ATƏT-in konfransında Azərbaycandakı multikultural mühit barədə məlumat verilib

ATƏT regionunda antisemitizmlə mübarizəyə həsr olunan konfrans keçirilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Berlin Bəyannaməsinin (2004-cü il aprelin 28-29-da ATƏT-in Antisemitizm üzrə ikinci konfransında qəbul olunub) 20 illiyi münasibətilə təşkil edilən konfransda antisemitizmlə mübarizədə irəliləyişlər nəzərdən keçirilib, davamlı problemlərin səmərəli şəkildə necə həll oluna biləcəyi müzakirə edilib.

ATƏT-in fəaliyyətdə olan sədrlərinin antisemitizmlə mübarizəyə həsr olunmuş illik konfrans və görüşlərinin davamı sayılan tədbirdə Mərkəzin müşaviri Aytən Qəhrəman Azərbaycandakı multikultural mühit barədə məlumat verib. Bildirib ki, çoxmillətli və çoxkonfessiyalı ölkə olan Azərbaycan ardıcıl olaraq nifrətə qarşı mübarizəni, müxtəlif cəmiyyətlərin inteqrasiyasını asanlaşdıran, tolerantlıq və ayrı-seçkiliyin qarşısını alan siyasətin təşviqini müdafiə edir. Müşavir vurğulayıb ki, Azərbaycan antisemitizmin sıfır səviyyəsində olan dövlətlər sırasındadır. Azərbaycanda beş yəhudi icması və səkkiz sinaqoq var, onlardan ikisi dövlətin maliyyəsi ilə tikilib. Cənubi Qafqazın ən böyük yəhudi məktəbi də Bakıda fəaliyyət göstərir.

Konfransda dözümsüzlüyün və antisemitizmin bütün formaları birmənalı şəkildə pislənib. Həmçinin ATƏT və onun iştirakçı dövlətləri üçün antisemitizmlə mübarizədəki boşluqları aradan qaldırmaq, dini və mədəni sərhədlər boyunca etimad, dinc yanaşı yaşamaq səylərini gücləndirmək üçün yenilənmiş gündəlik müəyyənləşdirib.

Xudaferin.eu

15:14