ALI RÜTBƏ DAŞIYAN QADIN

Mərhəmətin konkret bir tərifi yoxdi. Hərə onu bir cür yozur. Mənə görə mərhəmət Allah tərəfindən seçilmiş insanlara verilən ali bir rutbədir. Bəşər övladının ondan yüksək daşıya biləcəyi rütbə təsəvvür edə bilmirəm...

Mərhəmət hissi daşıyan insanların mənəvi xəzinəsində nələr var?

- Başqa bir insanın ağrısını-acısını, düçar olduğu zülmün ağrılarını hiss edib ona yaxşılıq etməkdir. Bu təkcə “yazığım gəldi” hissi deyil, mərhəmət hissi həm də əməl, fəaliyyət hissidir.

Mərhəmətli insanlar kiminsə ağrısını sezir, çətin duruma düşdüyünün fərqinə varır və onun bu halına biganə qalmır. İmkanı qədər o insanın yükünü yüngülləşdirmək üçün əlindən gələni edir.

Belə insanlardan biri də Səidə xanım Qocamanlıdır.

Səidə xanım mənim dərd ortağım, arzulara sarı addımlayan yol yoldaşımdır.

Azərbaycanın müstəqilliyi yolunda əməli fəaliyyət, Qarabağın işğaldan azad olunması yolunda barışmaz mübarizə və hər ikimizi əbədi doğmalaşdıran Şuşa dərdi...

Məhz bu acılar, arzular, ümidlər bizi dərd ortağı, əqidə bacı-qardaşı elədi.

Ancaq Səidə xanım köksündə mərhəmət hissi daşıyan elə bir əzəmətli dağdır ki, mən onu yalnız uzaqdan görə bilərəm. Mən elə bir qəlbi daşımaq gücünə malik deyiləm...

36 il qürbət həyatımda həmişə Azərbaycanda insan haqları ilə məşğul olan mərhəmətli müdafiəçilərin fəaliyyətini izləmişəm. Çünki bütün dünyada olduğu kimi Azərbaycanda da insan haqqları müdafiəçilərinə böyük ehtiyac var və həmişə də olacaq. Yalnız mərhəmət hissi olan müdafiəçilərə...

Doğrudur, əvvəllər onlar sayca daha çox olsa da, bu gün onların sayı çox azdır. Elə Səidə xanımla yanaşı Novella Cəfəroğlu, Arzu Abdullayeva, Eldar Zeynalov, Səadət Bənənyarlı, Çingiz Qənizadə və digərlərinin səsləri gəlir.

Deyəsən, elə bunlarda mərhəmət hissi qalıb.

Bunlar bəziləri kimi "insan haqları" adı altında Azərbaycanı beynəlxalq arenalarda gözdən salanlardan deyillər. Onlar problemləri ölkə daxilində həll etməyə üstünlük verən vicdanlı və mərhəmətli hüquq müdafiəçiləridirlər.

Vaxtı ilə Azərbaycanda "insan haqları" adı altlnda qeyri-hökümət təşkilatları qurub, beynəlxalq fondlardan gələn yardımların hesabına Bakıda əllərinə xeyli mənzil və obyektlər keçirib, sonra elə Bakıdaca kirayə verib “təqiblərə məruz qaldıqları üçün” gəlib Avropada otrum alıb, Azərbaycanı yıxıb sürüyənlər də var...

Kirayə verdikləri obyektlərin Bakıdan gələn pullarını, burada isə sosial yardımları alaraq Azərbaycanı fürsət düşən kimi yıxıb sürüyürlər…
Mən belələrinin bir neçəsini şəxsən tanıyıram. Onlar bir vaxtlar Azərbaycanda hətta "insan haqlarını" alver predmetinə çevirmişdilər...

Ancaq bu gün Səidə Qocamanlı, Novella Cəfəroğlu, Arzu Abdullayeva, Səadət Bənəniyarlı və digər mərhəmətli İnsan Haqları müdafiəçiləri maddi sıxıntı içində olsalar da, vicdanla öz müqəddəs missiyalarını Azərbaycanda davam etdirirlər. Onlar üçün İnsan haqları ilə yanaşı, Azərbaycan amalı, Azərbaycan müstəqiliyi hər şeydən üstündür.

Çünki Səidə Qocamanlı və onunla birgə çalışan ləyaqətli İnsan Haqları müdafiəçiləri mərhəmətin onlara Allah tərəfindən verilən ali bir rutbə olduğunun fərqindədirlər və bu məsuliyyəti şərəflə daşıyırlar. Bizim borcumuz isə şairin dediyi kimi:

Sağlığında qiymət verin insanlara…
Hər kəs bilsin öz yerini necə sağdır,
Bu, pislərin həyatını qısaltmaqdır,
Yaxşıların həyatını uzatmaqdır…

Elman Mustafazade
Avropada "Azərbaycanın Dostları" cəmiyyətinin sədri, Xudafərin (www.xudaferin.eu) jurnalının baş redaktoru

Xudaferin.eu

14:22