Azərbaycan bizim ümumi və müqəddəs Ocağımızdır

Azərbaycanda müxtəlif millətlərin və etnik qrupların nümayəndələri uzun illərdir sülh, qarşılıqlı hörmət və qardaşlıq şəraitində yaşayırlar. Heç kimin milli mənsubiyyətinə görə təhqir olunması, hədə-qorxu ilə üzləşməsi və ya zorakılıqla təhdid edilməsi heç vaxt olmayıb və bu kiminsə ağlına belə gəlməyib. 

Ölkəmizin 90 faizi Azərbaycan türklərindən ibarət olsa da, bu cənnət diyarda bütün millətlər öz adı ilə çağırıldığı halda, yalnız Azərbaycan türkünə türk deyil azəbaycanlı deyirlər. Və bizdə heç kimin xətrinə dəyməsin deyə, buna etiraz etmirik. Deyirik olsun...

Son günlər Azərbaycan ziyalısı Sərdar Cəlaloğlunun səsləndirdiyi elmi fikirlərə cavab olaraq sosial şəbəkələrdə ona qarşı "kürd" adı altında “öldürərik”, “başına torba salıb gətirərik” və digər cinayət xarakterli açıq təhdidlərin  səsləndirilməsi, cəmiyyət arasında ciddi narahatlıq doğurur...

İstənilən fikirə etiraz etmək, tənqidi yavaşma, hətta  hüquqi və mədəni müstəvidə ifadə edilə bilər. Bu bütün mədəni dünyada normal sayılır. Ancaq zorakılığa çağırış, hədə-qorxu isə fikir azadlığı deyil, qanunun pozulmasıdır və bu hüquqi dövlətlərdə ağır cinayət sayılır. 

Kimlərsə cəmiyyətdə, eləcə də lap hakimiyyətin özü belə Sərdar Cəlaloğlunun siyasi baxışları ilə razılaşmaya bilər. Bu sivil qurluşda normal sayılır. 

Yəni razılaşıb-razılaşmamaq hər kəsin və hər ixtidarın öz seçimidir. Lakin heç bir fikir ayrılığına görə bir insana qarşı zorakılıq hədələri əsas ola bilməz. 

Bu cür hərəkətlər təkcə konkret şəxsə deyil, həm də Azərbaycanın hüquqi dövlət prinsiplərinə, Ana Yasaya və ölkəmizin ictimai sabitliyinə qarşı yönəlmiş təhlükəli davranışdır, hətta mən deyərdim ki, cinayətdir. 

Hüquq-mühafizə orqanları sosial şəbəkələrdə açıq şəkildə səsləndirilən bu təhdidləri araşdırmalı, qanun pozuntusuna yol vermiş şəxslər barəsində qanunvericiliyə uyğun olaraq ciddi və sərt tədbirlər görməlidirlər. 

Qanunun aliliyi hər kəs üçün eyni dərəcədə təmin edilməlidir. Heç kim, heç bir qurum, hətta Allah belə haqq-ədalətdən, qanundan üstün ola bilməz. 

Azərbaycanın digər dövlətlərlə fərqi ondan ibarətdir ki, min illərdi burada heç bir millət nə dininə, nə irqinə görə ayrı seçkiliyə məruz qalmamışdır.

 Əksinə Azərbaycanın gücü onun milli azlıqlarla birgə, qarşılıqlı hörmət və bu zəmində hər bir vətəndaşın qanunun aliliyinə sadiqliyindədir.
 Azərbaycanda hər bir sahədə kifayət qədər nöqsanlar, siyasi problem tapmaq mümkündür, yalnız mili, irqi və dini dəyərləri qoruyan dünyanın yeganə ölkələrindən biridir ki, bu sahədə problem tapa bilməzsən. 

Azərbaycanda dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq bütün xalqlar və etnik qruplar əsrlərdir bir ailə kimi sülh və qarşılıqlı hörmət şəraitində yaşayırlar. Bu birlik və həmrəylik Azərbaycanın ən böyük müqəddəs dəyərlərindən biridir.

Heç kəsin bu qardaşlığa kölgə salmağa, xalqlar arasında nifaq yaratmağa və ya Azərbaycan cəmiyyətinin birliyini sarsıtmağa nə haqqı vardır, nə də buna cürət edə bilər.

 Belə cəhdlər nə cəmiyyətimiz, nə də dövlətimiz tərəfindən qəbul edilməz. 

Tarix göstərib ki, Azərbaycana qarşı düşmənçilik və qarşıdurma siyasəti yürüdən yeganə millət olan hay separatçılarının sonda aqibəti necə oldu. 

Heç vaxt Azərbaycanda ayrı-ayrı separatçı qruplar məqsədlərinə nail ola bilməyib, elə mənsub olduqları millətlərdən tutarlı cavab alıblar. Bu gün də Azərbaycan cəmiyyətinin milli birliyi, qanunun aliliyi və qarşılıqlı hörmət, hər cür kənar təxribatlardan daha güclüdür.

Son illər Moskvadan bir qrup tərəfindən idarə olunan və Azərbaycana sosial şəbəkələr vasitəsilə ötürülən süni "kürd problemi"  qızışdırılması heç də ürək açan deyil. 

Bəzi ünsürlər sosial şəbəkələrdə özlərini "kürd fəlları" sayaraq, guya dövlət xadimi Bəylər Əyyubovun adamı kimi təqdim edirlər. Məhz bu cür psivdo patriotlar səsləndirdiyi elmi fikirlərə görə Azərbaycanın tanınmış ziyalısı Sərdar Cəlaloğluna hədə-qorxu gəlir, onu hətta ölümlə hədələyirlər. 

Bəylər Əyyunov Azərbaycan dövlətinə, dövlətçiliyinə və dövlət rəhbərliyinə uzun illər sədaqətlə xidmət etmiş etibarlı bir kadırdı. Onun xidmətləri istər dövlət, istərsə xalq tərəfindən həmişə yüksək qiymətləndirilib. Azərbaycan xalqı arasında böyük nüfuza malik şəxsdir. 

Məhz buna görə də, onun adından, nüfuzundan və ya guya qohumluq əlaqələrindən istifadə edərək insanları təhdid etmək həm mənəvi, həm də hüquqi baxımdan qəti surətdə qəbulolunmazdı. 

“Kürd” adı altında və ya hər hansı etnik kimliyi bəhanə edərək Azərbaycanın tanınmış ziyalısı Sərdar Cəlaloğlunu hədələmək qanuna zidd, cəmiyyətə qarşı məsuliyyətsiz və təxribat xarakterli davranışdır. Belə əməllər nə Bəylər Əyyunovun adına-sanına, nə də Azərbaycanın toleran cəmiyyətinə yaraşar. 

Kürdlər Azərbaycanda ən azlıqda olmaqlarına rəğmən ölkənin ən mühüm nazirliklərində mühüm vəzifələrdə təmsil olunurlar. Kürdlər bütün sahələrdə Azərbaycana sədaqətlə xidmət edir və xalq arasında xususi hörmət və məhəbbətə malikdirlər. İnanıram ki, qeyrətli kürd xalqının ziyalıları aralarında peyda olmuş bəzi "patrotlarının" özləri tutarlı cavabın verəcəklər. 

Həmçinin əminəm ki, Bəylər müəllim onun adından sui-istifadə edən, guya qohumları adından danışaraq cəmiyyətdə qarşıdurma yaratmağa çalışan şəxslərin bu hərəkətlərini qətiyyətlə pisləyəcək və belələri varsa, məsuliyətə cəlb edəcək. 

Heç kəsə başqa bir şəxsin nüfuzundan istifadə edib hədə-qorxu gəlmək və ya cəmiyyətdə etnik qarşıdurma yaratmağa cəhd etmək hüququ verilməyib. Belə məsuliyyətsiz davranışlara mütləq hüquqi qiymət verilməlidir.

Azərbaycanda dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq bütün xalqlar və etnik qruplar əsrlərdir bir ailə kimi sülh və qarşılıqlı hörmət şəraitində yaşayırlar. Bu birlik və həmrəylik Azərbaycanın ən böyük dəyərlərindən biridir.

Heç kəsin bu qardaşlığa kölgə salmağa, xalqlar arasında nifaq yaratmağa və ya Azərbaycan cəmiyyətinin birliyini sarsıtmağa haqqı yoxdur. Belə cəhdlər nə cəmiyyətimiz, nə də dövlətimiz tərəfindən qəbul edilir.

Hər hansı ad və ya mənsubiyyət pərdəsi altında özünü Laçın, Qubadlı və Kəlbəcər camaatının nümayəndəsi kimi təqdim edərək, Azərbaycan aliminə qarşı təhdid xarakterli ifadələr işlətmək qətiyyən yolverilməzdir. 

Nəzərə alsaq ki,öz mərdlikləri,vətənpərvərlikləri ilə respublikada böyük hörmətlə yanaşılan adı çəkilən hər üç rayonun əhalisinin 90 faizi türk olmasına rəğmən, həmişə kürdlərə qardaş kimi yanaşır, onlara öz doğmaları kimi "əmoğlu" deyə müraciət edərlər. Belə doğma və səmimi münadibətləri unudub "kürd-türk" sohbəti salıb ayrımçılıq etmək heç bir etik qaydalara uyğun gəlmir. 

Belə təxribatçı şəxslərin adından danışmağa heç kəsin mənəvi haqqı yoxdur və onların məsuliyyətsiz davranışları həmin rayonlardan olan ləyaqətli kürd qardaşlarımızı təmsil etmirlər. Bu cür hərəkətlər cəmiyyətimizin dəyərlərinə, dövlətimizin prinsiplərinə və qanunun aliliyinə açıq hörmətsizlikdir. 

Azərbaycan cəmiyyəti qarşılıqlı hörmət, milli həmrəylik və hüququn aliliyi üzərində qurulub. Bu birliyi pozmağa və insanları təhdid etməyə cəhd göstərənlər qanun qarşısında mütləq cavab verməlidirlər.

Azərbaycan bu torpaqda yaşayan hər bir insanın müqəddəs və ortaq Ocağıdır. Burada din, irq, dil və milli mənsubiyyət fərqli ola bilər, amma bizi birləşdirən ən böyük dəyər Vətən sevgisidir.

Bu torpağın gücü müxtəlifliyində, birliyi isə xalqının həmrəyliyindədir. Kimliyindən asılı olmayaraq, Azərbaycanı sevən, onun inkişafı və sabahı üçün çalışan hər bir insan bu müqəddəs Vətənin ayrılmaz parçasıdır.

Qoy heç kim nifrət toxumu səpməyə, aramıza ayrı-seçkilik salmağa cəhd etməsin. Çünki birlik olan yerdə güc, güc olan yerdə isə qalib Azərbaycan var.

Azərbaycan bizim ortaq evimiz, ortaq qürurumuz və əbədi Vətənimizdir. 

Bu müqəddəs birliyi pozmağa heç kimin nə gücü, nə də cürəti çatmaz!!!

Elman Mustafazadə
Avropada "Azərbaycanın Dostları" cəmiyyətinin sədri, Xudafərin (Www.xudaferin.eu) jurnalının baş redaktoru

Xudaferin.eu

12:14