ADR-İran münasibətləri

1918-ci il mayın 28-də ADR-in yarandığını elan edən Azərbaycan Miili Şurasının Bəyannaməsində göstərildi ki: «Azərbaycan Demokratik Respublikası hamı ilə, xüsusilə, qonşu xalqlar və dövlətlərlə dostluq əlaqələri yaratmağı qərara alır».

Tarixi mənbələrin göstərdiyi kimi, Bəyannamə öz iddiasını ancaq Arazdan şimaldakı ərazi ilə məhdudlaşdırsa da, Azərbaycan adının işlənməsi çox keçmədən İranın etirazına səbəb oldu. Tehranda şübhələr oyandı ki, Azərbaycan Respublikası Təbriz vilayətini İrandan ayırmaq üçün Osmanlı dövlətinə xidmət edir. Həmçinin, Gilandakı Cəngəli milli inqilabı hərəkatı öz qəzetində hər bir müsəlman torpağının müstəqilliyini «fərəh mənbəyi kimi» alqışlayaraq, yeni respublikanın Azərbaycan adını seçməsinin onun İrana birləşmək arzusu ilə bağlı olub-olmaması məsələsinə toxunurdu. İrana birləşmək niyyətinin gerçək olduğu təqdirdə, bu niyyət aydın şəkildə ifadə olunmalıdır, əks halda, iranlılar həmin respublikanın Azərbaycan adlanmasına qarşı çıxa bilərlər. Buna görə də, İranın şübhələrinə son qoymaq məqsədilə, Azərbaycan hökuməti xaricə göndərilən sənədlərdə Qafqaz Azərbaycanı istilahını işlədəcəkdi.

T. Svyatoçovski yazır ki, Topçubaşov İranın niyyətlərinin dərin mənasını açıqlayan bir qeydini əlavə edirdi: «Onlar elə hey deyirdilər ki, biz onlarla birləşməliyik, onlar bunu çox arzulayırlar və hər zaman bizim ziyalılarımızdan ağızdolusu danışırlar, çünki onların özlərinin belə ziyalıları yoxdur».

Bununla belə, Tehranın irəli sürdüyü tələblər İranla əlaqələrdəki diqqətəlayiq irəliləyişə mane olmadı, bu isə iki ölkə arasındakı əlaqələrin zəruriliyinə bir sübut idi. Respublika təmsilçisi kimi xarici işlər nazirinin müavini Adil Ziyadxanov Tehranda onun üçun ayrılmış iqamətgahda oturdu. İrandan isə İran siyasətinin yeni ulduzu Seyyid Ziya əl-din Tabatabayinin başçılıq etdiyi missiya taariflər, poçt xidməti və ticarətlə bağlı razılığa gəlmək üçün danışıqlar aparmaq məqsədilə Bakıya yola düşdü. Bu arada Azərbaycan Respublikası ilə İran arasında konfederasiya yaradılmasının münasibliyi haqqında danışıqlar aparılmaqda idi. Həmin bu ideya hər iki tərəfin başlıca istəklərinin yerinə yetməsi üçün geniş üfüqlər açmış olurdu. İran Rusiyaya təslim etdiyi torpaqları geri alacaqdı, Bakı isə Təbrizə daha yaxın olacaqdı. 1919-cu il avqustun 9-da imzalanan İngiltərə-İran razılaşması hər iki ölkə arasındakı dostluq münasibətlərinin bərpasında növbəti stimul oldu. Aydın oldu ki, iki milyon funt sterlinq borc əvəzində Britaniya məsləhətçilərinin mərkəzi hökumətin mühüm təşkilatlarına təyin olunmasını nəzərdə tutan həmin bu razılaşma İranı, faktiki olaraq, himayə altına salmış oldu. Əksər iranlılar vətənpərvərcəsinə öz hiddətlərini bildirdikləri halda, Bakı azərbaycanlıları Londonun İrana olan yeni marağını təzədən Britaniya kölgəsində daldalanmaq kimi qiymətləndirdilər. Bu, həqiqətə çox uyğun idi, çünki müqaviləyə olan əlavəyə görə, «Britaniya hər iki tərəfin razılığı alındığı yerlərdə İran sərhədinin nizamlanmasında» yaxından iştirak edəcəkdi.

Birgə İran-Azərbaycan komissiyasının üzvləri oktyabrın 29-u və noyabrın 1-i arasında Parisdə görüşdülər və bir sənəd hazırladılar. İranın xarici işlər naziri Nəsrəddin Dövlə sonradan onu Britaniya hökumətinə təqdim etdi. Qafqaz Azərbaycanının Rusiyadan hər hansı bir formada ayrılmasını və onun tam müstəqilliyini bir daha təsdiqləyən memorandum İranla gələcək əlaqələri müəyyənləşdirdi:

III maddə. Azərbaycan Demokratik Respublikası öz qonşusu İran imperiyası ilə konfederasiya formasında siyasi-iqtisadi əlaqə yaradır ki, bu federasiyanın prinsipləri, forması və onu idarə etmək üsulları İran və Azərbaycan hökumətləri tərəfindən birgə müzakirə olunacaq, tənzimlənmiş olacaq və təsdiq üçün hər iki ölkə parlamentlərinin ixtiyarına veriləcək. Lakin bundan sonra hər iki ölkənin xarici əlaqələri birgə aparılacaq.

IV maddə. Yuxarıda göstərilan (I və II maddələr) məqsədlərə çatmaq əzmi ilə Azərbaycan Respublikası İrana bənzər olaraq tanınmaq, müstəqilliyini saxlamaq, ərazi toxunulmazlığına qarşı edilən hər cür cəhdlərdən qorunmaq, həmçinin, siyasi, iqtisadi və hərbi gücünün artması üçün Böyük Britaniya tərəfindən dəstəklənmək arzusundadır.

Bakı rejimi üçün bu planın ən mühüm cəhəti ondan ibarət idi ki, Britaniyanın Azərbaycanla İranı eyni cür müdafiə edəcəyi güman edilirdi. Bunun eyni olaraq, azərbaycanlılar belə hesab edirdilər ki, İranın Britaniyaya bağlayan tellər olmasaydı, onlar zəif İranla birləşməyə az maraq göstərmiş olardılar. Britaniyalılara gəlincə, onlar Nəsrəddinin oyun oynadığını başa düşürdülər.

Bizim köməyimiz və havadarlığımız sayəsində İran və Bakı daxil olmaqla bütün Azərbaycan Respublikasını orbitinə çəkmək istəyir. O, Parisdə ayrı-ayrı Azərbaycan nümayandəlarindən, səthi də olsa, deklorasiya əldə etməyə müvəffəq oldu və onun kimlə ixtilafda olduğunu bilmək çox maraqlı olardı. Belə ki, Azərbaycan nümayandələrinin siyasi tərkibi müxtəlifdir.

Xarici işlər üzrə katib lord Kurzon Azərbaycanda Britaniyanın başlıca marağının, əslində, nədən ibarət olduğunu özünün məxfi qeydlərində açıb göstərdi:

Əgər İrandakı nazarətimiz həqiqətən güclü olarsa, tədricən bu nəzarati Bakı daxil olmaqla, Xəzərin hər iki sahilinə münasib bir formada yaymaqla xeyli üstünlük qazanmış olarıq… Lakin bu istiqamətdə hal-hazırkı anda atılan hər hansı addım Denikinlə, ya da gələcəkdə hər hansı quruma malik olacaq Rusiya, hətta bolşevik Rusiyası ilə münasibətlərin, şübhəsiz, dərhal və islah olunmayacaq bir şəkildə korlanması demək olardı. Öz müstəqilliyini elan etmiş Rusiya imperiyasının ayrı-ayrı tərkib hissələrinin arzu və tələblərinə şərik olmaq bir şeydir, lakin qonşu Şərq qüvvəsi tərəfindən əvvəlki Rusiya ərazisinin tutulmasında yardımçı olmaq tamamilə başqa bir şeydir. Mən heç cür inana bilmərəm ki, Bakıda İran imperiyası ilə birləşməyə can atan xalqın, ya da ayrı-ayrı adamların səmimi istəyi olsun… Mən elə ölkə təsəvvür edə bilmərəm ki, İranın hakimiyyəti və yarıtmaz inzibatçılığı altına keçməyə maraq göstərsin».

Britaniya himayəsinin yenidən qaytarılması üçün göstərilən bu gizli cəhd İngiltərə-İran razılaşmasına qarşı artan narazılıqlar nəticəsində sonralar zəiflədi. Son nəticədə, məclis bu razılaşmanı təsdiq etməkdən boyun qaçırdı. Hər halda bu ləngimə Azərbaycan Respublikası və onun cənub qonşusu arasındakı əlaqələrin durmadan inkişafına ciddi şəkildə xətər yetirə bilmədi. Həmin prosesin ən yüksək zirvəsi 1920-ci ilin martında iki qonşu dövlət arasında dostluq və ticarət haqqında müqavilənin imzalanması oldu. Keçmiş rus diplomatı V.F.Mayevski tərəfindən Bakı kabineti üçün irəli sürülən gizli memorandumda bu əlaqələrin sürətlə genişlənməsi məsləhət görülürdü və aşağıda sadalanan səbəblərə uyğun bunun, çox böyük əhəmiyyəti göstərilirdi:

Şimali İranın əhalisi Azərbaycan əhalisi ilə eynilik təşkil edir. Şimali İran daima bu ölkəyə güclü meyil göstərib və sıx iqtisadi əlaqələrin inkişafı nəticəsində daha çox meyil göstərəcəkdir… Güman etməyə əsasımız var ki, qarşılıqlı əlaqələr zamanı Azərbaycan mərkəzi rol oynayacaqdır. Azərbaycan ağılsız siyasətə uyub, özünü parlaq gələcəyindən məhrum etməz.

Digər tərəfdən, İngiltərə-İran razılaşmasını imzalayan Vüsuq əl-Dövlənin Tehran rejimi ilə Bakı arasında dostluq əlaqələrinin bərpa olunması və respublikanın çarəsiz olaraq müdafiə etdiyi Britaniya yönümü Təbrizdə xoşagəlməz nəticələr verdi.

Burada razılaşma bütün siniflər, xüsusilə, bazar tacirləri tərəfindən narazılıqla qarşılandı. Sonuncular müzakirə obyektinə çevrilmiş bu mühüm məsələnin ticarət yollarını ingilislərin əlində olan Bağdada yönəltmək planı ilə bağlı olmasından ehtiyat edirdilər. Şəhər İngiltərə-İran arasında imzalanmış «müstəmləkə» qoxusu gələn müqavilə əleyhinə yönəlmiş etiraz fəaliyyətinin mərkəzinə çevrildi. Hərəkatın ön sıralarında Xiyabaniyə sadiq demokratlar gedirdilər və bu dəfə onlar Tehrana qəlblərində çoxdan kök salmış inamsızlıq göstərməklə yanaşı, Bakıya qarşı da qərəzlərini artırdılar.

Tarixi gerçəkliklər baxımından I Dünya müharibəsindən sonrakı dövrdə Azərbaycanın Türkiyə ilə olan münasibətləri daha mürəkkəb idi. Türkiyə dövləti VI Mehmetin müttəfiqlər tərəfindən dəstəklənən rejimi ilə 1919-cu ilin yayından müharibə qəhrəmanı kimi tanınan Mustafa Kamal Paşa arasında bölüşdürülmüşdü. Bakının rəsmi əlaqələri İstanbuldakı sultan hökumətilə saxlanılırdı və Azərbaycan diplomatik missiyası da burada otururdu.

T.Svyatoçovski yazır: «Müstəqil Bakı rejimi (ADR — V.Ö.) durmadan addım-addım öz süqutuna yaxınlaşdığı zaman Təbriz demokratları Azərbaycanın o biri tayının öz müqəddəratını təyin etməsi istiqamətində böyük nailiyyətlər qazandılar. 8 aylıq hazırlıqdan sonra, daha doğrusu, Xiyabaninin etiraf etdiyi kimi, İngitərə-İran razılaşmasına və Vüsuq-ül Dövlə kabinetinə qarşı etiraz hərəkatının başlandığı vaxtdan -1920-ci il aprelin 9-da demokratlar Tehran hökumətinə qarşı üsyana qalxdılar. Üsyana bilavasitə səbəb Tehrandan göndərilən İsveç təyinatlı polis qüvvələri ilə toqquşma oldu. Bəyanatın mətninə əsasən, üsyanın məqsədi yerli hakimiyyət dairələri tərəfindən yol veriimiş bir sıra mürtəce meyilli antikonstitusiya hərəkətlərinə etiraz etmək idi. Təbriz liberalları bildirdilər ki, bütünlükdə onların proqramı ölkənin liberal rejiminə hökumətin göstərəcəyi diqqət və bu hökumətin onun xarakterini təyin edən konstitusiya qanunlarına loyallıq göstərərək, bu qanunlara əməl edəcəyi haqqında tam qənaətin əldə edilməsindən ibarətdir».

Respublika hökumət formasına meyillərini aşkar büruzə verən üsyançılar vilayətə yeni ad — Azadistan adtnı verdilər. Bu adın seçilməsi təkcə Tehrana qarşı deyil, həm də Bakı rejiminə qarşı etiraz kimi, həmçinin, xata-bəladan uzaq olmaq məqsədilə bu rejimlə məsafə saxlamaq vasitəsi kimi izah olunurdu. Kəsrəvi öz xarakterik tərs tonunu gizlətmədən bu adın kökünü izah etmişdi:

Rusiya imperiyasının parçalanmasından sonra Bakıda və onun ətraflarında özünü Azərbaycan Respublikası adlandıran türkdilli kiçik Qafqaz respublikası yarandı. Qədim kitablarda bu regionun adı «Arran» idi, lakin bu ad çoxdandır ki, işlənmir. Həmin respublikanın ümidi və istəyi bir gün Azərbaycana qovuşmaq idi və buna görə də, respublikanı və ərazini adlandırmaq üçün Azərbaycan adı seçilmişdi. Belə bir birliyi istəməyən, eləcə də, İrandan ayrılmağı arzulamayan cənubi azərbaycanlılar respublikanın adının bu şəkildə adlandınlmasından çox dilxor oldular. Lakin bir halda ki, bu ad artıq seçilmişdi, çoxları, «Yaxşı olar ki, biz vilayətimiz üçün başqa bir ad qəbul edək»- dedilər. Bu minvanla «Azadistan» adı yarandı.

İran Azərbaycanından olan başqa bir müəllif, Əli Azəri, Azadistan adının daha sadə izahını verir: «Bu ad konstitusiya inqilabı vaxtı döyüşlərdə Azərbaycanın verdiyi qurbanların xatirəsini yad edirdi».

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

Xudaferin.eu

15:24