Qan batıran rus Femidasının “Budanov rüsvayçılığı” – Qatilin qatilnin qətli

19 yaşlı həmyerlimiz Vəkil Abdullayevin Rusiyada polis əməkdaşı tərəfindən öldürülməsi, qatil polisin Rusiyada müxtəlif ictimai-siyasi qruplar tərəfindən müdafiə olunması, açıq-aşkar xidməti cinayət törətmiş şəxsin cinayət məsuliyyətindən yayındırılmağa cəhd göstərilməsi adamın yadına bənzər bir cinayəti, kriminalistika tarixində qalmaqallı “Budanovun işi” kimi qalmış hadisəni salır.

Polkovnik Yuri Budanov Rusiyanın 160-cı qvardiya tank alayının komandiri olub. O, 2000-ci ildə 18 yaşlı çeçen qız Elza Kunqayevanın oğurlanmasında, zorlanmasında və qətlində ittiham edilib. İşə Şimali Qafqaz hərbi məhkəməsində baxılıb.

Qatili mühakimə etmək əvəzinə müdafiə edən məhkəmə

Ancaq heç də hər şey rəvan getməyib. Hüquq-mühafizə orqanlarında Budanovun müdafiəçiləri tapılıb və onlar məhkəmənin Budanovun anlaqlı olmamasına görə cinayət məsuliyyətindən azad edilməsi barədə qərardad çıxarmasına nail olublar. Çeçenistanda geniş xalq narazılığı baş qaldırıb. Bundan sonra Rusiya Federasiyasının Ali Məhkəməsi çeçen ictimaiyyətinin kəskin etirazlarını, cinayət işi ətrafında yaranmış böyük ajiotajı nəzərə alaraq qərardadı ləğv edib, işi yenidən məhkəmə baxışına göndərib.

Bu üzdən fasilələrlə iki il yarım davam edən prosesdə, nəhayət, Budanov Tanqi-Çu kəndinin 18 yaşlı sakini Elza Kunqayevanın qətlində və səlahiyyət həddini aşmaqda günahlandırılıb. Zorlama ittihamını onun üzərindən götürüblər. Məhkəmə ona 10 il azadlıqdan məhrumetmə cəzası kəsib. Budanovun müdafiəçiləri onun 8,5 il cəza çəkdikdən sonra vaxtından əvvəl azadlığa buraxılmasını təmin ediblər. Onun aqibəti isə faciəvi olub. Amma bu barədə daha sonra.

“Büstqalterini cırdım, yatağa yıxdım, amma zorlamadım”

55178.jpg (213 KB)

Budanov hadisə ilə bağlı ibtidai və məhkəmə istintaqına verdiyi ifadədə aşağıdakıları bildirib:

“Mən, Budanov Yuri Dmitriyeviç səmimi şəkildə peşmançılığımı bildirərək aşağıdakıları qeyd etmək istəyirəm: 2000-ci ilin 26 martında, saat 23.50-də mən PDM (piyadaların döyüş maşını) ekipajı çağırdım və mənimlə birlikdə Tanqi-Çu kəndinə getməyi əmr etdim... Evdə iki qız və iki yeniyetmə oğlan vardı. Valideynlərinin harada olduğu barədə suala böyük qız belə cavab verdi ki, bilmir. O zaman mən böyük qızın örtüyə bükülməsini və maşına aparılmasını əmr etdim. Sonra onu alaya gətirdik. Tabeçiliyimdə olanlara bayırda dayanmağı əmr etdim. Mənə məlum idi ki, qızın anası snayperdir. İkilikdə qaldıqda mən qızdan anasının harada olduğunu soruşdum. O, qışqırmağa, dişləməyə və çabalamağa başladı. Zor işlətməli oldum. Aramızda süpürləşmə yarandı və bunun nəticəsində mən onun üstündəki koftanı və büstqalteri cırdım. Ona dedim ki, sakitləşsin. Ancaq o, qışqırmaqda və çırpınmaqda davam edirdi, o zaman mən onu yatağa yıxmalı oldum və boğmağa başladım. Boğazını sıxdım. Onun paltarlarının aşağı hissəsini çıxarmamışdım... Ekipajı çağırdım, onu örtüyə bükməyi, meşəliyə aparıb basdırmağı əmr etdim. Ekipaj deyilənləri etdi... Mən sadəcə onun valideynlərinin yerini dəqiqləşdirmək istəyirdim”.

Bəs zorlanmamış qızın bəkarəti necə pozulub?

 Elə bu ifadələrdən də Budanovun nə qədər yalan yazdığı ortaya çıxır. Anasının harada olduğunu bilməyən gənc qızı heç bir qanuni sənəd olmadan, gecəyarısı alayın ştabına aparmaq nəyə lazım idi? Qızın ifadəsini alarkən digər əsgər və zabitlər nəyə görə bayırda gözləməli idilər? Qız zorlanma təhlükəsi qarşısında deyildisə, nəyə görə qışqırmalı, cırmaq atmalı, çırpınmalıydı? Ayı boyda polkovnik 18 yaşlı qızla nəyə görə bu qədər süpürləşməli idi ki, onun koftası və büstqalteri cırılıb əynindən çıxsın? Zəif bir qızı sakitləşdirmək üçün onu mütləq boğmağa, hətta onurğasını sındırmağa nə ehtiyac vardı? Polkovnikin fiziki gücü yetərdi ki, qızın qolunu qandallamaqla onu sakitləşdirsin.

Həmin vaxt rus millətçilərinin qəhrəmanına çevril qatil və manyak Budanov bu suallara ağlabatan cavab verə bilməyib. Əvəzində məhkəmə istintaqında 18 yaşlı çeçen qızın öldürülməsini əsaslandırmaq üçün yeni əfsanələr uydurublar. Guya qızın özü də snayper imiş; Elza polkovniki hədələyirmiş ki, gedib Budanovun qızını tapacaq, onun bağırsaqlarını avtomata dolayacaq; qız deyib ki, o, rus əsgərlərini öldürüb və yenə də öldürəcək; Elza dəfələrlə dağa, çeçen mücahidlərin yanına gedibmiş; öldürüldüyü gecə 18 yaşlı qız polkovnikin çıxarıb tumbanın üstünə qoyduğu tapançaya sarı dartınıb.

Təbii ki, bunların hamısı polkovnikin cəzasını yüngülləşdirmək səciyyəsi daşıyıb. Sonradan o da məlum olub ki, ömründə öz kəndindən çıxmayan 18 yaşlı qız heç rus dilini də bilmirmiş ki, polkovniki rusca hədələsin, “hamınızı qıracğıq” desin.

22.jpg (255 KB)

                                    Elzanın atası və kiçik qardaşı

Ancaq qızın vəkilləri də boş oturmayıb, qızın meyidinin eksqumasiyasına nail olublar və ortaya çıxıb ki, qətldən 1 saat əvvəl onun bəkarəti pozulub. Bu dəlilin qarşısında çarəsiz qalan polkovnik və müdafiəçiləri iddia ediblər ki, Elza Kunqayevanı əsgərlər zorlayıb, daha dəqiqi, onun ölüsünü. Ancaq əsgərlər onurğa sütunu qırılmış meyiti necə zorlaya bilərdilər – bu suala da cavab verilməyib. Polkovniki biabırçı ittihamdan xilas etmək üçün Aleksandr Yeqorov ad-soyadlı əsgər tapıblar və o, boynuna alıb ki, qızın meyidini özü zorlayıb və sonra istehkamçı beli ilə onurğasını qırıb. Daha sonra nekrofilliyin gələcəkdə ona problem yaradacağını anlayan Yeqorov ifadəsininin qızın meyidinin təhqir edilməsi hissəsindən imtina edib, bildirib ki, bunu prokurorluğun xahişi ilə yazıb.

Buradan da görünür ki, prokurorluq və məhkəmə manyak və qatil polkovniki cəzadan yayındırmaq üçün nə qədər çabalayıblar və sonda onun vaxtından əvvəl, 2009-cu ilin 15 yanvarında azadlığa çıxmasına nail olublar.

Qatil azadlığa çıxır və qətllər seriyası başlayır

9.PNG (418 KB)

                                            Azadlığa braxılan Budanov

Qatilin azadlığa çıxmasından 4 gün sonra daha bir maraqlı və faciəvi hadisə baş verib. Kunqayevlər ailəsinin vəkili, antifaşist Stanislav Markelov və bu cinayət işini işıqlandıran jurnalist Anastasiya Baburova yanvarın 19-da muzdlu canilər tərəfindən güllələniblər. Görünür, Budanovun cinayətini ört-basdır etmək istəyən qüvvələr güllələnən şəxsləri hüquq-mühafizə orqanlarına problem yaşatdıqları üçün cəzasız qoymayıblar. Mərhim Elzanın Norveçdə ailəsi ilə birlikdə yaşayan atası Visa Kunqayev bildirib ki, Markelovun qətli Budanovun işi ilə bağlıdır. Hələ məhkəmə zamanı hiddətlənmiş Budanov Markelova deyirmiş: “Gədə, mən sənin boynunu burub qıracağam”.

mark-anas.PNG (543 KB)

                             Anastasiya Baburova və Stanislav Markelov

Bundan başqa, ata Kunqayev onu da bildirib ki, məhkəmə prosesində onu Şimali Qafqaz dairəsi məhkəməsinin sədr müavini Bukreyev, dövlət ittihamçıları Vladimir Milovanov, Aleksandr Rastorquyev, Viktor Derbenyev və hətta qatilin vəkili Lyudmila Tixomirova da hədələyirmişlər ki, Budanova ağır cəza tələb etməsin. Təsəvvür edin, cinayət işinin üstünü açmalı olan dövlət ittihamçıları vəkilə qoşulub qatili müdafiə edirmişlər.

 Türmədən çıxan Budanov isə cəmi iki il yaşaya bilib. Həmin vaxt çeçenlər onun azadlığa buraxılmasına qarşı böyük etiraz aksiyaları keçiriblər. Hətta hakim “Vahid Rusiya” partiyasının yerli təşkilatı da etirazçılara qoşulub. Ramza Kadırov deyib ki, Budanov sağ qaldıqca bu ləkə çeçen xalqının üzərindən silinməyəcək. 

 111.JPG (34 KB)

2011-ci ilin iyun ayının 10-da Moskvanın mərkəzində Yuri Budanov güllələnib. Onun başına 4, bədəninə 2 güllə vurublar. Həmin gün Budanov qızına xaricə getmək üçün viza düzəldirmiş.

Temirxanov - gerçək qisasçı qatil, yoxsa qurbanlıq?

Budanovun qətlində Yusub-Hacı Temirxanov adlı çeçeni ittiham ediblər. İşin qəribəliyi odur ki, Temirxanovu məhkəmə iclaslarının birindən sonra oğurlayıb, möhkəm döyüblər. Bəs bunu kim edə bilərdi? Əlbəttə ki, əlində silah, çiynində poqon, üzündə maska, cibində vəsiqə daşıyan xüsusi təyinatlılar. Daha sonra eyni adamlar bu işdə şahid kimi ifadə verən çeçen Ruslan Fətəliyevi də oğurlayıblar və ölümcül döyüblər.

765.PNG (469 KB)

                            Budanovun qatili hesab edilən Yusub Temirxanov

2013-cü ilin martında Budanovun qətli üzrə məhkəmə qəti hökm verib və Temirxanova 15 il həbs cəzası kəsib. O, sona qədər rəsmi ittihamı qəbul etməyib, günahsız olduğunu deyib. Temirxanovdan türmədə də əl çəkməyiblər və o, uzun sürən döyülmələr, işgəncələr nəticəsində arıqlayaraq, özünə qulluq edə bilməyəcək qədər taqətdən düşüb. 2018-ci ilin avqustunda isə rus cəza sistemi Temirxanovdan Budanovun qısasını alıb – o, türmə xəstəxanasında ölüb.

Heç demə, rus hərb maşını 2000-ci ildə Temirxanovun ailəsinə də faciə yaşadıbmış. Onun atası Şamil qonşu Kurçaloy kəndində işlətdiyi kafedə yeyib-içən rus hərbçilərindən hesabı ödəməyi xahiş etdikdə hərbçilər onun özünü güllələyib, kafesini və maşınını yandırıbmış.

Ölümündən sonra qəhrəman elan edilən Temirxanov

Ölümündən sonra Yusub Temirxanov respublika miqyasında keçirilən mərasimlə dəfn olunub. Onun dəfnində minlərlə insan iştirak edib. Çeçenistanın rəhbəri Ramzan Kadırov onun ailəsini ziyarət edib, başsağlığı verib. Kadırov onun haqsız yerə mühakimə olunduğunu deyib, türmədə öz əcəli ilə öldüyünü bildirib. Ancaq hansı “əcəl ilə ölüm”də söhbət gedə bilərdi ki, adamı tutulduğu gündən öldüyü günə qədər döyüblər. Belə bir nəticəyə gəlmək olar ki, Budanovu başqaları öldürüb, cinayətin izini itirmək üçün Temirxanov “qurbanlıq” seçilib, daha sonra onun özünü də öldürüblər.

Daha sonra zorlanaraq öldürülmüş çeçen qızının qisasını aldığına və bu ləkəni xalqın üzərindən təmizlədiyinə görə Temirxanov qəhrəman və “ideal kişi”tituluna layiq görülüb. Çeçenistan hökuməti onu “Millətin şərəfi” ali dövlət mükafatıyla təltif edib, adına küçə verilib, oxuduğu məktəb onun adıyla adlandırılıb.

Qan batırmağa vərdiş etmiş bədheybət Femida

65.jpg (73 KB)

Bu, qan batırmağa vərdiş eləmiş rus hərb maşınının və rus Femidasının törətdiyi dövləti cinayətlərdən, haqsızlıqlardan yalnız biridir. İndi xalqımızın oğullarından biri heç nə üstündə o maşının tırtılı altında qalıb və biz bu nəhəng vəhşi bədheybətlə mübarizə aparırıq ki, haqq-ədalət yerini tutsun. Çətin işdir.

Xalid KAZIMLI

Mənbə:musavat.com

Xudaferin.eu

00:43