AZƏRBAYCANLILAR...

Müasir dünyanın mürəkkəb və ziddiyyətli geosiyasi reallığında hər bir xalqın gücü onun tarixindən, dövlətçilik ənənələrindən və milli kimliyindən qaynaqlanır.
Bu baxımdan Azərbaycan xalqı da dünya xalqları arasında xüsusi yer tutur.
Minilliklərə söykənən zəngin keçmişi, sarsılmaz mənəvi dəyərləri və davamlı dövlətçilik ənənələri -- Azərbaycanlıları dünya xalqlarının tarixində yerini möhkəmləndirmişdir.
Azərbaycan türklərinin yaşadığı coğrafiya qədim sivilizasiyaların beşiklərindən biri olmuşdur. Azərbaycan türkləri qədim zamanlardan bu torpaqlarda talışlar, kürdlər, ləzgilər, tatlar, avarlar və bir s. xalqlarla mehriban ailə kimi yaşamış və bu gün də yaşayırlar.
Azərbaycan coğrafiyasında qədim zamanlardan etibarən Qafqaz Albaniyası, Atropatena, Şirvanşahlar dövləti kimi siyasi qurumlar regionda dövlətçilik mədəniyyətinin əsasını qoymuşdur.
XV əsrdə Qaraqoyunlu və Ağqoyunlu dövlətləri, XVI əsrdə Səfəvilər imperiyası, XVIII əsrdə Nadir şah Əfşar tərəfindən qurulan -- Əfşarlar imperiyası və daha sonra Qacarlar dövləti bu ənənələrin ardıcıl və davamlı xarakter daşıdığını göstərir.
XX əsrdə müstəqil Azərbaycan dövlətinin qurulmasında Məmməd Əmin Rəsulzadə və müstəqil dövlətin möhkəmləndirilməsi istiqamətində Heydər Əliyev kimi böyük dövlət xadimlərinin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir.
İndiki dövrdə isə İlham Əliyevin siyasi uzaqgörənliyi müasir Azərbaycanı güclü və nüfuzlu dövlətə çevirmişdir.
Azərbaycan xalqı yalnız dövlətçilik sahəsində deyil ; həm də elm, mədəniyyət və incəsənət sahələrində öz biliyi və elmi kəşfləri ilə zamanı aşan -- dünya miqyasında tanınmış dahilər yetişdirmişdir.
Bu dahilər Azərbaycan xalqının zəngin ruhunun, dərin düşüncə tərzinin və yüksək estetik zövqünün canlı təcəssümüdür.
Azərbaycan və dünya ədəbiyyatının zirvəsində duran dahi şair Nizami Gəncəvi yalnız Şərq dünyasının deyil ; bütün bəşəriyyətin ədəbi xəzinəsinə misilsiz töhfələr vermişdir. Onun əsərləri əsrlər boyu insanlığı yüksək mənəvi dəyərlərə səsləmişdir.
Böyük mütəfəkkir və şair İmadəddin Nəsimi insan azadlığı, mənəvi kamillik və həqiqət uğrunda mübarizənin simvoluna çevrilmişdir. Onun poeziyası bu gün də öz aktuallığını qoruyur.
Dahi söz ustadı Məhəmməd Füzuli isə Azərbaycan və ümumilikdə Şərq ədəbiyyatının ən böyük nümayəndələrindən biri kimi sevgi, fəlsəfə və insan ruhunun dərinliklərini ustalıqla təsvir etmişdir.
Azərbaycan musiqi mədəniyyəti də dünya səviyyəsində xüsusi yer tutur. Professional musiqi sənətimizin banisi Üzeyir Hacıbəyli milli musiqini dünya səviyyəsinə çıxarmış, Şərqdə ilk operanın müəllifi kimi tarixə düşmüşdür.
Onun yolunu davam etdirən böyük bəstəkarlar — Qara Qarayev , Fikrət Əmirov , Arif Məlikov və başqaları Azərbaycan musiqisini dünya səhnələrinə çıxarmış, simfonik muğam kimi nadir janrlar yaratmışlar.
Dünya xalqları tərəfindən sevilən : simfoniya, balet, operetta, kantata, vokal, kamera və instrumental əsərlər yazmışlar.
Dünya şöhrətli müğənni Rəşid Behbudov və Müslüm Maqomayev öz möhtəşəm səsi və sənəti ilə milyonların qəlbini fəth etmiş ; Azərbaycanı dünya səhnələrində layiqincə təmsil etmişdir.
Təsviri incəsənət sahəsində Səttar Bəhlulzadə , Tahir Salahov kimi böyük rəssamlar Azərbaycan təbiətinin gözəlliklərini özünəməxsus üslubda təsvir edərək milli rəssamlıq məktəbinin zirvələrindən birini yaratmışdır.
Elm və texnologiya sahəsində də Azərbaycan xalqı dünya miqyasında tanınmış simalar yetişdirmişdir.
Xlll əsrdə yaşamış Azərbaycanlı alim Nəsrəddin Tusi -- Avropanı indi də elmi nəzəriyyələrlə “təmin edən" həndəsə, cəbr, astronomiya və ali riyaziyyat sahəsində etdiyi kəşfləri ilə qərb elminin inkişafına təsir etmişdir.
Kəşfləri ilə dünya elminə töhfə vermiş müasir Azərbaycan alimləri : Yusif Məmmədəliyev ---
dünya kimya elminə yeniliklər gətirmişdir.
Lütfi Zadə -- müasir dünya elmində inqilab yaratmış ; Süni intellekt nəzəriyyəsinin, eləcə də qeyri-səlis məntiqin banisidir.
Kərim Kərimov --- Dünyanın raket texnikasını dərindən bilən tək-tük alimlərindən biri olmuşdur. Ali məktəbə sənəd verərəkən savadı yoxlanılaraq birdən-birə beşinci kursa qəbul edilən Kərimov SSRİ kimi nəhəng dövlətin Kosmos sahəsinə rəhbərlik ermişdir.
O ballistik raketlərin radioölçmə sahəsində, kosmik parametrlərin və aparatların hazırlanmasında mühüm elmi kəşflərə imza atmışdır.
“Baykonur“ kosmodromu və "NASA" ‐- Akademik, general-leytenant Kərim Kərimova minnətdardır.
Xudu Məmmədov --- Dünya şöhrətli Azərbaycanlı kristalloqraf, geologiya-mineralogiya elmləri doktoru, professor Xudu Məmmədovun əsərlərindən Amerikada və bütün dünyada indi də istifadə olunur.
Rafiq Əliyev -- hazırda həyatda olan Azərbaycan alimləri içərisində dünyada ən tanınmış alimdir. Onun ali riyaziyyat , süni intellekt, kibernetika, sinergetika elmləri sahəsində apardığı fundamental araşdırmalar müasir dünya təfəkkürünün formalaşmasında əsaslı rol oynayıb.
Azərbaycanlıların mənəvi və fiziki keyfiyyətləri də xüsusi vurğulanmalıdır. Bu xalq üzdən gözəl, sağlam və yaraşıqlı olması ilə seçilir.
Azərbaycan xanımları zərifliyi, təmizliyi, abır-həyalı davranışı , cazibədarlığı və müasir görkəmi ilə diqqətləri çəkir.
Azərbaycan kişiləri isə mərdlik, cəsarət, səxavət və qonaqpərvərlik kimi yüksək keyfiyyətlərin daşıyıcısıdır.
Bu gün müasir Azərbaycan dövləti öz inkişafının ən güclü mərhələlərindən birini yaşayır. İqtisadi yüksəliş, güclü ordu quruculuğu, beynəlxalq nüfuzun artması və əldə olunan siyasi uğurlar Azərbaycanın regionda lider dövlətə çevrildiyini göstərir.
Bütün bunlar Azərbaycan xalqının gələcəyə olan inamını daha da möhkəmləndirir.
Tarixi köklərə sahib olan Azərbaycan xalqı inanır ki, qarşıda daha böyük uğurlar və daha geniş üfüqlər var. Bu inamın əsasında isə vahid milli ideya — güclü, qüdrətli və Bütöv Azərbaycan dayanır !!!

Müəllif : Qəvami Sadıqbəyli.
Xudaferin.eu

08:12