Azərbaycan Prezidentinin Özbəkistan səfəri iki ölkə münasibətlərinin dərinləşməsinə və şaxələnməsinə əhəmiyyətli töhfə verəcək

Müasir Azərbaycan müstəqil dövlət olaraq beynəlxalq arenaya qədəm qoyduğu gündən onun xarici siyasətinin prioritet istiqamətlərinin önəmli hissəsini türkdilli dövlətlərlə yüksək səviyyədə münasibətlərin qurulması və inkişaf etdirilməsi təşkil edib. Bu baxımdan, dost və qardaş Özbəkistanla Azərbaycan arasındakı əlaqələri yüksək dəyərləndirmək olar. İki ölkə arasında diplomatik münasibətlər 1995-ci ildə qurulub, 1996-cı ildə Azərbaycanın Özbəkistanda, 1998-ci ildə isə Özbəkistanın Bakıda diplomatik nümayəndəlikləri fəaliyyətə başlayıb. Tarixi faktlar isə təsdiq edir ki, eyni soykökə, dilə, dinə, ortaq mədəniyyətə malik xalqlarımız arasında münasibətlər daha qədimlərə qədər gedib çıxır. Hazırda əlaqələrimizin bu səviyyəyə yüksəlməsində mən ulu öndər Heydər Əliyevin və Özbəkistanın mərhum Prezidenti İslam Kərimovun qarşılıqlı rəsmi səfərlərini xüsusi qeyd etmək istərdim. İslam Kərimovun 1996-cı il mayın 26-27-də ölkəmizə rəsmi səfəri zamanı imzalanan 18 sazişdən ibarət sənədlər paketi, həmçinin Ulu Öndərin 1997-ci ilin iyun ayında bu ölkəyə rəsmi səfəri çərçivəsində imzalanmış 19 sənəd əməkdaşlığımızın dərinləşməsi üçün fundamental hüquqi baza rolunu oynayır və strateji xarakterini əks etdirir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Uzun illər davam etmiş Qarabağ münaqişəsində qardaş ölkənin hər zaman Azərbaycanın haqq işini müdafiə etdiyini və müxtəlif platformalarda öz dəstəyini sərgilədiyini vurğulayan deputat bildirib: “Mən buna dövlətimizin başçısı İlham Əliyevin 2004-cü ildə Özbəkistana səfəri zamanı strateji münasibətlərin təməlini təşkil edən “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə”ni misal çəkə bilərəm. Bu sənədlə Özbəkistan Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə, BMT-nin müvafiq qətnamələrinin və ATƏT-in qərarlarının yerinə yetirilməsinə qəti şəkildə dəstək verdiyini ifadə etmişdi. Həmçinin xatırlatmaq istərdim ki, 2008-ci ildə "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət" adlı qətnamə BMT-də səsverməyə qoyularkən Özbəkistan bu sənədin lehinə səs verməklə ölkəmizə dəstək olmuşdur. Ermənistan üzərində tarixi Qələbə münasibətilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkəmizi təbrik edib, hətta işğaldan azad olunan Füzuli rayonunda məktəb inşa ediləcəyini bildirib və bu istiqamətdə də işlər həyata keçirilməkdədir”.

“Dövlətimizin başçısı İlham Əliyevin Özbəkistana səfəri, keçirilən görüşlər, imzalanan sənədlər ikitərəfli əlaqələrin daha da dərinləşməsinə və şaxələnməsinə əhəmiyyətli töhfə verəcək və iki ölkə arasında münasibətlərdə yeni mərhələ təşkil edəcək. Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu tərəfdaşlarımızın da sayını durmadan çoxaltmaqdadır. Qürurla deyə bilərik ki, ölkəmiz həm regionda, həm də dünyada söz sahibinə çevrilib. Vətən müharibəsində qazandığı şanlı Qələbə, nəticədə regionda sülhə və təhlükəsizliyə verdiyi mühüm töhfələr ölkəmizin əhəmiyyətini daha da yüksəldib. Həmçinin ölkəmizin etibarlı tərəfdaş olaraq özünü təsdiqləməsi nəticəsində digər dövlətlər Azərbaycanla əməkdaşlıqdan məmnunluqlarını ifadə edirlər. Prezident İlham Əliyevin Daşkənddə yüksək səviyyədə qarşılanması, ona göstərilən xüsusi hörmət və ehtiram dediklərimizin əyani təsdiqidir. Daşkənddə Heydər Əliyev Meydanının açılışı zamanı Şavkat Mirziyoyevin çıxışı, onun ulu öndər Heydər Əliyev və ölkəmiz haqqında dediyi xoş və səmimi sözlər, həmçinin işğaldan azad edilmiş ərazilərin əzəli Azərbaycan torpaqları olduğunu bir daha dilə gətirməsi, bunu tarixi ədalətin bərpası kimi dəyərləndirməsi qardaşlıq münasibətinin təzahürüdür”, - deyə Milli Məclisin deputatı diqqətə çatdırıb.

AHİK sədri onu da əlavə edib ki, Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, beynəlxalq və regional nəqliyyat şəbəkələrinə qoşulması Özbəkistandan yükdaşımaların həcminin artmasına, ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin yüksəlməsinə gətirib çıxaracaq.

Xudaferin.eu

16:24