Qarabağ münaqişəsinə Almaniyadan baxış

Ermənilər beynəlxalq hüquqda olan, Balkan münaqişəsində (Kosovoda) istifadə olunmuş "remedial secession" (alman.: "sanierungs Sezession", azər.: "önləyici ayrılma") praktikasından istifadə etmək üçün alibi toplayırlar. Bu anlayış özündə nəyi ehtiva edir? Bir siyasi vahid altında yaşayan iki xalq arasında konflikt geriyə dönüşü olmayan elə bir həddə çatır ki, xalqların yenidən bir dövlətin tərkibində yaşaması mümkünsüz olur.

Çoxluqda olan xalq tərəfindən əzildiyi, sıxışdırıldığı, hüquqlarının mütəmadi olaraq pozulduğu əsas gətirilərək sağ qalması üçün qabaqlayıcı tədbir olaraq, birtərəfli qaydada azlıqda olan xalqın öz müqəddaratını təyin etmək hüququ tanınır (It is increasingly suggested in literature that a right to unilateral secession, stemming from the right to self-determination of peoples, may arise as ultimum remedium in case of serious injustices suffered by a people). Bu barədə Ermənstanın sabiq prezidenti Ter-Petrosyan Qarabağa səfərindən sonra ilk dəfə açıq mətnlə danışıb. (İndiyədək bunu gizli edirdilər). Sabiq prezident təxminən belə bir fikri səsləndirib: “NKR”in müstəqilliyini ilk olaraq Ermənistanın tanıması prosesi ləngidə və yaxud mümkünsüz edə bilər. Yaxşı olardı ki, prossesə ilk öncə nüfuzlu dövlətlərin tanınmasıyla başlanılsın”. Bu da təbii ki, Dağlıq Qarabağda yaşayan ermənilərlə azərbaycanlıların bir arada yaşamasının artıq mümkün olmadığının isbatından keçir.

Hazırda bu görüntüyaratma prosesinə yönəlik ciddi fəaliyyətə start verilib. Bunun üçün də dünya səhnəsində müxtəlif tədbirlərdə erməni-azərbaycanlı qarşıdurmaları yaradır (idman tədbirlərində, mədəni-kültürəl yığıncaqlarda, siyasi, hərbi toplantılarda və s.), azərbaycanlıları təxribata çəkib qıcıqlandırır, həssasiyyətinə toxunub aqressivləşdirir və süni münaqişə yaradaraq özlərini zorakılığa məruz qalan tərəf kimi nümayiş etdirirlər.

Media və təbliğat imkanlarındakı üstünlükləri də erməni beyin mərkəzlərinin işini daha effektiv edir. Media vasitəsilə bu barədə infrormasiyaları dünya ictimayyətinə çatdırıb iki xalqın bir arada yaşamasının heç cür mümkün olmayacağı, Qarabağın Azərbaycanın yurisdiksiyasına qaytarılacağı təqdirdə orada olan erməni azlığının təhlükəsizliyinə heç bir təminatın olmadığına dair fikir yaradırlar. Bu informativ zəmin birgəyaşayışın artıq mümkün olmaması, tərəflərin heç bir halda təmasda ola bilməmələri və bu səbəbdən də birtərəfli qaydada ermənilərin sağ qalması naminə öz müqəddəratını təyinetmə hüququnun tanınması (Kosovo təcrübəsi) zərurətini isbat etmək üçün hazırlanır.

Bu günlərdə Ukraynada bir idman yarışında "NKR" bayrağı açdığı üçün yarışın gedişi və ertəsi gün azərbaycanlılarla ermənilər arasında ciddi xəsarət alanların da olduğu qarşıdurma baş vermişdi. İlk baxşıdan "NKR" bayrağının bir idman tədbirində qaldırılması son günlər İrəvanın separatçı rejimi tanıyacağıyla bağlı səsləndirilən bəyanatı fonunda bir təbliğat tədbiri olaraq təbii görsənə bilər. Amma bu əslində azərbaycanlıları qıcıqlandırıb münaqişəyə çəkməyə hesablanmış provokasiyadır və deyəsən biz də naşılıqdan bu quyuya düşməkdəyik. Qərbdə məsələyə uzun illərdir artıq bu konteksdən yanaşılır, Azərbaycan tərkibində ermənilərlə azərbaycanlıların birgəyaşayış perspektivlərinə dair elmi araşdırmalar aparılır. Bu barədə Almaniyanın Fulda Universitetinin magistri Nurlan Məmmədov mövzuyla bağlı bəzi detalları şərh edərək deyir ki, baxmayaraq, konfliktədək erməni vətəndaşlar Qarabağda və Azərbaycanın digər bölgələrində rahat şəkildə yaşayıblar, vətəndaşlar arasında heç bir gündəlik münaqişə qeydə alınmayıb və bunu hazırda Ermənistanda siyasi hakimiyyətin əlinin çatmadığı yerlərdə yaşayan ermənilər özləri də etiraf edirlər, hazırda Ermənistanda hakimiyyədə olan qüvvələr hər iki tərəfi qızışdırmaqla istədikləri münaqişəni yarada bildilər. Məqsəd də azərbaycanlılarla ermənilər arasında nifaq salıb birgəyaşayışı mümkünsüz duruma gətirmək, Qarabağ ermənilərinin Azərbaycan tərkibində yaşaya bilməsi perspektivini geriyədönüşü olmayan həddə çatdırmaq və bununla da Qarabağın Azərbaycandan ayrılması üçün yuxarıda adı çəkilən əsası formalaşdırmaq, hüquqi zəmin hazırlamaq idi. Yeri gəlmişkən magistr özü də əslən Laçın rayonundandır və konfliktin qurbanlarından biridir. Araşdırma mövzusu da məhz Dağlıq Qarabağ konflikti və onun nizamlanması yolları, birgəyaşayış perspektivləridir. Bunun üçün o konflikt bölgəsindən olan iki azərbaycanlı və iki erməni vətəndaşla söhbət edib, müsahibədən gəlinən nəticəni elmi işinə daxil edib. Həmsöhbətləri münaqişənin iki xalq arasında süni şəkildə yaradılmış münaqişə və “siyasilərin konflikti” adlandırıblar. Bildiriblər ki, səbəbkar(lar)ın üçüncü qüvvə olduğu qənaətindədirlər. Hər dörd müsahibəçilər mədəniyyət, idman, musiqi kimi humanitar sahələrdə mütəmadi görüşlərin təşkilinin azərbaycanlılar və ermənilər arasında sülhün əldə olunması, ilk öncə fərdi səviyyədə kommunikativ model təmin edilməsinin sülh prosesinə kömək edəcəyinə inandıqlarını deyir.

 Bu araşdırma mövzusunun özü əslində, Avropa (eləcə də digər) elmi dairələrinin konfliktə hansı rakursdan yanaşmaları, nə kimi məqamlara diqqət yetirmələri və məsələnin hansı perspektivlərini araşdırdıqlarına dair bilgi verir. Eyni zamanda nədən erməni tərəfin məhz idman və mədəni-kültrəl tədbirlərdə süni şəkildə münaqişə yaratmalarina da aydınlıq gətirmiş olur. Məsələ aydındır, məqsəd nəinki siyasi danışıqlarda, hətta qeyri-siyasi tədbirlərdə də təmasların adətən konfliktlə nəticələndiyi, fikir ayrılıqlarının, qarşılıqlı inamsızlıqların təsəvvür edildiyidən də ciddi olduğu düşüncəsini formalaşdırmaqdır. İndiki vəziyyətdə bizim edə biləcəyimiz, ehtiyatlı davranmaq və qarşı tərəfin bu məkrini önləmək üçün tədbirlər görmək, ən əsası onların azərbaycanlıları zorakı, aqressiv göstərməyə hesablanmış təxribatlarına uymamaq, cəbhədənkənar hər cür münaqişədən yayınmaqdır.

Fəxri Hacıbəy 
Xüsusi olaraq XUDAFERİN.eu üçün

22:13