NATO baş katibindən Azərbaycana dəstək

Elşən Mustafayev: “Azərbaycanın bu münasibətlərdən maksimum yararlanması...”

NATO-nun baş katibi Paris Beynəlxalq İşlər Məktəbinin keçirdiyi virtual tədbirdə nitq söyləyib və çıxışı zamanı Qarabağ münaqişəsinin, habelə Donbas və Cənubi Osetiyadakı vəziyyətin siyasi həlli ilə bağlı suala cavab verib.  Stoltenberq deyib ki, Abxaziyada və Cənubi Osetiyada Gürcüstanın ərazi bütövlüyü və suverenliyi pozulub və bu tamamilə yolverilməzdir.

Qarabağ münaqişəsinin həllinə gəlincə də NATO-nun baş katibi alyansın dövlətlərin suverenliyinə hörmət bəsləməli olduğunu deyib: “NATO-nun rolu bu ölkələrə dəstək vermək, onları inkişaf etdirmək, islahatlar sahəsində kömək göstərməkdir. NATO müttəfiqləri olaraq biz müxtəlif şəkildə həm Gürcüstan, həm də Ukraynada varıq. Əlbəttə, biz siyasi həll yolu tapmalıyıq. Müxtəlif münaqişələrdə... İstər Moldovada, istərsə də sizin dediyiniz Dağlıq Qarabağda ən əsas mesaj budur ki, biz suverenliyə hörmət göstərməliyik”.

Cümlələrə diqqət yetirəndə görünür ki, bu, NATO kimi bir qurumun başçısının əlbəttə ki, dolayısı ilə Azərbaycanın 44 günlük Vətən müharibəsinə, ərazi bütövlüyünü bərpa etməsinə dəstəyi deməkdir. Əslində NATO müharibə dövründə də kifayət qədər təmkinli mövqe nümayiş etdirmişdi. Heç şübhəsiz ki, bu ədalətli mövqe həm də Azərbaycanın NATO üçün əhəmiyyətli ölkə olmasının göstəricisidir.

Bu mövqeyin əslində çox sualların cavabı olduğu qeyd edilir. Hazırda Azərbaycan-NATO münasibətlərinin növbəti inkişaf mərhələsini yaşadığı vurğulanır. Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, NATO baş katibinin mövqeyi ilk növbədə, beynəlxalq hüquq normalarına əsaslanır: “Onun sadaladığı münaqişələrlə bağlı beynəlxalq təşkilatlarda müvafiq qərarlar var. İlk növbədə Ermənistan-Azərbaycan münaqişəsi, Dağlıq Qarabağla bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrini önə çəkmək olar. Avropa Parlamenti və Şurasının da qətnamələri olub. Söhbət bundan gedir ki, yeni bir şey yoxdur. Əsas olan odur ki, dünyada sülh-sabitlik dövlətlərin suverenliyi, ərazi bütövlüyü üzərində qurulub. Hər halda, hansısa bir vəziyyətdə buna şübhə ilə yanaşılırsa, bu yeni qarşıdurmaların, münaqişələrin səbəbi olur. Amma Azərbaycan öz müzəffər Silahlı Qüvvələrinin qəhrəmanlığı nəticəsində BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edib. Vasitəçilərin edə bilmədiklərini həyata keçirib.

Asim Mollazadə DTX-nın saxladığı qohumundan danışdı

Asim Mollazadə: “NATO çox gözəl anlayır ki...”

Bu istiqamətdə NATO baş katibinin mövqeyi mənə elə gəlir ki, beynəlxalq hüquq normalarına əsaslanır. Bununla yanaşı, bir məsələni də xüsusi qeyd etmək istərdim ki, Azərbaycana dəstək verən ölkələrdən biri NATO-nun əsas ölkələrindən sayılan Türkiyədir. Söhbət siyasi dəstəkdən gedir. Bu siyasi dəstək də NATO-nun mövqeyinin formalaşmasında öz əksini tapır. Çünki Cənub-Şərq NATO sərhədlərində ən əsas qüvvə Türkiyədir. NATO-nun əsas mütəffiqi və gücü sayılır. NATO çox gözəl anlayır ki, ona üzv ölkələrin enerji təhlükəsizliyində Azərbaycan mühüm rol oynayır. Eyni zamanda, ümumiyyətlə, bölgədə əməkdaşlıq, kommunikasiyalar və digər məsələlərin arxasında Azərbaycanın dayandığını NATO da yaxşı bilir. Təkcə NATO-ya üzv olan ölkələrin deyil, müttəfiq olan ölkələrin də Azərbaycanın həyata keçirdiyi strategiyada böyük maraqları var. Ölkəmizin həyata keçirdiyi siyasət haqlı hesab olunur və ona dəstək verilir. Bu dəstək də beynəlxalq hüquq normalarına tam əsaslanan dəstəkdir. Azərbaycan hərbi əməliyyatlarını işğal altındakı ərazilərində həyata keçirib, beynəlxalq hüquq normaları çərçivəsində öz ərazilərini azad edib, eyni zamanda vətəndaşlarının hüquqlarını, həyatını qorumaqla məşğul olub”.

Elşən Mustafayev: “Müxalifətçiliyi monopoliyaya almaq yolverilməzdir” -

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayevin fikirləri də xüsusi diqqət çəkir: “Sentyabrın 27-də müharibə başlayan gündən NATO-nun, ABŞ-ın bu məsələ ilə bağlı sərgilədiyi mövqe çoxlarını təəccübləndirmişdi. O vaxta qədər Qarabağ konflikti ilə bağlı belə münasibəti görməmişdik. Müharibənin ilk günlərində NATO Baş Katibi Yens Stoltenberq Türkiyədə səfərdə olarkən bəziləri gözləyirdi ki, Ankaradan Azərbaycana qarşı kəskin mesajlar səsləndirəcək. Amma Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında Çavuşoğlunun Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi məqsədilə apardığı haqq davasında hər zaman yanında olduqlarını deməsindən sonra Stoltenberq bir neçə ümumi cümlə ilə əslində ərazi bütövlüyümüzü dəstəkləmişdi. Bir çoxları NATO-nun bu mövqeyini Trampın dünyadakı konfliktli məsələlərə özünəməxsus baxışının olması ilə əlaqələndirsələr də, hesab edirəm ki, bu, alyansa daxil olan ölkələrin əksəriyyətinin mövqeyi idi. Müharibə gedişində bir neçə NATO ölkəsi istisna olmaqla digərlərinin tutduqları loyal mövqe, hətta bəzilərinin açıq dəstəyi bunları deməyə əsas verir. 44 günlük müharibə və bu müharibədə əldə olunmuş qələbə ərazi problemləri olan digər ölkələr üçün hazırda vacib bir president yaradıb. NATO-nun, ABŞ-ın, Avropa İttifaqının Gürcüstanda, Ukraynada, Moldovada olan ərazi problemlərinə yanaşmasını hamımız bilirik. Rusiya sadaladığım konfliktlərdə baş rolda olduğundan hazırda ciddi sanksiyalarla üz-üzədir və bundan sonra daha ağır təzyiqlər altında olacağı gözlənilir. NATO Baş Katibinin Azərbaycanın ərazi bütövlüyünü qabardaraq önə çəkməsi yaxın zamanlarda bu şəkildə problemi olan ölkələrlə bağlı ciddi qərarların olacağına işarədir. Azərbaycan NATO üçün həmişə önəmli bir dövlət olub. Bu önəmi yaradan səbəblər həm strateji, həm də iqtisadi maraqlardan keçir. NATO-ya üzv olan ölkələrin Azərbaycanla iqtisadi layihələrinin olması, enerjidaşıyıcıları sahəsində əməkdaşlığı NATO-nu Azərbaycanı partnyor kimi görməsinə gətirib çıxarıb. Azərbaycanın Rusiyanın əsas rol oynadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında olmaması, əvəzində NATO-nun hərbi cəhətdən ikinci dövləti olan Türkiyə ilə hərbi sahədə ciddi əməkdaşlığı NATO-nun belə düşünməsinə əsas yaradan səbəblərdəndir. Hesab edirəm ki, Azərbaycanın bu münasibətlərdən maksimum yararlanması gələcəkdə Dağlıq Qarabağ konfliktinin tamamilə sona çatdırılmasında, rus qoşunlarının bölgədən çıxmasında mühüm rol oynaya bilər”.

Xudaferin.eu

14:23