Bakıda Hindistanda siqhlərə və digər azlıqlara qarşı zorakılıq mövzusunda beynəlxalq konfrans keçirilir

Yanvarın 16-da ölkəmizdə ilk dəfə olaraq Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr edilmiş “Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq konfrans keçirilir.

​Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, tədbirdə Pəncab əyalətinin İnsan Hüquqları və Azlıqlar üzrə naziri Rameş Singh Arora və digər rəsmilər, eləcə də siqh icmasının Kanada, Böyük Britaniya və ABŞ-dakı nüfuzlu nümayəndələri, beyin mərkəzlərinin rəhbərləri, xarici universitetlərin insan hüquqları və etnik azlıqlar sahəsində fəaliyyət göstərən alimləri, həmçinin Hindistan hökumətinin repressiv, irqçi və təqib siyasətinin birbaşa qurbanı olmuş şəxslər iştirak edirlər.

Konfransda Hindistan hökumətinin siqhlərə və digər etnik azlıqlara qarşı sistemli irqi ayrı-seçkilik, zorakılıq və repressiv siyasəti, xüsusilə BMT-nin “Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt”, “İrqçiliklə Mübarizə üzrə Beynəlxalq Konvensiya” və “İşgəncələrə qarşı Konvensiya” üzrə öhdəliklərinin etnik azlıqlara münasibətdə kobud şəkildə pozulması məsələləri müzakirə olunacaq.

Real vəziyyətin beynəlxalq təşkilatların gündəliyində saxlanması və müvafiq qərarların qəbul olunması, xüsusilə BMT-nin İnsan Hüquqları Komitəsi tərəfindən Hindistanda etnik azlıqların pozulmuş hüquqları, məhkəmə qərarları olmadan icra edilmiş edamların araşdırılması, eləcə də BMT-nin xüsusi məruzəçiləri tərəfindən hüquq pozuntularının sənədləşdirilməsi və beynəlxalq monitorinqə çıxarılması imkanları ətrafında müzakirələr aparılacaq.

Beynəlxalq və yerli qeyri-hökumət təşkilatları və akademik çevrələrin bu prosesdə rolu, onların hazırladığı hesabatların, hüquqi rəylərin və tövsiyələrin beynəlxalq qərar qəbuletmə mexanizmlərinə təsir imkanları müzakirə olunacaq.

Xatırladaq ki, siqhizm XV əsrdə yaranıb və doktrinasında kasta mənsubiyyətindən, cinsiyyətindən və dilindən asılı olmayaraq bütün insanlar arasında tam bərabərliyi təbliğ edir. Bu səbəbdən siqhizm ənənəvi hindu kasta sistemini qəti şəkildə rədd edir. Hindistanda siqh icmasının sayı təxminən 25 milyondan artıqdır və onlar əsasən Pəncab ştatında, Hindistanın əsas kənd təsərrüfatı bölgəsində məskunlaşıblar.

Qeyri-hökumət təşkilatları və müstəqil ekspertlər tərəfindən beynəlxalq təşkilatlara təqdim edilmiş hesabatlarda bildirilir ki, Hindistan hüquq-mühafizə orqanlarının həyata keçirdiyi silahlı basqınlar və repressiv siyasət nəticəsində yalnız 1984-cü ildə 8 min –17 min siqh qətlə yetirilib, 50 mindən çox siqh üzvü isə Hindistan hökumətinin təqiblərindən qaçaraq xarici ölkələrə mühacirət edib. 1980–1990-cı illərdə Pəncabda siqh icmasının minlərlə üzvü oğurlanıb və ya qaçırılıb, eyni zamanda, məhkəmə prosesi olmadan qondarma ittihamlarla qətlə yetirilib. Hazırda hüquqlarını tələb edən siqh fəallar “separatizm” və ya “casusluq” ittihamları ilə həbs edilir, Pəncabda polis reydləri isə artmaqda davam edir. Xaricdə yaşayan siqh fəallara qarşı terror aktları təşkil olunub və Kanada ilə ABŞ rəsmi qurumları bu aktların törədilməsində Hindistan xüsusi xidmət orqanlarını ittiham ediblər.

Qeyd edək ki, qaçan siqh icmasının üzvlərinin böyük əksəriyyəti hazırda Kanada, Böyük Britaniya, ABŞ və Avstraliyada məskunlaşıblar və Hindistanda bu gün də davam edən siyasi repressiyalara qarşı ədalət tələb edirlər. Siqh icması Hindistan hökumətindən 1984-cü il antisiqh qırğınlarının rəsmi olaraq soyqırımı kimi tanınmasını, yeni müstəqil istintaq komissiyasının yaradılmasını, soyqırımı təşkilatçılarının məhkəmə qarşısına çıxarılmasını və 1980–1990-cı illərdə Pəncabda minlərlə yoxa çıxmış şəxsin taleyinin aydınlaşdırılmasını tələb edir. Onlar, həmçinin qanunsuz həbs edilmiş siqh fəalların azadlığa buraxılmasını və onlara siyasi məhbus statusunun verilməsini, Pəncabın muxtariyyətinin genişləndirilməsini və idarəetmədə mərkəzi hökumətin müdaxiləsinin qadağan olunmasını istəyirlər. Bundan əlavə, xaricdəki siqh fəallara qarşı transmilli repressiyaların, o cümlədən sui-qəsd və təhdidlərin dayandırılmasını, beynəlxalq araşdırmalara icazə verilməsini, həmçinin Hindistan hökumətinin 1984-cü il qırğınları üçün rəsmi üzr istəməsini və qurbanlara kompensasiya ödənilməsini tələb edirlər.

Xudaferin.eu

16:52