Azərbaycan Prezidenti: Bərpa olunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir

Biz Azərbaycanda bərpa olunan enerji mənbələrini öz enerji təhlükəsizliyimizin təmin olunması üçün inkişaf etdirmirik. Enerji təhlükəsizliyimizi hələ bir neçə il bundan əvvəl təmin etmişik. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Bərpa olunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir. Birincisi, bu onunla bağlıdır ki, nəhəng potensial vardır. İkincisi, biz onun sayəsində ixracımızı şaxələndirəcəyik. Nəticədə iqtisadiyyatımızın yeni ekoloji təmiz sektoru yaranacaq.

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin çapdan yeni çıxmış 125-ci kitabında yer alan bu fikirləri dövlətimizin başçısı bu il yanvarın 16-da Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxışı zamanı söyləyib.

​Xudaferin.eu AZƏRTAC -a istindən xəbər verir ki, çoxcildliyin 125-ci kitabında toplanan materiallar 2023-ci ilin yanvar-fevral aylarını əhatə edir. Bu kitaba Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfərinə, o cümlədən Davosda keçirdiyi görüşlərə dair informasiyalar, “Avrasiya Orta Dəhlizi: yoldan magistrala” mövzusuna həsr olunmuş panel iclasda moderatorun suallarına verdiyi cavablar, Çinin CGTN (Chine Global Television Network) telekanalına müsahibəsinin mətni daxil edilib.

Yeni kitabda Azərbaycan Prezidentinin Macarıstana rəsmi səfəri, macarıstanlı həmkarı xanım Katalin Novak və Baş nazir Viktor Orban ilə görüşləri və sənədlərin imzalanması barədə materiallar, Viktor Orban ilə mətbuata birgə bəyanatlarının mətni də verilib.

Fevral ayının mühüm hadisələrindən biri Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və “Yaşıl enerji” Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının keçirilməsi oldu. Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev “Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyətindən danışaraq dedi: “Cənub Qaz Dəhlizi” iki ildən bir az çoxdur ki, açılıb. Bu gün biz artıq TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər genişləndirilməsini nəzərdən keçiririk və TAP-ın 10 milyard kubmetrdən 20 milyard kubmetrə genişləndirilməsi haqqında danışırıq. Bu, alternativ enerji mənbəyinə böyük ehtiyac duyulduğunu göstərir. Bu, enerji təchizatının davamlı şaxələndirilməsinin zəruriliyini nümayiş etdirir. Biz buna hazırıq”.

Həmin tədbirdə Prezident İlham Əliyevin, habelə Rumıniya Prezidenti Klaus Yohannisin, Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simsonun çıxışlarının mətni 125-ci kitabda toplanıb.

Oxucu yeni kitabda Azərbaycan Prezidentinin ölkəmizə gəlmiş Misir Prezidenti Əbdül Fəttah Əs-Sisi ilə görüşü, Azərbaycan-Misir sənədlərinin imzalanması haqqında informasiyalarla, iki ölkənin liderlərinin mətbuata bəyanatlarının mətni ilə də tanış ola bilər.

Bu kitabda Azərbaycan Prezidentinin yerli televiziya kanallarına müsahibəsinin mətni də yer alıb.

Fevralın 6-da qardaş Türkiyədə baş vermiş dağıdıcı zəlzələ Azərbaycan xalqını da dərindən sarsıtdı. Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək başsağlığı verdi, fevralın 8-də isə Türkiyə səfirliyinə gedərək matəm kitabına ürək sözlərini yazdı, səfir Cahit Bağçı ilə söhbət etdi. Bütün bunlar haqqında informasiyalarla yeni nəşrdə tanış olmaq mümkündür. Qeyd edək ki, fəlakətə düçar olmuş qardaş ölkəyə ilk kömək əlini Azərbaycan uzatdı. Azərbaycanlı xilasedicilər və həkimlər yüzlərlə insan həyatını xilas etdilər, xalqımız zəlzələdən zərər çəkənlərə maddi və mənəvi dəstək oldu.

“Azərnəşr” tərəfindən buraxılan 125-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

Xudaferin.eu

16:30