Oyunbazlar ölkəsinin "qumarbazları"

(və ya siyasi “qumarbazlar”)

Qumara qoyulansa - Xalq, Vətən, Mənəviyyat.
Düşüncələr, qırıq düşüncələr......

Dostlardan tez - tez eşidirəm - siyasət bir oyundur, hər kəs öz oyununu oynayır, bunsuz mümkün deyil və s... Burda, lazım gəldikdə yalan da danışmalısan, nəyisə qazanmaqçün kimisə qurban da verməlisən, lazım olduqda nifrət həddinə qədər qəbul edə bilmədiyin adamın üzünə də gülməlisən, ya, lazımsa kiminsə üzünə də durmalısan, lazım gəldikdə söz gəzdirib, gizli söhbətlər aparmalı, qruplaşmalar qurmalı, tərəf saxlayan kimi də görünməlisən, bəzənsə danışmalı olduğun halda susmalısan, haqsızlıq olduğunu bildiyin halda belə vicdanını qapadıb susmalısan........

“Lazımlar” çox oldu deyəsən. Bəlkə siyasət elə “lazımlardan” ibarətdir?

Deyilənlərə “siyasət oyun deyil, oyun qurmaq bacarığıdır” fikri ilə yanaşsaq, hardasa, nələrisə qəbul etmək də olar.

Amma və lakin! Oyunbazlıqla, oyun qurmaq bacarığını eyniləşdirməyin və unutmayın ki, siyasətdə oyun qurmaq və oynamaq bacarığı mənəviyyatsızlığa, ikiüzlülüyə, şərəfsizliyə, içiboşluğa gətirib çıxararsa, bu, millət üçün fəlakətə çevrilər.

Əfsuslar olsun ki, bu gün Azərbaycan siyasi fəlakərlər burulğanında çabalamaqdadır.

Buralarda siyasət məhz oyun, özü də çirkli oyun sayıldığı üçün, məmləkət oyunbazlar meydanına çevrilib, mübarizə də oyunbazlıqla əvəz olunub. Hər kəs öz oyununu oynayır, iqtidarı, müxalifəti, imanlısı, imansızı, hətta ziyalısı, zəkalısı belə.

Burda üzə duranlar, üzə gülənlər kim, yalan satanlar, doğruya susanlar kim, quyu qazanlar, məddahlıq edənlər kim, ağıllı görünüb ağıl qoyanlar, yolsuzluğu bilib yol göstərənlər, meydandan çox uzaqlarda “meydan sulayanlar” kim, faciələri özünü reklama çevirənlər, karyera naminə hər şeyini qurban verənlər, pafosla bağırıb insanlara boş vədlər verənlər kim..... siyasət çirkli bir oyundur deyib də öz çirkabında boğulanlar kim.....

Masa üstündə isə - Xalq, Vətən, Mənəviyyat.

Siyasət çirkab deyil, siyasət çirkli əllərdə çirkaba çevrilir.

Etdikləri əməllərə (mənəviyyatsızlığa) haqq qazandırmaq üçün oyunbazların mütləq min - bir sözü, söhbəti, min – bir sifəti də olur.

Olsun. Oynayın oyunlarınızı, oyunbazlar ölkəsinin “qumarbaz” siyasiləri.

Ama, bir həqiqəti əsla uutmayın - bu oyunda udan olmur, bu oyunda hər kəs uduzur. Bu oyunda udanın qazanc bildiyi, əslində uduzmuş olduqlarından qat - qat daha dəyərsiz olur.

Oynayın oyunlarınızı. Verin bada bu xalqı, bu milləti, verin bada mənəviyyatınızı, xərcləyin istifadə etdiklərinizi, satın sata bildiklərinizi....

Tarix, gec ya tez izinizi siləcək, millətə vurduğunuz yaralar isə uzun zaman yaddaşlardan silinməyəcək.

Vidadi Səfərli
Xudaferin.eu

20:12