Azərbaycan-Aİ Əməkdaşlıq Komitəsi çərçivəsində fəaliyyət göstərən alt-komitənin iclası keçirilib

Azərbaycan-Avropa İttifaqı (Aİ) Əməkdaşlıq Komitəsi çərçivəsində fəaliyyət göstərən Ədliyyə, azadlıq və təhlükəsizlik, insan hüquqları və demokratiya məsələləri üzrə alt-komitəsinin 10-cu iclası keçirilib.

Azərbaycan Respublikasının Avropa İttifaqı yanında nümayəndəliyindən AZƏRTAC-a verilən məlumata əsasən, iclasa Azərbaycan tərəfindən Xarici İşlər Nazirliyinin Beynəlxalq insan hüquqları təsisatları ilə əməkdaşlıq idarəsinin rəisi Aysel Yaqubova, Aİ tərəfindən isə Avropa Xarici Fəaliyyət Xidmətinin Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan və Moldova şöbəsinin müdiri Dorota Dlouchy həmsədrlik ediblər.

İclasda tərəflər arasında alt-komitənin fəaliyyət sahələrinə aid qarşılıqlı əhəmiyyət kəsb edən məsələlər üzrə açıq və konstruktiv müzakirələr aparılıb.

Tədbirin insan hüquqları və demokratiya məsələlərinə həsr olunmuş ilk hissəsində mülki, iqtisadi, siyasi, mədəni və sosial hüquqlar, insan hüquqlarının müdafiəsi sahəsində milli təsisatlar, ədliyyə, hüquq-mühafizə orqanları və penitensiar sistemdə insan hüquqlarının müdafiəsi, eləcə də beynəlxalq forumlarda əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

İkinci hissədə isə qanunun aliliyi, ədliyyə və ədliyyə əməkdaşlığı, miqrasiya, sığınacaq və sərhədlərin idarə olunması, mütəşəkkil cinayətkarlığa və terrorçuluğa qarşı mübarizə, həmçinin fərdi məlumatların mühafizəsi sahəsində əməkdaşlıq məsələlərinə toxunulub.

Alt-komitənin iclasında Azərbaycan tərəfini Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi və digər dövlət qurumları, eləcə də İnsan hüquqları üzrə Müvəkkilin Aparatının nümayəndələri təmsil ediblər. Aİ tərəfindən tədbirdə Avropa Xarici Fəaliyyət Xidməti, Avropa Komissiyasının müxtəlif struktur bölmələri və Aİ-nin Azərbaycan nümayəndəliyinin təmsilçiləri iştirak ediblər.

Tədbir çərçivəsində həmçinin Aİ-nin insan hüquqları üzrə xüsusi nümayəndəsi Eamon Gilmore ilə fikir mübadiləsi aparılıb.

 

Vüqar Seyidov

Xudaferin.eu


 

11:41