Aprel döyüşləri Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm amil oldu

Aprel döyüşləri Azərbaycan dövlətinin və Ordusunun gücünü düşmənə göstərdi. Biz bu döyüşlərdə düşmənə başa saldıq ki, torpaqlarımızın itirilməsi ilə barışmayacağıq. Bir sözlə, Aprel döyüşləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm amil oldu.

​Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

A.Nağıyevin sözlərinə görə, Aprel döyüşlərindən başlayan proseslər 2020-ci ildə Azərbaycanın şanlı Qələbəsi ilə nəticələndi. “Eyni zamanda, həm Naxçıvan istiqamətində Günnüt əməliyyatı, həm də Tovuz döyüşləri bir daha göstərdi ki, Azərbaycan Ordusu yüksək döyüş qabiliyyətinə malikdir və torpaqlarının bir qarışını da kiməsə verəsi deyil. Tovuz döyüşlərində də Ali Baş Komandanın qətiyyətinin, Ordumuzun döyüş qabiliyyətinin və xalqımızın birliyinin ən yüksək səviyyədə olduğunu gördük”, - deyə deputat qeyd edib.

Aprel döyüşlərində Azərbaycan Ordusunun nəyə qadir olduğunu göstərdini qeyd edən A.Nağıyev bildirib: “Ordumuz həm dağlıq, həm də düzən ərazidə necə döyüş aparmaq lazım olduğunu göstərdi. Məhz bu döyüşlərdən sonra erməni ordusu haqqında yaradılan mif yox oldu. Aprel döyüşlərindən sonra Ermənistan ordusunda istefalar başlandı, korrupsiya halları ilə bağlı yoxlamalar aparıldı, hətta hakimiyyət dəyişikliyi baş verdi”.

Arzu Nağıyev vurğulayıb ki, hakimiyyət dəyişikliyinin əsas səbəblərindən biri məhz Aprel döyüşlərində ermənilərin məğlubiyyəti idi. Lələtəpə yüksəkliyinin, min hektarlarla ərazinin azad edilməsi, ondan sonra həmin ərazilərdə dinc əhalinin yaşaması üçün infrastrukturun yaradılması bir daha göstərdi ki, biz ərazilərimizin işğal altında qalması ilə heç zaman barışmayacağıq.

Deputat qeyd edib ki, Aprel döyüşlərində əldə edilmiş təcrübədən irəli gələrək 2016-2020-ci illər ərzində Azərbaycan Ordusunda yeni silahlarla təchizat, hərbi taktikanın təlimlər vasitəsilə təkmilləşdirilməsi, eyni zamanda, hərbi kadr potensialının artırılması prosesi getdi və müasir müharibənin aparılması üçün yeni silahlardan necə istifadə olunması istiqamətində təlimlər həyata keçirildi.

Xudaferin.eu

11:57