Ukraynalılar Xocalıya ədalət tələb edirlər

Azərbaycan Diaspor Gənclər Şəbəkəsi və Ukrayna Azərbaycanlıları Gənclər Radasının birgə təşkilatçılğı ilə Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar “Xocalı soyqırımı XX əsrin faciəsidir” mövzusunda videokonfrans keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Komitənin təşəbbüsü ilə keçirilən tədbir Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirin moderatoru, Ukrayna Azərbaycanlıları Gənclər Radasının sədr müavini Möminə Səttarova 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin Xocalının dinc sakinlərinə qarşı kütləvi qırğın törətdikləri barədə ətraflı məlumat verib. Bildirib ki, bu faciə erməni faşistlərinin və havadarlarının xalqımıza qarşı apardığı 200 illik etnik təmizləmə və soyqırımı siyasətinin davamı və qanlı səhifələrindən biridir.

Xocalı sakini Murad Hüseynov həmin dəhşətli gecə ailə üzvləri də daxil olmaqla, 49 nəfər yaxın qohumunun şəhid olmasından, atası, Azərbaycanın Milli Qəhrəmanı Tofiq Hüseynovun doğulduğu şəhəri və mülki əhalini erməni faşistlərindən qorumaq naminə göstərdiyi şücaətdən danışıb. “Xocalıya ədalət!” kampaniyasının fəaliyyətinə toxunan M.Hüseynov dünya birliyini və beynəlxalq təşkilatları bu çağırışa biganə qalmamağa səsləyib.

Tədbirdə çıxış edən pedaqoji elmlər namizədi, dosent Lyudmila İvanenko, hüquqşünas, kilsə tarixçisi Vladimir Omelçuk, Ukraynanın Azərbaycan Konqresinin İdarə Heyətinin sədri, Birinci Qarabağ müharibəsi qazisi Yuri Osadçenko xalqımızın kədərini bölüşdüklərini, şəhidlərin ailələrinə dərin hüznlə başsağlığı verdiklərini bildiriblər. Xocalı faciəsini dünya tarixinə düşmüş ən dəhşətli hadisə adlandıran ukraynalı natiqlər bu cinayətin beynəlxalq səviyyədə soyqırımı aktı kimi tanınmasının, onu törədən qəddar canilərin cəzalandırılmasının zəruriliyini vurğulayıblar.

“Xocalı soyqırımı ermənilərin azərbaycanlılara qarşı törətdikləri ilk faciə deyil. Hələ XX əsrin əvvəllərində - 1905-ci ildə ermənilər Azərbaycanın ayrı-ayrı bölgələrində daha dəhşətli qırğınlar törədiblər. Bu onu göstərir ki, erməni cinayətkarları əsrlərboyu bizimlə düşmənçilik aparıblar”, - deyə Qarabağ qazisi Osadçenko əlavə edib.

Xudaferin.eu

12:47