Şahların belə təzim elədiyi Peyğəmbər şəcərəli övliya

Səmərqəndin və küllü Türküstanın ruhani böyüklərindən biri də 1461-cı il doğumlu Maktumi-Azamdır. Çeşidli türk ləhcələrinə tabe olaraq bəzi mənbələrdə Məktumi-Əzəm də deyilir ona. Əzəməti ilə, məqamı ilə, elmi və cəsarəti ilə zamanının və zamanından sonranın mənəvi padişahlarındandır.

Maktumi-Azam Nəşqbəndi cərəyanının pirlərindən biri olan, 13-cü əsrin ən ünlü teoloqu və sufisi Burhanəddin Kılıcın törəmələrindəndir. Onların şəcərəsi birbaşa Məhəmməd Peyğəmbərin (s) özünə bağlıdır. Bu sözün təsdiqi “Təzkirayi-Azizan”, “Hidayətnamə” kimi ən etibarlı və ən qədim İslam mənbələrində yazıya alınıb.

Maktumi-Azam Fərqanə vadisində doğulub, Daşkənddə təhsil alıb, bundan sonra İslamı və sufi cərəyan olan Nəqşbədiliyi təbliğ etmək üçün uyğurun Qaşqar şəhərinə yerləşib. Qaşqar xanı ona bərəkətli torpaqlar bağışlayır. Mənbələr deyir ki, Qaşqarda xalq Maktumi-Azamı böyük şadyanalıqla qarşıladı, onun olduğu yerə göydən bərəkət yağacağına, təbii fəlakətlərdən, müharibələrdən, xəstəliklərdən uzaq olacaqlarına hər kəs əmin idi.

İllər sonra bu böyük övliya Çingiz övladı Şeybanilərin görkəmli sərkərdəsi Canıbəy Sultanın tövsiyəsi ilə Səmərqənd yaxınlığına köçür. Ömrünün sonuna qədər də bu məkanda yaşayır. Maktumi-Azam yeni yerə yerləşən kimi ilk işi qapısında on söyüd ağacı əkmək olur. İllər sonra o, öz əlləri ilə bu ərazidə 20 hektarı əhatə edən gözəl bağ-bağat salır ki.

Maktumi-Azam iri torpaq, böyük mülkiyyət sahibi olaraq günlük həyatında yazı-pozu dışında əkinçilik və bağbanlıqla məşğul olur, sadə bir həyat sürürdü. Bərəkəti ilə aşıb daşan meyvə bağları, bostanları camaatın ixtiyarında idi, böyük gəlirlərini tələbələrin təhsilinə verir, yoxsullara, ehtiyatı bitib ehtiyaca düşmüş kimsəsizlərə, yolda qalmış yolçulara paylayırdı.

Matumi-Azamın əzəməti, elmi, cəsarəti deyə, üç məqamını göstərdik. Bu dediklərimizi isbat edəcək təsvirləri qələmə almağa, anladıqlarımızı anlatmağa çalışacağıq.

...İndi isə zamanında Səmərqənd qalasına 12 km məsafədə yerləşən Dahbed, yəni “On söyüd” kəndinə, həzrətin həyətinə və həyatına daxil olmaqdayıq. Öncə onu deyim, o vaxtdan bu vaxta Səmərqənd çox da böyüməyib. Cəmi beş yüz min əhalisi var, Dahbed də hələ şəhər civarında qalmaqdadır.

Haşiyə: Özbəkistan əhalisinin sayı 32 milyondur. Postsovet məkanında Rusiyadan və Ukraynadan sonra üçüncü yerdə durur. Daşkəndin əhalisi hazırda üç milyona çathaçatdadır. Səmərqənd yarım milyon, Buxara 300, Xivə 150-200 min... Yeri gəlmişkən, xivəli rəhbərim yaman gileyləndi. Dedi ki, Xivə çox böyüyüb, gəlmələr çoxalıb, xivəlilərə yer qalmayıb. Onu da əlavə etdi ki, bu gəlmələr onlardan yaxşı yaşayır. Xanımı dinlədikcə, elə bildim Bakıdayam, klassik bir bakılını dinləyirəm. Güldüm, bəzi mövzular var ki, dünyanın harasında yaşamasından asılı olmayaraq insanlar eyni cür düşünüb, eyni cür danışır.

Bu yerdə sözümün canı odur ki, mən Özbəkistandakı bu 32 nəhəng milyonu heç yerdə görmədim. Şəhərlərdə basırıq yox, trafik yox, məsafələr aralı, düzdür, əraziləri bizimkindən beş dəfə artıqdır, amma hər halda, bütün bunlar belə zənnə əsas verir ki, əhalinin çoxu köylərdədir və əkin-biçinlə məşğuldur. Demək, kənddə yaşamaq, əkib becərmək, kəsbkarlıqla keçinmək hələ mümkündür.

... Maktumi-Azamın mülkündə ilk olaraq diqqəti əzəmətli bir çinar çəkir. Deyirlər, bu çinarı bu yerdə Pir-Mürşid özü əz əlləri ilə əkib. Nə gözəl. Xoş halına bu çinarın da, mənim ona dikilən gözlərimin də...

Xonako (xonə, xanə - iri ev, yəni malikanə), xanəkə adlanan bu tikili 6 sütunlu, 12 günbəzli, geniş taxta eyvanlı imarətdir. İbadət otaqları və çilləxanası (tövbə etmə, arınma yeri) var. Həyətində kiçik məscid, məscidə bitişik 8 metrlik minarə, şadırvan (came hovuzu, dəstəmaz yeri) var.

Görünən budur: pir, övliya, sufi, alim, müəllim sayılan bu ruhanilər bütün ömürləri böyü İslamı, bu gün daha qarşısıalınmaz kimi görünən, durmadan cəhalətə sürükləyən “İslam”dan arındırmağa çalışıblar. Bu yolda qələmləri, elmləri, hər an uça biləcək kəllələri və məktəbləri ilə mübarizə aparıblar. Nə yazıq ki, bu gün İslamın belə mötəbər svinksləri - mənəvi qoruyucuları yoxdur. Qılınc da, qələm də düşmən əlindədir.
Maktumi-Azamın öz dövrü və mühiti üçün hədsiz cəsarət tələb edən fikirləri bu gün də risk yükünü qorumaqdadır.

İlk dəfə o demişdir: “İnsan din üçün deyil, din insan üçün yaranıb”. Başqa bir ifadə ilə desək, din insana xidmət etməlidir, insan dinə yox. Bu, ortaçağ üçün, elə indiki ortaçağ qafalılar üçün də daşqalaq ediləsi fikirdir. Bu sözün sahibini hifz edən Maktumi-Azamın şəcəri və şəxsi əzəməti idi. Yoxsa “təəssübkeşlər” kimsənin göz yaşlarına baxan deyillər.

Maktumi-Azam fəlsəfə, coğrafiya, hüquq haqqında 30 kitabın, çoxsaylı düzüklərin (nizamnamə), risalələrin, məktubların müəllifidir.

Əsərlərinin çoxu Daşkənd Şərqşünaslıq İnstitutunda saxlanılır. Bu əsərlərdən tək bircəsinin həcmi 668 səhifədir.

...Maktumi-Azam Səmərqənd civarında, elminin taxtında əyləşmişdi. Onun ziyarətinə böyüklər gəlirdi. Otuzdan çox dövlət adamı, hakim, vali, vəzir, sultan, şah onun müridi idi. Əmir Teymurun səltənət sahibi törəmələrindən bir çoxu, eləcə də şair-şah Babur da ona mürid idi.
Taclı şah Babur bu tacsız şahın hüzuruna itaətlə girər, baş endirər, əlindən öpərdi. Bu fürsəti özü üçün Allahın rəhmi sayardı.
Maktumu-Azam İslam tarixində ən çox - 60 piri-mürşid yetirmiş müəllimdir, yüzillər davam edən məktəbin sahibidir. Onun haqqında deyilir: şahların taxt-rəvanını xalq daşıyır, onun taxtı-rəvanını şahlar daşıyır.

... Otaqların birində onu daşıyan taxtı-rəvan durur. Həyətin iç əlində, digər bu kimi qutsal yerlərdə gördüyümüz mənzərəni görürük. Kiçik qəbiristan xanəkənin arxasındadır. Sanki Maktumi-Azam bu məzarlığın önündə sinə gərib, mühafizəyə dikəlib. Onun müqavimətini kimsə yarıb keçə bilməz, intiqamı ağır olar.

Maktumi-Azamın özü də burada, evinin arxa bağında dəfn edilib. Məkanboyu boz Səmərqənd mərmərindən hörülmüş, eni-uzunu 16-17 metr, hündürlüyü metrəyarım olan daxma-sufa (sufa-sofa-taxt) var. Daxma-sufa burada geniş, çoxsaylı məzar anlamına gəlir. 7 pano və bir məzar daşının üzərində Qurandan ayələr nəqş edilib. Bu, Maktumi-Azamın və 7 qurşaq övladlarının məzarıdır.

Bu daxma-sufanın ayaqucunda 9 məzar var. Onlardan biri Buxara xanlığının Səmərqənd valisi, bu səfərdən yaxşı tanıdığımız, 17-ci əsr sakini, Səmərqənd hakimi Yalanqtuş Bahadırın məzarıdır. Daha sonra prinses İqliməbanu Yalanqtuşbiy qızı, Oybibibanu Yalanqtuşbiy qızı, iki Əfqanıstan şahı, Şah Hidayət, Şah Səadət... Beləcə, sıralama davam edir.

Bu ərazidə olan digər 46 məzar mötəbər daxma-sufadan kərpic çəpərlə ayrılır. Orada da 14 hökmdar, vəzir, sərkərdə əmin-amanlıq içində uyumadadır. Onların bu dünyadan heç bir qorxusu qalmayıb, gözləri də, qulaqları da torpaqlarındadır. Çünki bu böyük hakimlər, vaxtının küllü ixtiyar sahibləri, qılınclarının dalı-qabağı kəsmişlər öz məzarlarını düşmən əlindən xilas ediblər. Bu xilas müqəddəslərin ayaq ucundakı bir parça torpaq imiş. Onlar bu dünyada da, o dünyada da əmindilər ki, Maktumi-Azam olan yerdə kimsə, ən qəddar düşmən belə, xəzinə axtaran avaralar belə, heç kimsə cəsarət edib onların yatağına əl uzatmaz. Və yüzillərdir bu əminliklərində haqlı görünürlər.

...Maktumi-Azam sələfi Bəhaəddin Nəqşbəndinin fikirlərini yayırdı. Bu fikirlərdən ən məşhuru “Əlin işdə, könlün Allahda” deyimidir. O, hücrəsinə çəkilib zikr edən sufinin, dərvişin yolunu doğru yol saymır, boşuna zikrin faydasını görmürdü. O deyirdi: “Allah deyən insanın əli daima əməkdə olmalı, fasiləsiz işləməli, zəhmət çəkməlidir”. Onun fərqli yönlərindən biri də musiqiyə xüsusi münasibətidir. Yazırdı ki, musiqi insanın ötəri şənlənməsinin rəmzi olmalıdır. İnsan bu gözəl nemətdən vaz keçməməlidir.

Maktumi-Azamın dərviş törənlərində rəqs, şeir və musiqi ifa edilirdi. O, “İnsan sadə, mülayim və zərif olmalıdır” deyən Cəlaləddin Ruminin - Konyalı həzrət Mövlananın fikir tərəfdarlarından idi. Öngörücülüyü, fitrətdən ilhamı vardı.

... Bu dünyanın gəlmişinə, getmişninə, ötmüşünə, keçmişinə şahid çinarın altında oturmuşam. Bu yerdən qalxmaq olmur. Hər anı qənimətdi. Cazibəsi böyükdü. Oturub qalmaq, buralarda sabahı açmaq, günü günə satmaq, aylamaq, illəmək istəyirsən. Eləcə də gözəl yoluna davam etmək etməlisən. Getməlisən...

... Bu yadigar çinarın altında dünyanın gərdişini düşünürəm. Bu gün ölüb sabah unudulan dünyada necə olub ki, bu insanlar bu qədər yüzilləri ürəklərdə yaşaya bilib, xətirin, hörmətin dəyərdən düşdüyü zamanlarda belə xətirli, hörmətli qalıblar? Bu, necə olub?

Zaman güclüdür, zamanın gücü mütləqdir, təslim etmədiyi bir nəsnə, taxtdan salmadığı bir sultan yoxdur. Deyirlər, hər şey zamandan qorxur, zaman isə - ehramlardan. Türküstanın zamana güc gəlmiş bu mənəvi ehramları dünya durduqca duracaq kimi görünür.

musavat.com

 

23:58