Qubad İbadoğlu Amerikada başlayacaq danışıqlarından və hərbi əməliyyatlardan yazdı

ABŞ-ın Rutgers universitetinin professoru Qubad İbadoğlu Qarabağ müharibəsinə dair bu gün ABŞ -da başlayacaq danışıqlar haqqında və Vətən müharibəsinin gedişindən yazıb.

Musavat.com mövzunun əhəmiyyətini nəzərə alaraq, həmin yazını öz platformasından da yayır:

"Bugün Qarabağ müharibəsi üzrə danışıqların ikinci raundu start götürür. Bu dəfəki görüşə ev sahibliyini ABŞ edir. Artıq Azərbaycan və Ermənistan xarici işlər nazirləri Vaşinqtondadır. Görüş yerli vaxtla saat 8.30-da başlayacaq. Bu Bakı vaxtı ilə saat 16.30 edir. Əgər saat yarım çəkərsə, o halda saat 18-dək bitməsi gözlənilir. Odur ki, müzakirənin nəticələrində dair məlumatları saat 18-dən sonra gözləyin. Xüsusi gözləntilərə ehtiyac yoxdur, əlahiddə bir şey baş verməyəcək. Böyük ehtimalla burda da atəşkəsin icra olunmasından və danışıqların Minsk Qrupunun formatında davam etdirilməsindən bəhs ediləcək. Detalları ilə bağlı sabah sizi məlumatlandıracam.

Bundan əlavə iki məsələyə toxunmaq istərdim. Sosial şəbəkədə son zamanlar döyüş bölgələridən çəkilmiş videolar yayılır.

Görüntülərdən belə məlum olur ki, çəkilişlər Şuşa, Laçın, Kəlbəcər və Qubadlıdandır. Heç şübhəsiz ki, yenilməz Azərbaycan ordusunun işğaldan azad etdiyi ərazi elan olunan yaşayış məntəqələri ilə müqayisədə böyükdür. Lakin, yaxşı olar ki, rəsmi olan informasiyalara istinad edək və onları yayaq. Eyni zamanda nəzərə alaq ki, azad edilən ərazilərin elan edilməsi bir neçə mərhələdən sonra həyata keçirilir. Əvvala, azad edilmiş ərazilər təmizlənməli, Azərbaycan ordusu həmin ərazilərdə yerləşməli və mövqe tutub möhkəmlənməlidir ki, həmin ərazilər elan edilənlərin siyahısına daxil edilsin. Odur ki, azad edilən ərazi dərhal elan edilə bilməz. İkincisi, nəzərə almaq lazımdır ki, işğaldan azad edilmiş ərazilər çoxaldıqca, yerləşmə və möhkəmlənmə işləri üçün daha çox vaxt və canlı qüvvə tələb olunur. Baxın, hazırda cənub ərazisində yalnız İranla sərhədlərimiz deyil, həm də Ermənistanla yeni sərhədlər həm nəzarətə götürülməli və həm də qorunmaldır. Nəhayət, onu da bilməyiniz vacibdir ki, Azərbaycan ordusu cənubdan şimala doğru bir istiqamət üzrə hərəkət edə bilməz. Çünki, belə olan halda irəliyə çıxıb sonradan mühasirəyə düşmək təhlükəsi yarana bilər. Odur ki, ordunun hərəkəti bütün cəhbə boyu paralel olaraq eyni təmas xətti üzrə baş verməlidir. Yəni demək istəyirəm ki, Zəngilanı alan kimi dərhal Qubadlıya və ordan da Laçına doğru irəliləmək olmaz, gərək eyni kordinat üzrə Cəbrayıl və Füzuli cəhbəsində də irəliləyiş olsun. Ona görə də tələsməyin, yeni videolar paylaşmayın. Yayılan şayiələrə görə, Qubadlı rayonunun Bala Soltanlı və Mollabürhanlı, Laçın rayonun Güləbird kəndlərindən yayılan video Milli Qəhrəman, polkovnik Şükür Həmidovun şəhid olmasına səbəb olub. Bu məlumatın doğruluğunu nə təsdiq, nə də inkar edə bilmərəm. Çünki, irəli sürdülən versiyaların ehtimallar üzərində qurulduğu qənaətindəyəm. Amma istənilən halda əsgər və zabitlərimizin təhlükəsizliyi naminə gəlin ordumuzun əsgər və zabitlərinin fərdi videolarını deyil, yalnız Müdafiə Nazirliyinin çəkilişlərini paylaşaq.

Nəhayət, son günlər geniş yayılan videolar arasında ən çox rezonans doğuranı meşədə cəsədlərin birlikdə torpağa basdırılmasıdır.

Xahiş edirəm ki, bu videonu da paylaşmayın. Müharibədə biz tərəfdən də şəhid olan da olur, qarşı tərəfdən də öldürülənlər çoxdur. Amma nəzərə alın ki, belə videoları əsgər ailələri də izləyə və bu halda onlar ciddi psixoloji travma ala bilərlər.

Yekun olaraq qeyd etmək istərdim ki, gününüz sevinclı xəbərlə açılsın və aydın olsun. Əminəm ki, bugün də Azərbaycan tarixinə yazılan və yaddaqalan günlərdən olacaq, gün ərzində aldığımız rəsmi xəbərlər bizlərə sevinc bəxş edəcək".

Xudaferin.eu

11:10