Qələbə Simfoniyası – onu necə ifa etməli!

Seçkiyə getmirsiniz, savaşa getmirsiniz, işə getmirsiniz, yeyib-içməyə qoymurlar saat 6-dan sonra, nə ölümdür axı, 30 min işarə yazıdı da, oxuyun, görün, ölkədə nə boyda demokratiya var!

Qələbə Simfoniyası – onu necə ifa etməli!

Mən... Azərbaycana görə... sizinlə münasibətimi pozuram, münasibət adamları!
Respublika günündə ölkə, xalq, iqtidar-müxalifət, düşmən və gələcək barədə...

ZƏRURİ GİRİŞ: Biz münasibət saxlayan xalqın adamlarıyıq! Ayrı sahələrdən demirəm, mühitini çox yaxşı bildiyim jurnalistikanı götürək: birindən (tutaq ki, Lənkəranın icra başçısından) bir həqiqəti yazırsan, vazkeçilməz dostun etirazını bildirir, yazını saytdan çıxartdırır, qəzetdə təkzib verdirir, eləmirsən, alınmır: qardaşının toyunda olub deyə, qardaşıma iş üçün ağız açmışam, ona görə yazırsan, dədənin dəfninə gəlib deyə, “dünən Atanın hüzrünə yardım etdim” qaxıncından çəkinmir (söhbət məndən getmir), yazılarını qəzetində verib deyə, “o qədər ağız açmısan, bir dəfə “yox” demişəm?”, türməyə sənə bir qutu siqaret göndərib, sevgilinlə restoranda görüb, sənə bildirmədən hesabı verib, nə bilim, qızının ad gününə yola salıb!
Heç kim üçün BİRİNCİ YERDƏ Azərbaycan... dost, əziz, sevimli yerində deyil! Azərbaycanın maraqları naminə kimdənsə yazdığın yazını sənə sildirə bilməyəndə, özündən küsürlər, sənə yardımlarını kəsirlər, üz çevirirlər səndən!
Mən... Azərbaycana görə sizinlə münasibətdən imtina edirəm! – deyəcəyim ilk tövsiyədir gələcəkdə əlinə qələm alıb vətən düşünənlərə: heç kimin heç bir yaxşılığını qəbul etməyin! Onun qarşılığı vətənin satılması bahası olacaq! Özünü düşünənlərə aid deyil, əlbəttə!
Qələbə Simfoniyası o halda nota alına bilinəcək ki, hamı üçün ən əziz, ən vazkeçilməz, ən sevimli dost Azərbaycan olsun!
Bunu etməyim Atam var, onu etməyim, qardaşım var, bu olmaz, qız atasıyam, o olmaz, oğlum böyüyür!
Onda hamı və hər şey əldən gedəcək, ilk növbədə də ata, ana, qardaş, qız, oğul, qohum-əqrəba! Və...
... Az qalıb – ya üzməliyik, ya düzməliyik! Üzsək, yaşayarıq elliklə, dövlətimizlə, düzsək, itirərik – elliklə dövlətimizi!
Üzməliyik bu MÜXALİFƏTLƏ!
Düzməliyik bu İQTİDARLA!
28 ilə BİRləşə bilməyən xalq 28 ildir birləşmə istəyir – o adamlarla ki, hər şeyini əllərindən alıb, hər cür hörmətdən salıblar: həm özləri, həm də rəqibləri! Nəticədə... dünyada ən hörmətsiz, ölkədə korrupsioner və mafioz iqtidarın sahibi olaraq, avtoritar rejimdə həddən artıq gücləndirdiyimiz daxili və xarici düşmənlə üz-üzə qalmışıq!
Niyə belə oldu? Elə bilirsiniz ki, bilirsiniz ki belə niyə oldu? Ay bildiniz ha!
Bilsəydiniz, körpünü selə verib qarını qapı dalında saxlayıb, tumanbağı bərkitməklə məşğul olmazdınız... indi!
Əslində, bir millətin, dövlətin özgürlük və qələbə simfoniyasını bəstələməyə, ifa etməyə yüzillər lazımdır! Əgər Azərbaycanı sırf Türk Dövləti saysaq, onun Qələbə Simfoniyası yazılıb da, ifa da olunub! Sadəcə, QƏLƏBƏ onunla gözəldir ki, onu əldə saxlaya bilirsən! Şah İsmayıl o qələbə simfoniyasını bəstələyib də ifa etdi və miras qoydu! Amma və lakin... əldə saxlayanımız olmadı! Növbəti dəfə Məmməd Əmin Rəsulzadə bunu bacardı – “Mədain xərabələri” üstündə bir DÖVLƏT QURDU, ortaya PARLAMENTLİ bir Respublika çıxarıb dünyaya təqdim etdi! Yenə də qorumaq istəsək də, saxlamaq mümkün olmadı!
Tarix belə hallara çox şahid olub!
İlahi Ədalət özünü göstərdi 1918-ci ilin haqsızlığı əvəzində: 70 ildən sonra tarixi şərait üzümüzə güldü!
Azərbaycan Xalq Cəbhəsi hərəkatına, əlahiddə Nemət Pənahlıya və digər fərdlərə minnətdarlıq ifadə etməliyik. Deməli deyilik, - haqlı olsaq da yüzdəyüz!, - heç tərpənməsəydik də müstəqil olardıq! Elə deyil – tərpənməsəydik, Belarus kimi olardıq ən yaxşı halda və ən pis halda... erməni bütün Azərbaycanı özünə qatardı və heç İNDİKİ Azərbaycan da olmazdı!
Hər bir fərdə Azərbaycan dövlətinin adından bu gün var olduğu üçün vuruşduğu, meydana çıxdığı hər ana görə təşəkkür edib keçək əsas məsələyə!
28 il öncə ilk addımlar atılmalıydı... Qələbə Simfoniyasını bəstələmək üçün! Nələr edilməliydi?!

Do...

Bağışlanmaz səhvlər, Bağışlanmaz siyasətçilər, Bağışlanmaz xalq!

İlk və bağışlanmaz səhv Ayaz Mütəllibovdan gəldi! Nə Nursultan Nazarbayev, nə İslam Kərimov, nə İmoməli Rahmon kimi çevik və ağlı başında olan siyasətçi olmadı! Məhəllə təfəkkürlü bu adam BÜTÜN Azərbaycanla birgə müstəqilliyə adlamaqdansa, “qədeş kruqu”yla Azərbaycanı “sexovşik” kimi işlətməyə kökləndi – Rusiyanı da özünə “krışa” bilməklə: elə bil, adam “Çerkiz bazarı”nda piştaxta işlətməyə gəlmişdi, kriminal avtoritetlərdən də birinə - “Borya Sedoy”a sığınıb “dolya” verməklə toxunulmazlıq olmasa da, təhlükəsizlikdə qalmaq istəyirdi!
Atam belələri haqqında deyirdi: onun s...evdiyi arvadı təzədən s...evmək lazımdır!
Təfəkkür qısırlığı, idarəetmədə ibtidailik, situativ mağmınlıq ona gətirib çıxardı ki, bütün ölkə əhalisinə şorsatanlar və şeysatanlar “çuşka” kimi, naxçıvanlılara isə “ə-bə” gözüylə baxmağa başladılar!

SÖZARASI: Ordubad rayonunun Dəstə kəndindən olan Qoçəli adında bir ağsaqqal tanıyırdım. 1998-ci ildə ona dedim ki, sən necə Heydər Əliyevi belə çox istəyirsən, axı, O... və başladım sadalamağa niyə sevməməyin vacib və əsaslı arqumentlərini. Güldü. Qayıtdı ki, Aydın, mən Heydər Əliyevdən və onun hakimiyyətindən heç nə xeyir görməmişəm, nə onda, nə indi! Hər təzə çıxan maşının ilkini mən almışam Heydər Əliyev Azərbaycana rəhbər gələnəcən (Qoçəli dayı doğrudan da əvvəldən pullu kişilərdən olub!). Mən unuda bilmərəm ki, Heydər Əliyev naxçıvanlının hörmətini qaytardı, naxçıvanlıya hörməti qaytardı! Mənim Onun qəbrinə də hörmətim olacaq!
Ayaz Mütəllibovun “məələ uşağlari” təfəkkürünü qəbilə-tayfa təfəkkürü əvəzləmişdi!
“Qara camaat”, “kütlə”, “qaragüruh”, nə deyirsiniz, necə çağırırsınız, çağırın, nə ad qoyursunuz, qoyun, mən xalq deyirəm, gördü ki, müstəqillik bunlara “çuşka” həqarəti gətirdi, amma dünən onlar “alın a, yana-yana qalın a, mən sovet vətəndaşıyam” deyən hegemon bir dövlətin nümayəndələri idi!  Müstəqillik həm onların balalarını əlindən almağa başladı, həm də torpaqlarını, halbuki onların ataları, babaları, dayıları, əmiləri də həlak olmuşdu YAD VƏTƏN üçün, amma qalib gəlmişdilər və dünyanın altıda birində özləri üçün gəzirdilər! İndi heç müstəqil adlanan ölkələrində, HALAL və halalları olan VƏTƏNlərində sərbəst, azad deyildilər – nəyi itirə bilərdilərsə, itirirdilər!
Müstəqilliyi gözdən salan ilk amillərdən də biri bu idi: meydanda “müstəqil olsaq, ayağımızın altı altı santimetr qızıldan olacaq” deyən Pənah Hüseyn (bəlkə də əzizim Pənah bəy deməyib o sözü, Etibar Məmmədov deyib, ya da Nemət Pənahlı, fərq eləmir, söhbət Milli Azadlıq Hərəkatı nümayəndələrinin xalqa vədlərindən gedir, Pənah bəy ərkim çatan isimdir – məhkəməyə verməz, zənnindəyəm!) baş nazir olanda un əvəzinə jmıx yedilər! – onda müstəqillik bir az daha gözdən düşdü!
Ayağının altında altı santimetr qızıl görmək həvəsində olanlar qısa müddətdə mədələrində 6 sm. dərinlikdə aclıq yarası, ürəklərində 6 sm.-lik bala yarasıyla girinc qaldılar! Çoxları da 6 sm. qalınlığında qandalla mükafatlandırıldı!
Hər gün şəhid, hər gün torpaq itkisi, hər gün aclıq, hər gün azadlıqdan məhrum olma... müstəqilliyin vəd olunan sifəti deyildi!
Silah-sursat arsenalıyla, hərbi texnika sənayesiylə, Silahlı Qüvvələri ilə hegemon olan Rusiyadan guya “İmperiyayla vuruşduq, qazandıq”, “İmperiya yıxdıq, xilas olduq” deyən qəhrəmanlar yun zavodunun, a kişi, yun zavodunun direktoru olmuş biri ortaya çıxanda... özünü itirdi, batırdı!!!
Heydər Əliyevi çağırdılar ki, gəl, bizi xilas elə, amma Səni “ölkəni xilas elə” adıyla çağırırıq, “vətəndaş müharibəsi olmasın, istəmirik” adıyla çağırırıq!
Heydər Əliyev nə gələndə, nə də hakimiyyətdə olanda deməmişdi, demədi ki, mən demokratiyanı xilas etməyə gəlirəm, yedirtdi bizə ki, ölkə əldən gedir, mən də xalqımın xahiş-minnətiylə gəlirəm ki, ölkəni xilas edim!
“Demokratiya gətirərik sovet inzibati-amirlik sisteminin əvəzinə, Konstitusiyasında “bütün yeraltı və yerüstü sərvətlər xalqa məxsusdur” yazılmış fəhlə-kəndli höküməti olan sovetdən imtina edin, bütün sərvətləri və hakimiyyəti Naxçıvan klanına verərik” deməsələr də... niyyət o imiş!
Deməsələr də, niyyət o olmasa da, nəticə odur!
Heydər Əliyev “xalqıma xidmət edərəm” deyəndə kürd-erməni təmsilçilərini nəzərdə tutrmuş – hər halda, onda bunu bilməməyimizi bizə, sıravi, öləri kütlənin nümayəndələrinə bağışlamaq olar, amma hakimiyyətdəki aparıcı rəhbərliyin tam əksəriyyəti tarixçi olanları – Əbülfəz Elçibəyi, İsa Qəmbəri, Pənah Hüseyni bağışlamaq olmaz! Onlar bilməliydi ki, Heydər Əliyev kimdir və ona niyə hakimiyyəti vermək olmaz! Ayaz Mütəllibovu bağışlamaq olmadığı kimi!
Dövlətin, xalqın, siyasilərin səhvi bağışlanmaz nəticələrə gətirib çıxardı!
Azərbaycan ziyalılarından bir kimsə bu barədə danışdımı, etiraz etdimi, özünü güllə qabağına atdımı!?
Mən xatırlamıram!
Heydər Əliyev Mütəllibovun da, Elçibəyin də olmasından eyməndiyi, qaçdığı vətəndaş müharibəsini etdi, daha çox qardaş qanını qardaş əliylə axıtdı, “qardaşları”nı və qardaşlarını hakimiyyətə gətirdi və... Mütəllibova da, Elçibəyə də ağzına və ağlına gələni dedirtdi! Əslində, az elədi: Ayaz Mütəllibovu, Elçibəyi, Surət Hüseynovu, Əlikram Hümmətovu nümayişkaranə güllələməliydi və bu xalqa anlatmalıydı: “aldanmaq olmaz... dövlət başındasansa!” 
Heydər Əliyevə bir fakta görə təşəkkür etməyə və özü də zor olmadan hər gün gedib qəbrini ziyarət etməyə borcluyuq!
Surət Hüseynovun tankının lüləsini öpüb, sonra o tank lüləsi boyda “yun çubuq”la onu eşşək sudan gələnəcən “çırpmağına” görə!
Ordadısa, orda deyilsə də, nəinki gedib o memorialın ayaq tərəfində baş əyəsən, hələ bir üstəlik paçası bərabərində durub... öpəsən də!
Təəssüf olunası bir məqam var: bu boyda dahi təkcə... naxçıvanlının hörmətini, naxçıvanlıya hörməti özünə qaytardı! Elə bir region yoxdu ki, onun ağsaqqalını  bihörmət etməsin: Allahşükür Paşazadədən, Xanış kişidən, Abid Şərifovdan tutmuş ta Amaliya Pənahovanın, Mikayıl Mirzənin diliylə! Bayram Bayramova, Qasım Kərimova, Rövşən Cavadova yaşatdıqlarını demirəm hələ!
Biz müstəqilliyin ilk illərində nələri görməliydik? Açmasını verməzdən öncə deyim, biləsiniz, nələri gördük: bu vətən üçün vuruşub torpaq azad edənlərin güllələnməsini, həbs olunmasını, alçaldılmasını! Halbuki...
DO-REZÜME: biz məhəllə, qəbilə təfəkkürlüyük – birinci bundan imtina eləmək lazımdır!

Re...

Hakimiyyətə dəvət olunan Heydər Əliyev ilk növbədə, ümummilli əvf imzalamalıydı! Hamını ümummilli səfərbərliyə almalıydı! Əvəzində... günahı AXC-Müsavat hakimiyyətinin boynuna yıxmaqla, qaşla göz arasında separatçılıq toxumu səpdi! Mən Əlikram Hümmətovdan o kişiliyi gözləmirəm, heç talış xalqı da gözləməsin ki, durub etiraf etsin: “mən Heydər Əliyevin o təklifinə aldanıb TMR yaratdım ki, erməniləri uduzduraq və beynəlxalq aləmdə də nümayiş etdirək ki, bax, görürsünüz, talışlar da ayrı xalqdır, biz onlara da muxtariyyət vermişik, sizə ondan artıq status verə bilmərik! Bu addımı atmağacan o məni bir xeyli tərifləmişdi, 57 kilometr cəbhə xəttində bir qarış torpağı erməninin əlinə keçməyə qoymamışdım, Azərbaycan qarşısında xidmətlərimi ən xırdasınacan danışıb boş başımı təriflə, qoltuğumu Sabirabad qarpızıyla doldurdu! Sonra da məqsədinə çatandan sonra əlimə Sumqayıt borusu boyda Lənkəran xiyarı verib qoydu içəri!”
Hərçənd o vaxt “Azadlıq”da yazmışdım: 21 rayonda hakimiyyəti devirən Surət Hüseynov baş nazir qoyulur, 7 rayonda eyni hərəkəti edən qiyamçı? Niyə?
Niyəsini Surət Hüseynov “bir kısmat çörəh” yeməyə gedəndə Heydər Əliyev burnundan gətirəndə bildim!
Rövşən Cavadovu da həmçinin!
Qalanlarını da...
Hər addımda nifaq üçün toxum səpdi! Nifaq tarlasının əkinində “kəndçiləri” və kəndçiləri yardımçı oldular!
Ümummilli əfv olmadı: erməniyə bundan böyük xidmət etməyə şans olmazdı – tarixin bu imkanından imtiyazları ilə maksimum yararlandı Heydər Əliyev! Elə bildi ki, Azərbaycan bu zərbədən sağalmaz (qabaqdangəlmişlik edib deyirəm ki, hələ sağalmasa da, amma sağalacaq, növbəti bölümdə izah-açmasını verərəm)!

Mi...

Təhsil-səhiyyə ənənəvi sistemdən imtina etməməliydi, ən azından ona görə ki, valideynlərlə övladlar arasında öyrətmən-öyrənci bağı qırılırdı!
10 milyon savadsız latın əlifbalı Azərbaycandansa, 5 milyon savadlı kiril əlifbalı Azərbaycanlı daha faydalı olardı! Faktiki orta məktəblərdə ingilis dili fənninin tədrisi latın əlifbasına keçidi gələcəkdə ağrısız təmin edəcəkdi!
Heydər Əliyevin prsevdomillətçi kəsimə jesti millətin və dövlətin yox, özünün xeyrinəydi – bu baxımdan guya istəmirmiş kimi, yubada-yubada günahı ziyaylıların üstündə saxladı: ölkə əhalisini canı, şüuru, düşüncəsi, təfəkkürü xəstə, yarımcan hala gətirmək üçün mümkün olan maksimumları etdi!
Hal şahidiyəm: Mingəçevirə yol maşınıyla gedirdim, arxada iki bacı oturmuşdu. Biri xəstəxanadan təzə çıxmışdı! Bacının biri yolboyu ancaq xəstə bacını danışdırmaq, güldürmək üçün az qala meymunluq edirdi! Ağdaşdan Yevlaxa keçəndə əkin sahəsinin kənarında dayanan eşşək cinsiyyət üzvüylə oynayırdı! Bacının sağlamı qayıdasan ki “bacın qurban, bax, bax, “o boyda” da olarmı?”
Xəstə bacı qayıdasan ki, “can sağlam olandan sonra, nə var ki!”
Gözümdən axan yaşı görən sürücü, yazıçı Əli Əmirovun Mingəçevirdə qaçqın həyatı yaşayan qardaşı... özünə nəzarəti itirdi, bərkdən dedi: qohum, sən niyə ağlayırsan?
Mən arxadakı sağlam bacının xəstə bacının o cavabından sonra ağladığını görmürdüm! Sürücü güzgüdən görürmüş! Eyni vaxtda mənim də gözümdən yaş süzüləndə heyrətlənib: “başqasının ağrısını hiss edirsənsə, insansan!” Amma özün ağrıyanda... hər şeyə həsrətlə baxanda, səni duyan əzizlərin ağlayır, neyləsələr də xilası olmayan xəstəlikdən qurtara bilmir! Azərbaycan səhiyyəsi... xalqı o günə qoyub! Bizlər sadəcə... meymunluq edirik əzizlərimiz – xalqımız üçün!
Siyasilər bir cür, həkimlər bir cür xəstələndirib!
Deyəsən, siyasilərimizin də, həkimlərimizin də fikri birdir: bu xalq ölsün! Bura ayrı xalqlar üçün hazırlanır! Məhz buna görə bu misalı gətirdim, ayrısını yox!
      
Fa...

Ölkənin çətin durumunda iki hal beynəlxalq miqyasda nüfuzlu imicə və mütərəqqi təfəkkürün etirafına gətirə bilərdi: idman və ədəbiyyat!
Heydər Əliyev hər ikisini özünə işlətdi!
Bu gün bu xalqın tükənməz əqli-zehni və nəhayətsiz fiziki gücü şərə xidmət edir!
İdmançılar Rövnəq Abdullayevin, Kəmaləddin Heydərovun, Hüseyn Abdullayevin, Vilayət Eyvazovun əlində işgəncə mexanizmidir – bu, bu hakimiyyətin vuran qolu! Baxın şair və yazıçılara! Şəkili, bakılı, qubalı, gəncəli, şamaxılı şair-yazıçını başa düşmək olar, amma qızı-gəlini ermənidə əsir olan qarabağlı şair də, yazıçı da, jurnalist də Heydər Əliyevin yanındadır! Əlbəttə ki, istisnalar var, halbuki heç bir istisna olmamalıdır və olmamalıydı: şəkili, bakılı, qubalı, gəncəli də birmənalı şəkildə Azərbaycana xidmət etməliydi!
Baba Vəziroğlunu Kəmaləddin Heydərovun kabinetindən yox, Elçibəyin qəbri üstündən ayırmaq mümkün olmayaydı gərək! O yerə gəlib çatmışıq ki, Ramiz Rövşən də Leyla Əliyevanın şeirlərini oxuyur!
Mirzə Sakiti döyməyə, çırpmağa iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun nəvəsini göndərirlər! Halbuki Mirzə Sakitin şeirlərini oxuyub, Həzi Aslanovu Şuşaya bayraq sancan görməliydik!
Lənkərandakı narkotik malların alışı-satışı rekord vurur: narkotiklərlə baş mübarizə idarəsinin rəisi Lənkəran əsilli ola-ola!
28 ildə GÜC, İNTELLEKT birləşib Azərbaycana xidmət etməliydi, birləşib Heydər Əliyevə xidmət etdi, edir, edəcək, əgər... 
   
Sol...

Bu hakimiyyət bir məqamda haqlıdır - qalan notlar üzrə güllələnməlidir və güllələnmir ona görə ki: bax, bu haqlı olduğu məqama görə!
AXC-Müsavat cütlüyü məğlub olan kimi, vahid qüvvə kimi birləşib, Heydər Əliyevə imkan verməməliydi özünə komanda toplasın Surət Hüseynovu zərəsizləşdirəndən sonra. Çevik ağıl və siyasi uzaqgörənliyi olmayan, mübarizə meydanına ayrı siyasi ataların adıyla transfer olunan bicbalaların əli-qolu bağlanmalıydı! Bunlar neylədilər?
Biri gənc arvadını göndərdi Heydər Əliyevin qəbuluna ki, ərimə icazə verin, siyasətlə məşğul olsun (day orası məlum deyil o arvadın xahişiylə niyə icazə verdi, o arvada neylədi icazə verdi Heydər Əliyev!), biri Türkiyəyə qaçdı, biri kəndə qaçdı, biri arvad paltarı geyindi şəhərdə gəzdi, birinə görə Primakovun zəng elədiyini briqadir atları kimi üzə duran biri danışdı mətbuata, biri... Və Heydər Əliyevi haqlı çıxartdılar: bu adamlar yarıtmaz və yaramazdırlar! Bunları vətən, torpaq düşündürmür! Ancaq vəzifə! O da vəzifənin hələ özü yox ha, vəd olunanın sanbalı... qoymur birləşməyə!
28 ilin 10 ilini çıxıram: zatən də hakimiyyəti qəsb etməmişdi, qalsaydı, bəlkə də qəsb edərdi, amma faktiki heç ikinci müddəti də başa vura bilmədi vəzifə başında, AMMA axı sonrakı 18 il də bəs edərdi çıxış yolunu tapmağa! Müxalifətin birləşməyi postulata dönüb!
Mən Azərbaycan xalqını daha 18 il zülmdə saxladığına görə İlham Əliyevə və komandasına nifrət eləmirəm, incimirəm, tənqid etməyimizə belə haqqımızın olmadığı qənaətindəyəm!
İki nəfərə nifrət edirəm, qanlarının torpağa tökülmədən “çetvertovat” olunmasını alqışlayaram: Əli Kərimli və Etibar Məmmədov! Eləcə də onların xəyanətini bilib susan digər siyasilərin, partiya sədrlərinin!
AXC-ni sədriylə birlikdə parlamentində, Müsavatı müxalifət düşərgəsində məngənədə saxlayan Heydər Əliyev 1998-ci il seçkilərində Etibar Məmmədovu Razi Nurullayev, Hafiz Hacıyev, Fərəc Quliyev, nə bilim, başqa prezidentliyə namizədlər kimi oynadanda, Ramiz Mehdiyev təlaş içində məlumat verir ki, bəs Etibar Məmmədov udur. Heydər Əliyev Etibar Məmmədovun xəyanət yolu tutduğunu, 1993-cü ildəki kimi etimaddan sui-istifadəyə yuvarlandığını görüb həmən də mətbuat konfransı çağırtdırır və xalqa təşəkkür edir ki, məni 96 faiz səslə seçmisiniz – MSK nəticəni rəsmən elan etməmiş ha!!! Sonra Etibar Məmmədova öz otağında Etibar Məmmədovunmu, toxum-tayfasınınmı adına olan bank kartlarınımı, ya da “nə” kartlarınımı göstərib, Etibar Məmmədov o susan susdu Heydər Əliyev cismən ölənəcən, səsi bir də 2003-cü ilin prezident seçkilərində gəldi!
Gəldi və bir daha İsa Qəmbərə xəyanətlə gəldi! Əgər keçən dəfə Surət Hüseynov bəhanəsiylə Heydər Əliyevə görə gəlmişdisə, bu dəfə Əli Kərimlinin “dudka”sına gedərək xəyanət etdi!
Prezident seçkiləri öncəsi yaranan koalisiya və birləşmələrdə hamı etiraf edirdi ki, İsa Qəmbər favoritdir!
İsitsnasız hamı etiraf edir və razıdır! Etibar Məmmədov Heydər Əliyevdən qopara bilmədiyi baş nazirliyə (güc strukturları baş nazirin əlində olmaq şərtiylə) iddialıdır, amma Milli Məclisin sədri postuna razıdır, Əli Kərimliyə Konstitusiya Məhkəməsinin sədrliyi təklif olunub, Rəsul Quliyev Baş nazir olasıdır! Etibar Məmmədovun baş nazirliyi ilə razılaşan İsa Qəmbər son anda rotasiya edir! Etibar Məmmədov üzdə razıdır, amma Əli Kərimli Etibar Məmmədovun başını doldurur (adamın başında gərək boş “yaçeyka”-hücrə olmaya ki, kimsə ora nəsə doldurmasın), razılaşırlar ki, İsa Qəmbərdən ayrıca namizədliyini versin Etibar bəy, özü prezident olsun!

SÖZARASI: Səhvimi etiraf edirəm, həmin o ərəfələrdə Əli Kərimlinin Etibar Məmmədovun lehinə namizədliyini vermədiyi barədə bəh-bəhli bir yazını da mən yazmışam cəbhəçi dostların Əli Kərimli müqəddəsliyi haqqında “bayka”larına görə! Amma onu da nəzərə çatdırım ki, “Azadlıq”da başladığım “Prezidentliyə namizədlərin portreti” layihəsi daxilində (Lalə-Şövkətdən “Bir kişilik komanda”, İlham Əliyevdən “Papanın gül balası” yazıları) Etibar Məmmədova növbə çatanda... yazı qəbul olunmadı! Onda mən kulis proseslərini bilmirdim: onda Əli Kərimlinin “Sahib Alıyev”i ötürürdü şəbəkəyə ümumi tezisi – mənə biri danışırdı, o birisinə bir ayrısı... Əli Kərimlinin “müqəddəs həzrəti-Məryəm”liyindən! Biz gijdırnaqlar da inanıb yazırdıq: ayrıları nəyə görə yazıb bilmirəm, mənə heç bir kopayoğlu bir qəpik də verməyib o yazılara görə! Təmənnasız yazmışam! Araq da içməmişəm heç biriylə! “Azadlıq”ın da yeməkxanasına nisyə yediyim sup-borc borcumu Tahir Məmmədov boyun aldığı qonorardan kəsib verib!
Əli Kərimli Etibar Məmmədovu prezident seçiləcəyinə əmin edəndən sonra... İsa Qəmbərin yüzdəyüz seçimini zəiflətsə də (həqiqətən də, Etibar Məmmədovun, Əli Kərimlinin kifayət qədər böyük seçki bazası vardı!), sonucda yenə də İsa Qəmbər seçildi xalq tərəfindən! Həqiqəti bilən Etibar Məmmədov və Əli Kərimli situasiyadan yararlanmaq əvəzinə, İsa Qəmbərin açıq-aşkar qalibliyinə dəstək olmaqdansa, onun komandasında ən azı Milli Məclis sədri və Konstitusiya Məhkəməsinin sədri olmaqdansa, İlham Əliyevin trollarının və Əhəd Abıyev kimilərinin ağzında söyüş olmağı üstün bildilər!
Əli Kərimlinin və Etibar Məmmədovun heç vaxt birləşmə marağında olmadığını sübut etməyə ehtiyac yoxdur! Sabah Axundov kitabxanasından Əli Kərimlinin 2001-ci ildəki müsahibəsini və Böyükağa Ağayevin “Azadlıq”dakı “Xox” köşəsini tapsam, paylaşaram, şərhsiz!
Belə müxalifətlə hakimiyyətdə nəinki 18 il, daha 28 il qalmaq olar!
Və məni dəhşətə gətirən budur: 1993-cü ilin bu günlərindən az sonra parlamentdə İsa Qəmbərə “Sənin əlin qana batıb”, - deyən Etibar Məmmədov hələ də necə yaşayır: guya sonrakı illər əllərini bala batırıb xalqın ağzına... uzatdılar! Hələ də kimin yanında olduğunun, kimə aldandığının, kimə xəyanət etdiyinin, kimin üzünə qayıtdığının fərqinə varmayıb, vicdanı ürəyini partlatmayıb!!!
Hamısını bağışlamaq olardı, axı bu xalq onu çox, lap çox ucada tutmuşdu axı? Bu xalqın bu günüylə türk olduğuna görə ya kürd, ya erməni qarışığı, ya da Rusiya xüsusi xidmət orqanının rezidenti “SOLİDAR” ola bilər! 

FA-REZÜME: Bizim xilasımız qaragüruhun və bu müxalifətin ümidinə qalıb! 

Lya...

18 ildir İlham Əliyevi tənqid edirik, 18 ildir müxalifətdəkiləri satqın, xəyanətkar, rusun, farsın tulası adlandırırıq və fərqində deyilik ki, bu davranış bizi köləliyə aparır! Biz müstəqilliyimizi itirmək ərəfəsindəyik!
Xalq bunu haqq edir: xalqın içindən nə lider çıxır, nə də mövqe ortaya qoyur!
Hər kəs qarnını və balasını düşünür!
Halbuki bugünkü Azərbaycanda nə bala, nə də qarın haqqında düşünmək lazım deyil!
Faciə ondadır ki, bu müxalifət... 18 ildə yalnız demokratiya tələbləri irəli sürür. Halbuki demokratiya dinc yaşayış olan ölkələrdə keçərlidir, müharibə aparan və müharibə şəraitində olan, torpaqları işğalda olan ölkədə doktrina olmalıdır və prioritet ancaq və ancaq savaş olmalıdır!
18 ildə iqtidar kifayət qədər varlanıb! Məğlubedilməzlik mifi yeridilib beyinlərə! Klan və məhəlli təəssüb tavana vurur!
Sabah “məxməri çevriliş”lə hakimiyyəti varisinə ötürmək şansı qazanıb bu iqtidar: 18 ildə artıq uşaqları, yeznələri, gəlinləri, qohumlarının uşaqları hamısı xaricdə ali təhsil alıb, şirkətlər qurub!
Bu şansı bu hakimiyyətə bu müxalifət verib!
Və bu müxalifət indiyə qədər ən azından öz üzvlərinin ailə təmsilçilərindən bir ordu yaratmalıydı: intellektual, döyüş, mübarizə, siyasi pleyada!
Əli Kərimli ancaq qurban verməklə məşğulduir... ən mübariz insanları! Mübarizə aparan mübariz insanları da ləkələməkdən qalmır! İlham Əliyevə nə dədəsi, nə də komandası bu boyda yaxşılıq edə bilməzdi!
 18 ilə bircə dənə də ağıllı və optimal variant ortaya qoyulmayıb!
Halbuki 18 ilə bir üsul tapmaq olardı! Tapmaq lazım idi! Tapmalıydılar!
Bizim müxalifət sanki fubol çempionatı keçirir, hər dəfə qızıl medalı bir komanda qazanır, bunlar da durub hakimin anasını söyürlər və yenə də çempionata davam edirlər, yenə də oynayırlar! 

Si...

Qələbə üçün... qələbənin simfoniyasının bəstələnməsi üçün cəmi bircə yol var: bu hakmiyyəti boş buraxmaq və meydandan çəkilmək! Əlbəttə, indi Əli Kərimli durub deyəcək ki, mən olmasam, buranı Şimali Koreyaya çevirəcək İlham Əliyev!
Guya çox da fərqlidir ki? Şimali Koreyada hər şey xalqındır, bircə Kim Çen In və dədəsini tənqid etmək olmaz! Burada isə İlham Əliyevdən başqa heç kimi tənqid etmək olmaz!
Ən çox tənqid olunan elə İlham Əliyev və komandasıdır!
Müstəqillik illərində qazandığımız həm də budur:
Əbülfəz Elçibəyi tənqid etmək olmaz!
Etibar Məmmədovu tənqid etmək olmaz!
Əli Kərimlini tənqid etmək olmaz!
Sabir Rüstəmxanlını tənqid etmək olmaz!
Rəsul Quliyevi tənqid etmək olmaz!
Əli İnsanovu da daha tənqid etmək olmaz!
Talış separatçılarını tənqid etmək olmaz!
Hətta Aynur Camalı da tənqid etmək olmaz! Əri gedib Kəramət Böyükçölü döydüyü kimi, gəlib tutub döyəcək!
Tənqid etmək olar: ancaq İsa Qəmbəri, Pənah Hüseyni, İqbal Ağazadəni və bir də... İlham Əliyevi!

Do...

Hakimiyyəti əlində saxlamaq istəyən Prezident... özünü tənqidə imkan verməz!  Ayaz Mütəllibov, Əbülfəz Elçibəy və... İlham Əliyev kimi!
İlham Əliyev hakimiyyəti əlində saxlamaq istəmir!
Sadəcə... ona yardımçı olmaq lazımdır!
Bizə qələbə simfoniyasını bəstələmək və ifa etmək lazım deyil. Hazırdır... nota da köçürülüb, ifa da olunub! Oranjeman etmək lazımdır! Bunun üçün isə sadəcə döyüşmək lazımdır! Döyüşə getməkdən imtina edənlər... yerindəcə güllələnməlidir!
Mən İNDİ qəti əleyhinəyəm 28 il qabaq doğru olan ümummilli əfv addımına! Mən qəti əleyhinəyəm vətəndaşların (əlbəttə ki, oliqarx və monopolistlərdən söhbət gedir) maddi sərvətlərinin leqallaşdırılmasına və əfvə! Mən qəti şəkildə istəyirəm ki, 28 il boyunca Heydər Əliyev hakimiyyətinə dəstək olan, onun parlamentində, nazirlər kabinetində, icra hakimiyyətində əməkdaşlıq edən hər bir kəsin güllələnməsini – kənd icra nümayəndəsindən tutmuş baş nazirə qədər! Seçki komissiyalarının üzvləri, məntəqə, dairə komissiyalarının sədrləri, məktəb direktorları, xəstəxana rəhbərləri... birmənalı şəkildə güllələnməlidir!
Əks təqdirdə... bunu Azərbaycanı işğal edəcək müstəmləkəçi edəcək və biz silinməyə, məhvə məhkum olacağıq! Özümüz bunu etdikdə isə... ölkə və ölkədəki xalqlar xilas olacaq!
Bu qədər amansız və qəddar təklifin səbəbi nədir, bilirsinizmi?
Sosial şəbəkədə “Şuşanı vur” harayı vardı! Bu xalqın etnik olmayan şairi, yazıçısı, sayt rəhbəri bilirsiniz nə reaksiya verdilər mayın 21-dən sonra? 21-nə qədər susdular ki, birdən hökümət xalqın istəyini nəzərə alar, quşatanla bir-iki ədəd daş atar görüntü üçün, amma atmadı deyə, don geyindirməyə başladılar: bəs deməzsənmi, Şuşa bombalansa, dünya birliyi üstümüzə töküləcəkmiş, Gəncə də əldən gedəcəkmiş!
Öz-özümə düşündüm ki, yəqin bu adamın arvadını qonşusu ələ keçirib, adam illərdir qorxu içində yaşayır ki, arvad əldən gedib, gücüm çatmır, qonşunun dalında da filankəs durur, cəhənnəm, lal qalım, qızım böyüyür, ona tamah salmasın!
Bu qədər qısır təfəkkürlü şairi, yazıçısı, jurnalisti olan xalqla və bu iqtidarla, bu müxalifətlə hansı qələbədən danışmaq olar ki? Bir halda ki, adam qeyrətə gəlib arvadını da xilas etməliykən (arvadını məhz onu seçdiyi üçün ələ keçiriblər), ona təcavüz edənin nəslində yer üzünə canlı gətirə biləcək erkəkli-dişili hamısını məhv etməliykən, durub gör nə fikirləşir? A bala, sən susduqca, “qızın” böyüyür, səsini çıxarmasan, “qızına” da əl atacaq... bu qeyrət ki, səndə var!
Əslində biz niyə BELƏ QEYRƏTli olduq?
Məmməd Ismayıl kimi mübarizə ismini Az.TV-də sədr görəndə "dınqıl sazım, dınqıl sazım" laglagasıyla reaksiya verəndə ... Heydər Əliyev başa düşdü ki, bunlara BTKM-la adamın fərqini bilməyən Nizami Xudiyevin, Arif Alışanovla Rövşən Məmmədovun "bacarıģıyla" Roza Zərgərlinin dalını, Röyanın pacasını, Aygünün döşləriylə budlarını göstərmək lazımdır və bəs edəcək! Muģam pərdələri xalqın haçansa abır pərdəsi oldugunu xatırlatsa, "Kapsello" tülləriylə xəcaləti pərdələmək də olar! Di al, bu da sənə "ay qadanq alem" arqument-ittihamına "simfonik orkestr" zövqü!
Səhərdən axşamacan Xoşqədəmə qoşulub oğlanlarının qızlarına etdiyi zülmə ağlayan xalqın qeyrət və mübarizə göstəricisi bundan artıq olmayacaq ki!
Erməni təkcə Dağlıq Qarabağ adıyla gəldi üstünə cəmi 28 il əvvəl, hanı ARAN Qarabağın? Erməni “dənizdən dənizə” planıyla hərəkət edir, sən hansı planı işləyirsən?
Demokratiya, söz azadlığı, mitinqə icazə?
Partiya sədri hər gün efirlərdə olmalıdır, ya seçki vaxtı seçkiyə gedib udmalıdır? “Seçkiyə getmirəm, mitinq edəcəm” deyib başına səkkiz tikiş qoydurandan sonra “biz mütləq seçki yoluyla hakimiyyətə gələcəyik” bəyanatı verməlidir? Seçkiyə də hələ 4 il qalıb...
Qəmlo nətəri deyir: nə gülləyə gəlirlər...

Respublika günüdür! Sadəcə, günüdür...
20 faizi işğalda olan ölkənin... ali qanunverici, icraedici və məhkəmə-hüquq sitemində olan şəxslərin adını paylaşın bu gün! Qoy bilinsin ki, bu ölkə kimlərin əlində olub! Ardına müxalifət liderlərinin və partiyaların da adını bir vərəqdə qoşun!
Ad və ev alan yurnalistləri, müəllimləri, həkimləri, alimləri, tarixçiləri də artırmaq olar!
Unutmayaq ki, biz dünyanın inkişaf düzənindən 28 il geri qalırıq!
Qloballaşan dünyayla ayaqlaşmaq üçün biz gərək ilk növbədə ərazi bütovlüyümüzü təmin edək, milli doktrinanı müəyyən edək və sonra demokratiya haqqında fikirləşək! İlon Maska çatmağa ehtiyac yoxdur: ədəbiyyat və elm yeganə sahədir ki, nailiyyətlərindən patent verməklə istifadə etmək olur!
Alman xalqı başdan-ayağa Eynşteyn deyil! 17 il ələ keçməyən oğru Fred Şütte almandır!
Əli Kərimlinin blokadaya alınması miskin bir iş olduğu qədər də, Şuşanın vurulmaması da miskinlikdir! – elə hakimiyyəti insan hüquq və azadlıqlarına imkan tanımamaqda ittiham və özünü “ana müxalifətin lideri” kimi sırımağa cəhd etmək də!

p.s. Mixail Saakaşvili xalqını “mən almıram, siz də almayın” prinsipiylə xilas etdi, bizim xilas yolumuz isə budur: “rüşvət vermirəm, ölsən də vermərəm, ölsəm də!”
Cəmi bir tələbi var Qələbə Simfoniyasını ifa etməyin: döyüş!
Cəmi bir istəyi var xilasın: vətən uğrunda ölməyə hazır olmaq! – bir qadını əldə etmək üçün “ölərəm sənçün” deyən oğullar deyilik? 
Döyüşməzsən də öldürəcəklər, ölürsən, öləcəksən! Amma gərək ölümə də göyçək doğulasan da (Pərviz Cəbrayıl)!
Həə, bunu da deyim, bitirim: ağıllı fikirləşincə (Gəncəni də alarlar, beynəlxalq aləm nə deyər-filan), dəli vurub çayı keçdi (erməniyə nə deyirlər ki?)!
Xilasımız həm də dəliliyimizdən keçir. Ağlımız bir .... işə yaramadı 28 ildə!
p.p.s. ümid edirəm məni “ictimai asayişi pozmaq, qardaş qırğınına çağırmaq, dövlət strukturlarında iş rejiminə mane olmaq, sabitliyə rəxnə salmaq, qisasa çağırış” və s. buket ittihamlarla həbs fikrinə düşməzlər... əlaqədər aidiyyatı orqanlar! Çünki... bu gün xalq Prezidentini sevir, dəstəkləyir, aparılan daxili və xarici siyasətdən razıdır, ölkədə aparılan islahatları məktəbdəki uşaqlar da alqışlayır, Prezidentin poçtuna təşəkkür məktubları yazırlar, mən... sadəcə, BEYNƏLXALQ BİRLİK nümayəndələrinə - AŞ PA, ATƏT, mürtəd Almaniyaya nümayiş etdirmək üçün BELƏ yazdım, bilsinlər ki, BİZDƏ DEMOKRATİYA, SÖZ AZADLIĞI VAR! Amma bizi istəməyən qüvvələr, əsasən də “5-ci kolon uşaqları”nın gözü götürmür, düşmən dəyirmanına su tökürlər!
AX YARAMAZLAR, AXXX YARAMAZLAR....
Sizi hələ də müstəqilliyini itirməyən Azərbaycanın Respublika günü münasibəti ilə təbrik edirəm!
Sizə müstəqil ölkənin vətəndaşı olmaq yaraşır - bütün çətinliklərə və çatışmazlıqlara baxmayaraq!!

Aydın Can

Xüsusi olaraq "Xudafərin" üçün

00:16