2022-ci ilin “Şuşa İli” elan olunması milli mədəniyyətimizin inkişafına misilsiz töhfələr verəcək

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına etdiyi müraciətində 2022-ci ili “Şuşa İli” elan etdiyini bildirdi. Bu il yanvarın 5-də isə dövlətimizin başçısı Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzaladı. Məlum olduğu kimi, Şuşa şəhərinin təməli 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulub və bu il biz mədəniyyət paytaxtımızın 270 illiyini böyük təntənə ilə qeyd edəcəyik. Bu ilin “Şuşa İli” elan olunması isə bütün xalqımız üçün cari ildə görüləcək işlərin əhəmiyyətini daha da artırır.

​Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən imzalanmış Sərəncam bir daha ölkəmizdə milli-mədəni və tarixi irsimizin qorunması və təbliğ olunmasına dövlət tərəfindən hər zaman xüsusi diqqət və qayğının göstərildiyini nümayiş etdirir.

Deputatın sözlərinə görə, bu Sərəncam həm də 2022-ci ildə Şuşada və işğaldan azad olunmuş digər ərazilərimizdə aparılan quruculuq işlərinin daha böyük vüsət almasına səbəb olacaq. “Prezident İlham Əliyev tərəfindən imzalanmış Sərəncamda qeyd olunduğu kimi, Şuşa şəhəri xalqımız üçün son dərəcə əziz, müqəddəs bir məkandır və bu şəhərə olan sevgi, bağlılıq hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Şuşa milli mədəniyyətimizin, incəsənətimizin beşiyidir. Bu şəhərin işğal altında olmağı mədəni irsimiz tarixində qara bir səhifə idi. Erməni qəsbkarları 1992-ci il mayın 8-də işğal etdikləri Şuşanı uzun illər bütün dünyaya erməni şəhəri kimi tanıtmağa çalışsalar da, buna nail ola bilməyiblər. Təbii ki, eyni siyasət Ermənistan tərəfindən 30 il ərzində Azərbaycanın işğal olunmuş digər şəhər və kəndlərinə qarşı da aparılıb. Lakin bütün bu yalan və uydurmalar son nəticədə erməni ideoloqlarının, necə deyərlər, öz başlarında çatladı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında igid əsgər və zabitlərimiz 2020-ci il noyabrın 8-də Şuşanı işğaldan azad etməklə Vətən müharibəsini tarixi Qələbə ilə başa vurdular və bununla da ermənilərin Azərbaycan ərazilərində ikinci erməni dövləti yaratmaq arzularına birdəfəlik son qoyuldu”, - deyə K.Qafarov əlavə edib.

Vurğulanıb ki, Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şəhərin inkişafına dair xüsusi qərarlar məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilib. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət alıb, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Bu gün isə artıq işğaldan azad edilmiş Şuşanın yenidən dirçəlməsi istiqamətində möhtəşəm işlər görülür. Prezident İlham Əliyevin son bir ildə Şuşa şəhərinə 7 dəfə səfər etməsi də burada bərpa-quruculuq işlərinin həyata keçirilməsinə, eləcə də tarixi-mədəni irsin bərpası və qorunması istiqamətində aparılan işlərə dövlətimiz tərəfindən xüsusi diqqətin ayrıldığından xəbər verir. Əlbəttə, 2022-ci ilin “Şuşa İli” elan olunması ilə bu işlər daha geniş vüsət alacaq.

Milli Məclisin deputatı vurğulayıb ki, 2022-ci ilin “Şuşa İli” elan olunması barədə Sərəncamın imzalanması ötən ilin mayında Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi barədə qəbul olunmuş qərarın məntiqi davamı kimi qiymətləndirilə bilər. Dövlətimizin başçısının imzaladığı hər iki sərəncam Şuşa şəhərinin Azərbaycan xalqı üçün müstəsna əhəmiyyət kəsb etdiyini göstərən mühüm tarixi sənədlərdir. “Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub. 1977-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilib. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. İşğal dövründə ermənilər tərəfindən Şuşada xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi siyasəti həyata keçirilib. Vətən müharibəsi başa çatdıqdan sonra bərpa-quruculuq işlərinin təşkilində çevikliyi və səmərəliliyi təmin etmək üçün Şuşada dövlət idarəetməsinə də böyük diqqət ayrılıb. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidentinin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi də məhz Şuşa rayonuna təyin edilib. Əlbəttə, tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. Məhz bütün bu amillər nəzərə alınaraq Prezident İlham Əliyevin 2021-ci il may ayının 7-də imzaladığı Sərəncam ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Bu Sərəncam Şuşa şəhərinin əvvəlki statusunun bərpası, tarixən malik olduğu şöhrətinin özünə qaytarılması, xalqımızın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin dünyada tanıdılmasına xidmət edir. Heç şübhəsiz, dövlətimizin başçısı tərəfindən 2022-ci ilin “Şuşa İli” elan olunması barədə Sərəncamın imzalanması da eyni məqsədlərə xidmət edən növbəti tarixi qərardır və bu qərarların hər biri bundan sonra həm Şuşamızın, həm də bütünlükdə Azərbaycan mədəniyyətinin inkişafına misilsiz töhfələr verəcək”, - deyə deputat fikirlərini yekunlaşdırıb.

Xudaferin.eu

15:07