Soydaşlarımız Niderland Krallığının parlamenti qarşısında Ermənistanın işğalçı siyasətinə qarşı etiraz aksiyası keçirib

"Xudafərin" jurnalının Niderland krallığındakı xüsusi müxbiri xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribata etiraz olaraq Niderland Krallığının parlamenti qarşısında keçirilən bu ğıkədə yaşayan soydaşlarımız aksiyada şüarlar səsləndiriblər.. 

“Ermənistan təcavüzkarlığı dayandırsın!”, “Dinc və günahsız azərbaycanlılara toxunmayın!”, “Ədalətsizliyə son qoyulsun!”, “Torpaqlarımızdan çıxın!”, “Ermənistan beynəlxalq hüquqa riayət etsin!”, “Ermənistan BMT–nin qətnamələrinə əməl etsin!”, “Qarabağ bizimdir, bizim olacaq!”, “Ermənistan, qeyri-konstruktiv mövqeyindən əl çək!”, “Azərbaycana qarşı təxribatların qarşısı alınsın!”, “Ermənistan işğal edilmiş Azərbaycan torpaqlarından çıxsın!”, “Zorakılığa son!”, "Dünya birliyi Ermənistanın təcavüzkarlığını qınamalıdır!” kimi şüarlar Niderland Krallığının parlamenti qarşısında ucaldılıb.

Etiraz aksiyasında Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının, Azərbaycan və Türkiyə icmalarının üzvləri, onların niderlandlı dostları, tələbələrimiz iştirak ediblər.

Aksiya iştirakçıları Niderland parlamentinə bəyanat ünvanlayıb və erməni təcavüzünün qarşısının alınması məqsədilə petisiya irəli sürüblər.

Qeyd edilib ki, Ermənistan silahlı qüvvələrinin azərbaycanlı mülki əhalini məqsədyönlü şəkildə hədəfə alması nəticəsində 76 yaşlı əlil dinc sakin həlak olub. Azərbaycan Ordusunun 11 hərbçisi, o cümlədən general, polkovnik və mayorlar Azərbaycan torpaqlarını və əhalisini təcavüzkar Ermənistanın hücumlarından müdafiə edərkən şəhid olublar.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon 30 ildir ki, erməni silahlı qüvvələrinin işğalı altındadır. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün doğma yurdundan didərgin salınıb.

Vurğulanıb ki, erməni silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasına dair BMT-nin dörd qətnaməsini (822, 853, 874 və 884) Ermənistan kobud şəkildə pozur.

Qarşıdurmanın nəticələrini aradan qaldırmaq və işğalçı qüvvələri Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərindən çıxarmaq əvəzinə Ermənistan iyulun 12-də Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təcavüz törədərək, yeni mövqelər ələ keçirmək və bölgədəki gərginliyi artırmaq məqsədini güdür. Ermənistan silahlı qüvvələrinin təxribat aktı, eləcə də bu ölkənin rəhbərliyinin son hərəkətləri və açıqlamaları bölgədəki gərginliyin artmasına xidmət edir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlara maneçilik törədir.

 

Şamil Şəkərəmli,
Niderland Krallığı

 

xudaferin.eu

21:35