Bağdadda “Şuşa İli” qeyd olunub

Azərbaycan Respublikasının İraqdakı səfirliyinin dəstəyi ilə Bağdadda “Şuşa İli”nə həsr olunan konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, İraq Respublikasının Neft Nazirliyi yanında Mədəniyyət Mərkəzinin “Babil” zalında keçirilən tədbirdə səfirliyin əməkdaşları, İraq və Azərbaycan alimləri iştirak ediblər.

Azərbaycan səfirliyinin müvəqqəti işlər vəkili Nəsir Məmmədov çıxışında bildirib ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Şuşanı işğaldan azad etdi. Bu şəhər Azərbaycan mədəniyyəti və ədəbiyyatında böyük rol oynayır.

“İraq-Azərbaycan Dostluq Cəmiyyəti”nin sədri, ölkəmiz haqqında bir sıra məqalələrin və kitabların müəllifi olan doktor Mutəz Muhi Əbdülhəmid çıxış edərək Şuşanın işğaldan azad olunmasının əhəmiyyətini vurğulayıb. Bu hadisənin təkcə Azərbaycan xalqı üçün deyil, bütün sülhsevər xalqlar üçün özünəməxsus məna daşıdığını deyib. Şuşada erməni işğalçılarının törətdikləri dağıntıları gözləri ilə gördüyünü deyən iraqlı tədqiqatçı təəssüratlarını kitabında yazdığını konfrans iştirakçılarının diqqətinə çatdırıb.

İraqın İmam Kazım universitetinin professoru Nazlı əl-Cubburi ölkəmizdə və xaricdə Şuşa ilə bağlı keçirilən böyük tədbirlərdən xəbərdar olduğunu qeyd edib. Bildirib ki, Şuşanın 2022-ci ildə Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi və 2023-cü il “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi şəhərin tarixən regionun tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olduğunu göstərir.

Sonra Bakı Hərbi Dənizçilik Məktəbinin məzunu, təqaüddə olan general İmad Allou Şuşanın azad edilməsi tarixindən danışıb. İşğaldan azad olunan Azərbaycan torpaqlarının, o cümlədən Şuşanın tezliklə tam bərpa ediləcəyinə inandığını bildirib.

İraq universitetinin Ədəbiyyat fakültəsinin əməkdaşı doktor Məhəmməd Əbd Mərzuq əl-Cənabi çıxışında işğal zamanı Şuşada 600-ə yaxın tarixi abidənin, o cümlədən məscidlərin və binaların, 22 məktəbin, 8 mədəniyyət evinin, 31 kitabxananın, 2 kinoteatrın, 8 muzeyin və sair mədəniyyət abidələrinin dağıdıldığını və talan edildiyini ürək ağrısı ilə öyrəndiklərini deyib.

İraq Səhiyyə Nazirliyinin əməkdaşı doktor Firas Fəlah əl-Mərsəvi Azərbaycanın 44 günlük Vətən müharibəsində Qələbəsi ilə böyük tarix yazdığını, gələcək nəsillərə iftixar olunası salnamə buraxdığını bildirib.

Konfransa onlayn formatda qoşulan AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri professor İmamverdi Həmidov, AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı filologiya üzrə fəlsəfə doktoru Elnur Mustafayev, AZƏRTAC-ın ərəb dilində informasiya bölməsinin müdiri Şıxəli Əliyev Şuşa şəhərinin tarixi, ədəbi və mədəni həyatı barədə məruzələrlə çıxış ediblər.

Tədbir iştirakçılarına Şuşa haqqında açıqca və kitablar paylanılıb.

Rabil Kətanov
Xudaferin.eu

22:05