AEBA-nın sessiyasında Ermənistanın yaratdığı nüvə təhlükəsi barədə məlumat verilib

Azərbaycan Respublikasının fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanovun rəhbərlik etdiyi nümayəndə heyəti Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) Baş Konfransının 67-ci sessiyasında iştirak edir.

AZƏRTAC xəbər verir ki, konfransa qatılan Azərbaycan nümayəndə heyətinin tərkibinə Nazirlər Kabineti, Xarici İşlər, Energetika, Elm və Təhsil, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin təmsilçiləri daxildir.

T.Əmiraslanov sessiyadakı çıxışında Azərbaycanın nüvə texnologiyalarından tibb, kənd təsərrüfatı, elmi-tədqiqatlar kimi dinc məqsədlərlə istifadəsi və bu sahədə AEBA ilə əməkdaşlığı barədə məlumat verib. O, AEBA-nın nüvə texnologiyalarından sülh məqsədilə istifadəsi üzrə beynəlxalq dialoq və əməkdaşlığın əsas formatı kimi rolunun təşviq edilməsinin Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin prioritetlərindən biri olduğunu vurğulayıb.

Nazir müavini Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma prosesi, bu müstəvidə müasir texnologiyalardan istifadə edilməklə həmin ərazilərin radioloji monitorinqinin aparılması haqqında sessiya iştirakçılarına məlumat verib.

Nümayəndə heyətinin rəhbəri çıxışında Ermənistanın seysmik zonada yerləşən və köhnəlmiş texnologiyaya əsaslanan Metsamor Atom Elektrik Stansiyasının törətdiyi təhlükə ilə bağlı Azərbaycan tərəfinin narahatlığını ifadə edib, Ermənistanın nüvə təhlükəsizliyi ilə bağlı beynəlxalq öhdəlikləri şəffaf şəkildə yerinə yetirməli olduğunu bildirib.

Gündəliyində nüvə və radiasiya təhlükəsizliyi, texniki əməkdaşlıq, nüvə elmi, nüvə texnologiyası və tətbiqləri sahələrində AEBA-nın rolunun gücləndirilməsi və bəzi regional məsələlərin yer aldığı sessiya sentyabrın 29-dək davam edəcək.

 
Elgün Niftəli

Xudaferin.eu

16:52