Azərbaycan və Ukrayna səhiyyə sahəsində əməkdaşlığı gücləndirir

Azərbaycanın göstərdiyi dəstəyə, xüsusən də müharibə dəhşətlərindən zərər çəkmiş uşaqların reabilitasiyadan keçməsinə imkan yaradan layihələrə və göstərilən humanitar yardıma görə Azərbaycan dövlətinə təşəkkür edirəm.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev ilə görüşündə Ukraynanın səhiyyə naziri Viktor Lyaşko söyləyib.

“Ukraynanın səhiyyə sistemi müharibə səbəbindən görünməmiş çətinliklərlə üzləşir, lakin inkişaf etməkdə davam edir. Bu gün biz Azərbaycandan olan həmkarlarımız və tərəfdaşlarımızla tibb sənayesində əməkdaşlığın gücləndirilməsi və prioritet istiqamətləri haqqında danışırıq. Biz öz təcrübəmizi tərəfdaşlarla bölüşməyə hazırıq”, - deyə nazir əlavə edib.

Görüşdə, tərəflər Azərbaycan və Ukrayna arasında səhiyyə sahəsində əməkdaşlığın dərinləşdirilməsi, həmçinin həkimlər arasında təcrübə mübadiləsinin daha da qurulması və tibb müəssisələri ilə tibb universitetləri arasında qarşılıqlı əlaqənin gücləndirilməsi barədə razılığa gəliblər.

Səfir Seymur Mərdəliyev öz növbəsində ölkəmizin bundan sonra da Ukraynaya humanitar yardımları davam etdirəcəyini deyib. Bildirib ki, Azərbaycan müharibənin ilk günlərindən Ukraynaya öz yardımlarını edib.

Tərəflər gələcək əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında razılığa gəliblər.

 

Emil Hüseynli

Xudaferin.eu

 

15:41