fikrin gündəmə gəlməsinə səbəb ola bilməz!

Bütün mövcud problemlər zamanla və tədricən ötüb kecəcək. Bizlər də bir gün ciyin-ciyinə söykənərək dünyanın inkişaf etmiş millətləri cərgəsinə qosulacağıq. Imzalar içində imzamız olacaq! Bizə zorla sırınmış yerlibazlıq virusu da bir gün ölüb bitəcək. Bir millət, bir xalq olacağıq.

Bütün bunları hətta bizlər görməsək belə, bundan ötrü çalışmalıyıq, övladlarırmızın bir gün milli biriliyin şahidi olması üçün çalışmalıyıq. Yetər ki, Azərbaycan müstəqil olsun, dövlət olsun! Məhz, müstəqil dövlət olsun. Bütün inkişafların altyapısı azadlıqdır. Azadlığımızdan bərk yapışmalıyıq. Azad olmamaq köləlikdir, kölə olmaq heç nəyi olmamaqdır.

Azərbaycanın bütün beynəlxalq – diplomatic, ticarı, mədəni münasibətləri bərabərlik üzərində qurula bilər, vassallıq üzərində qətiyyən yox. Heç bir fayda dövlət müstəqilliyini zədələməməlidir. Süverenlik mütləq və xalqın iradəsində olmalıdır.


Bayrağımız dövlətimizin, milli kimliymizin, Vətənimizin simgəsidir. Bu bizim əcdadlarımızın mirasıdır. Ona sadiq olmaq bütün varlığımızın tək sübutudur

Biz azadlığımızı və süverenliyimizi qorumaq üçün, min illərdir mücadilə vermiş bir millətik. Bəzən bu nemətləri itirmiş olsaq belə heç zaman boyunduruğa baş əyməmişik, fürsət düşən kimi buxovlarımızı sındırıb müstəqilliyimizi pərpa etmişik.
Azadlıq, müstəqillik, süverenlik əcdadımızn bizə əmanətidir. Bu əmanəti hər zaman iki od arasından qapmışıq. Qanımız, canımız, həyatımız hesabına alövlar içindən alıb üç rəngli bayraq olaraq göylərə dikmişik.

Azərbaycanın dövlət müstəqilliyi müqəddəsdir! Azərbaycanın dövlət müstəqilliyi hər şeydən ucadır. Bu müqəddəsliyə və ucalığa sataşanlar zənn etməsinlər ki, elə həmişə belə cəzasız qalacaqlar, ağızlarının payını almayacaqlar. Zatən, onlar ictimai qınaq altındadırlar. Sadəcə, arı yeyib, namusu atdıqlarından heç nə veclərinə deyil. İndiki mühit də onlara konfortdur.
Azərbaycan milli fikrinin və milli mübarizələrinin öndərlərindən biri Şeyx Məhəmməd Xiyabaninin qızıldan qiymətli bir fikri var: “And olsun şərəfimə, o millətin ki, istiqlalı yoxdur, onun heç nəyi yoxdur”.

İstiqlalımıza bərk-bərk sarılaq.

Elman Mustafazadə,
Avropa-Azərbaycanın Dostları Cəmiyyətinin sədri

Musavat.com

12:50