Türkiyənin informasiya savaşında dəstəyi Zəfərimizə böyük töhfə oldu

Ermənistan və onun havadarları illərlə bir neçə ölkədə yerləşən və dünyanın siyasi mənzərəsi haqqında fikir formalaşdıran nüfuzlu media orqanlarına zəhər tuluğu kimi yayılmağa müvəffəq olaraq Azərbaycana və Türkiyəyə qarşı əsassız xəbərlər yayır, iki dövlət və bir millət haqqında qarayaxma kampaniyası aparırdılar. Bu məqsədyönlü fəaliyyət bəzən o qədər kəskin xarakter alırdı ki, hətta Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev də birbaşa hədəf obyektləri olurdular. İlk növbədə ona görə ki, Rəcəb Tayyib Ərdoğan hakimiyyətə gəldikdən sonra Qərbin itaətkar müttəfiqi qismində çıxış etməkdən birmənalı şəkildə imtina edərək Türkiyənin xarici siyasətinin konturlarını müstəqil şəkildə formalaşdırır. Eyni tendensiya Prezident İlham Əliyevin xarici siyasətində də prioritet məsələdir. Belə ki, dövlətimizin başçısı Azərbaycanın haqq səsini direktivlərlə deyil, xalqımızın milli maraqlarını əsas tutaraq dünyaya çatdırır, müstəqil xarici siyasət yürüdür.

Bunu Xudaferin.eu  AZƏRTAC-a istinadən  açıqlamasında politoloq Şəbnəm Həsənova bildirib.

Politoloq qeyd edib ki, ermənilər daha öncəki illərdə pulla, müəyyən şirnikləndirici vədlərlə ələ aldıqları media orqanlarında eyni məkrli siyasəti yürütsələr də, 44 günlük Vətən müharibəsində Azərbaycan informasiya savaşında da qalib oldu. Döyüş meydanında şiddətlənən mübarizə informasiya sahəsində də eyni tendensiya ilə davam etdiyi bir vaxtda yenə də qardaş Türkiyə hər an yanımızda oldu.

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun rəhbərliyi ilə qardaş ölkənin aparıcı və nüfuzlu media kanalları Vətən müharibəsi ilə bağlı həqiqətləri, erməni vəhşiliyini dünyaya çatdıraraq, ermənilərin yalan istehsal edən xəbər maşınını darmadağın edirdi. Türk kanalları Vətən müharibəsi çərçivəsində Prezident İlham Əliyevin müsahibələrini geniş şəkildə işıqlandırır, Bərdə, Gəncə terrorları ilə bağlı gecə yarısı məhz hadisə yerindən birbaşa canlı bağlantılarla türk və ingilis dillərində haqq səsimizi dünyaya çatdırır, Azərbaycan insanın haqlı olduğu halda, necə riyakarcasına ittiham olunmasını nümayiş etdirirdi. Burada əsas amil Azərbaycandan işlərin koordinasiyalı, sistemli şəkildə ötürülməsi idi ki, bu məsələ də yüksək səviyyədə həllini tapırdı.

“Vətən müharibəsinin üzə çıxardığı reallıq göstərdi ki, informasiya savaşının nəticəyönümlü olması və uğurla reallaşdırılması, idarə edilməsi eynilə döyüşlərin və diplomatik fəaliyyətin aparılması qədər vacibdir. Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında çıxışı zamanı Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də çox haqlı olaraq qeyd etdiyi kimi, ilkin mənbədən olmayan məlumatlara istinadların çoxluğunu nəzərə alaraq, Media Koordinasiya Komitəsinin yaradılmasına, media sahəsində əməkdaşlığın daha da sistemləşdirilməsinə çox böyük zərurət var. Beynəlxalq müstəvidə rast gəlinən dezinformasiyaya, böhtan və şərə qarşı birgə iş aparılması olduqca mühüm məsələdir”, - deyə Ş.Həsənova qeyd edib.

Xudaferin.eu

17:44