Qazaxıstanda Qarabağa və Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş kitablar nəşr edilib

Qazaxıstanın paytaxtı Nur-Sultanda Türk respublikalarının müstəqilliyinin 30-cu ildönümü çərçivəsində Qarabağa və Azərbaycan Xalq Cümhuriyyətinə dair üç yeni nəşrin təqdimatı olub.

Xudaferin.eu APA- ya istinadən məlumatına görə, Beynəlxalq Türk Akademiyasının çap etdiyi "Qarabağ: Azərbaycanın cövhəri: tarixi, mədəniyyəti, təbiəti" kitab-footoalbomu, "İtirilmiş xoşbəxtliyim. Qarabağın gerçək hekayələri" kitabı və “Azərbaycan Xalq Cümhuriyyəti – 100” ensiklopedik nəşri vasitəsilə qazaxıstanlı oxuyucuların ölkəmizin qədim və müasir tarixi, mədəniyyəti, Dağlıq Qarabağ münaqişəsi, onun nəticələri barədə geniş məlumatlar əldə etməsi mümkündür.

Qarabağ münaqişəsinin tarixinə və 44 günlük Vətən Müharibəsinə həsr olunan qısametrajlı filmlə başlayan təqdimat mərasimində Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli bildirib ki, rəhbərlik etdiyi təşkilat İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycanla sıx həmrəylik nümayiş etdirib və uzun zamandır üzərində iş aparılan Qarabağ kitabını da məhz Şuşa şəhərinin işğaldan azad edildiyi gün çapdan çıxarıb.
Onun sözlərinə görə, "Qarabağ: Azərbaycanın cövhəri : tarixi, mədəniyyəti, təbiəti" kitabında Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı fundamental məlumatlar toplanıb. Bu kitabın özəlliyi ondan ibarətdir ki, ilk dəfə bir beynəlxalq təşkilat tərəfindən belə bir kitab hazırlanıb və kitabda həmin bölgənin tarixi, mədəniyyəti ilə yanaşı, beynəlxalq təşkilatlar tərəfindən Qarabağla bağlı indiyədək qəbul olunan sənədlər əks olunub. Bundan başqa, Akademiya "İtirilmiş xoşbəxtliyim. Qarabağın gerçək hekayələri" kitabını və Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı ensiklopedik nəşrini də təqdim edib.

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında müxtəlif ölkələrdə xarici dillərdə nəşr olunan bu cür əsərlərin böyük əhəmiyyətə malik olduğunu qeyd edib. Diplomat 44 günlük vətən müharibəsində göstərdiyi böyük dəstəyə görə Beynəlxalq Türk Akademiyasına təşəkkürünü çatdırıb.

Qırğız Respublikasının keçmiş dövlət katibi Osmanakun İbrahimov, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva, Türkiyədən Avrasiya Yazarlar Birliyinin sədri Yakup Ömeroğlu, Qazaxıstandan Saken Seyfulin Muzeyinin direktoru Nasipbek Aytulı, Özbəkistan-Azərbaycan Dostluq Qrupunun icraçı direktoru Erkin Nuriddinov, millət vəkili Arzu Nağıyev və digərləri də Qarabağa və Azərbaycan Xalq Cümhuriyyətinə dair kitabların Azərbaycanın qədim və müasir tarixinin Türk dünyasında daha yaxından öyrənilməsi baxımından böyük önəm kəsb etdiyini vurğulayıblar.

Tədbir çərçivəsində türk xalqlarının inteqrasiyasına, Azərbaycan və Qazaxıstan xalqlarının daha da yaxınlaşmasına verdiyi dəstəyə görə, Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədova Akademiyanın ən ali mükafatı “Beynəlxalq Türk Akademiyasının Qızıl medalı” təqdim olunub.
Xudaferin.eu

12:37