Azərbaycanda və bütün Şərqdə ilk qadın redaktor - Xədicə Əlibəyova...

Mehriban Vəzir
 
O, görkəmli vəkil olan əri, Nuxa doğumlu aristokrat Mustafa bəylə birgə 1911-ci ildə "İşıq" adlı ilk qadın qəzetini təsis edib. Mustafa bəy Bakıda yoxsullara pulsuz xidmət edən 2-3 vəkildən biri kimi tanınırdı...
"İşıq"ın redaktoru və baş yazarı Xədicə xanım 1884-cü ildə Tiflisdə ruhani ailəsində doğulub. Atası, Qafqazın ruhani idarəsinin üzvü Əlaəddin Sübhanquliyev Tiflisin hörmətli adamlarından idi. O, qızını Tiflis qız gimnaziyasında, sonra Zaqafqaziya Olginskaya Mamalıq İnstitutunda oxutmuşdu. Daha sonra Moskvaya ali təhsil almaq üçün aparmışdı.
Xədicə xanım 1907-ci ildə yüksək dərəcəli mama-ginеkoloq ixtisasına yiyələnib.
Xədicə xanımın və ətrafına topladığı əli qələmli qadınların "İşıq"ı cəhalətlə savaşır, milli vətənpərvətlik, milli müstəqillik, elm, maarif, qadın hüquqlarını təbliğ edirdi...
"İşıq" Şəfiqə Əfəndizadə, Həlimə Axundova, Çayqıraqlı Həyat xanım, Tabu Salatınzadə, Asya Axundova, Nabat Nərimanova kimi müxbirlər, ictimai xadimlər yetişdirib.
Qadının qəzet nəşr etməsi, baş redaktor olması o dövr üçün o qədər fövqəladə idi ki... xurafatçılar "İşıq"a, qəzetin müxbirlərinə, baş redaktora qatı düşmən kəsildilər və cihad elan etdilər. Bakı mollaları fitva verdi: qadının qəzet çıxarması qiyamət əlamətidir, kimin evində bu qəzet olarsa, kim bu qəzeti oxuyarsa cəhənnəm oduna yanacaq...
Bu dini təhdidlər ilkin mərhələdə qəzetə yardım etmiş Hacı Zeynalabdin Tağıyevi belə geri çəkilməyə məcbur etdi.
İlk dövrdə Qafqazın hər yerinə yayılan abunə kəskin azaldı...
Hadisə o qədər əzəmətli idi ki hətta Mirzə Cəlil kimi qələm adamı bu qadın debütünü həzm edə bilməmiş və yazmışdı: "Doğrudur, Bakıda çıxan "İşıq” qəzeti müsəlman qardaşlarımızı işıqlandırır, amma bunu gərək biləsən ki, çox bərk işıq da bir şey deyil, adamın gözünü qamaşdırır”.
"İşıq" cəmi 1 il yürüyə bildi...
Xədicə xanım və Mustafa bəy Əlibəyovların sonrakı aqibəti digər mütərəqqi soydaşlarımız kimi oldu. Rus-sovet irticası Cümhuriyyətimizi məhv etdikdən sonra milli tərəqqi naminə çalışan bütün soydaşlarımıza düşmən kəsildi, onları təqib etməyə, bir-bir seçib məhv etməyə başladılar.
Bakıda yaşamaq daha təhlükəli olduğundan rus istibdadından yayınmaq üçün Əlibəyovlar ailəsi Şəkiyə köçür, Mustafa bəy vəkillikdən uzaqlaşmalı olur, həmin dövrdə Şəkidə öz əlləri ilə böyük bağ salır...
Vəkil Mustafa bəy 37-də həbs edilib sürgün edilir, 43-də həlak olur. Bəraət dövründən sonra Xədicə xanım uzaq Sibirə ərinin məzarını axtarmağa gedir, lakin əliboş qayıdır...
İlk baş redaktor olmuş və ilk qadın qəzeti çıxarmış doktor Xədicə xanım 1961-ci ildə Bakıda vəfat etmişdir...
Rus-sovet irticası tərəfindən 70 il adı və misilsiz fədakarlığı unutdurulanlardan biri olan Xədicə Əlibəyovanın - Şərqin və Azərbaycanın bu ilk qadın redaktorunun adına Vətənimizdə hələ də heç bir təsisat yoxdur... tanınmır... anılmır...
Göründüyü kimi... dövrün qaranlığında parlayan o qərib "İşıq"ı söndürsələr də... "İşıq" sönmədi... tarixdə qaldı... ziyası bu günə qədər davam edir... və Azərbaycan qadının fədakarlığı və qürur mənbəyi olaraq qalır...
Əlbəttə, qələm azadlığını pula, mənsəbə satmayan, qələmini güclülərə nökər etməyən yazar qadınların qürur yeridir "İşıq"...
Xədicə Əlibəyovanı bu dəyərli gündə - milli mətbuat günümüzdə böyük hörmətlərimizlə və sevgilərimizlə anırıq...
Ruhun şad olsun... FƏDAKAR XANIM...

21:35