Bazar günü söhbətlərindən...

Xurşudbanu Natəvanın əri, çar generalı Xasay xan Usmiyev rus repressiyasının qurbanı oldumu? Yoxsa erməninin donosunda yazıldığı kimi bu kumık knyazın Şeyx Şamillə gizli əlaqələri vardı?

...1830-cu illərdən başlayan Şeyx Şamil hərəkatı Qafqazı titrətmiş, dirənişi artırmış, işğalçını qovmaq arzularnı körükləmişdi. Çar ordusunda xidmət edən bir sıra nüfuzlu hərbçilər Şeyx Şamilin tərəfinə keçmişdirlər.

Qafqaz xalqlarının, xüsusilə yüksək hərbi rütbəli müsəlmanların – türklərin, ləzgilərin, çeçenlərin yavərləri əsasən ermənilərdən təyin edilirdi. Bu ermənilərin rəislərinə xidmət etməklə yanaşı dövlət yanında casusluq vəzifələri də vardı. Onlar xidmət etdikləri adamların hər hərəkəti, söhbəti, görüş və fikirləri barədə hesabat verirdilər.

Şeyx Şamil hərəkatı dövründə həmin bu erməni yavərlər öz general patronları haqqında Şeyx Şamillə əlaqələri olduğu və yaxında Şamilin düşərgəsinə qaçacaqları haqqında gerçək və ya böhtan olduğu bilinməyən donoslar yazmış və çoxsaylı həbslərə, sürgünlərə, ölümlərə səbəb olmuşdular.

Hökumət dərin araşdırmalara varmamış, bu erməni donosları əsasında çoxsaylı nüfuzlu generalı, polkovniki, mayoru sürgün etmiş, bu yolla bir sıra nüfuzlu şəxsiyyətlərin karyeralarına və və həyatlarına son qoymuşdur.

Əslində hökumət rus ordusunda yetişmiş və döyüşlərdə göstərdikləri hünərə görə böyük nüfuz sahibi olmuş, eləcə də öz tayfalarının başçıları olan yüksək rütbəli müsəlman hərbçiləri sıradan çıxarmaq məqsədi güdürdü. Bu, Şeyx Şamillə ehtimal edilən əlaqələrin qarşısını kəsmək və gözlərin odunu almaq üçün başladılmış bir layihə idi. Bu repressiya layihəsinə isə hər zaman olduğu kimi rus siyasəti erməniləri alət etmişdi.

(bu sürəcə 37-ci il repressiyalarının əski təcrübələri də demək olar...)

Belə repressiya layihələrindən birində Xasay xan Usmiyev məhv edildi. Erməni həmkarı və keçmiş yavəri Loris-Melikov donos yazaraq Usmiyevi Şeyx Şamillə əlaqədə suçladı və yaxında generalın Şeyx Şamilin yanına qaçmağı planlaşdırdığını bildirdi.

Knyaz Usmiyev həbs edilir, paqonları sökülür və məhkəmənin qərarı ilə Voronejə sürgün edilir. Rəsmi mənbələr 1866-cı ildə knyaz Usmiyevin Voronejdə intihar etdiyini bildirir. Bəzi mənbələr isə hökumətin sifarişi ilə sürgündə qətlə yetirildiyini, cinayətə “intihar” donu geydirildiyini yazır.

Knyaz Usmiyev, vaxtilə Qafqaz canişini Vorontsovun yavəri olmuş bu general 43 il ömür sürüb, Voronejdə dəfn edilib. Onun axırına çıxan erməni donosunun gerçək və ya iftira olduğu hələ də araşdırılmayıb.

Knyaz Usmiyev nüfuzlu, hünərli və yüksək təhsil görmüş bir adam idi. Fransız yazıçı Aleksandr Düma 1861-ci ildə Bakıda rastlaşdığı Xurşudbanu və Xasay xan haqqında "Qafqaz" adlı səfər kitabında yazır:
“... masa başında əyləşmiş İki türk qadından biri Qarabağın sonuncu xanı Mehdiqulu xanın xanımı (Bədircahan bəyim, Cavad xanın nəvəsi - M.V.), o biri isə qızı idi. Anaya qırx, qızına iyirmi yaş vermək olardı. Hər ikisi milli geyimdə idi. Qız (Xurşudbanu bəyim - M.V.) zəngin olan milli geyimdə füsunkar görünürdü. Üç-dörd yaşlı, eynilə anası kimi geyinmiş balaca qız uşağı iri, qara gözlərini təəccüblə bizə zilləyərkən, beş-altı yaşında bir oğlan nənəsinin qucağına sığınmışdı və təsadüfdən, yaxud qeyri-iradi olaraq əli ilə xəncərinin dəstəyindən tutmuşdu. Tiyəsinin hər iki tərəfi kəsən, ülgüc kimi iti, həqiqi bir xəncəri fransız qadını heç bir zaman öz uşağının əlinə verməzdi, amma bu, bir türk qadının öz uşağına verdiyi ilk oyuncaq idi. Uşaqların atası Xasay xan Usmiyev 35 yaşlı, yaraşıqlı, ciddi, fransızca əsil parisli kimi danışan, əyninə qara kostyum geyinmiş bir kişi idi. Başında qızılı sapla işlənmiş sivri uclu papaq vardı və belindən fil sümüyündən qəbzəsi, qızıla tutulmuş qını olan xənçər asılmışdı. Etiraf edim ki fransız dilinin belə gözəl və təmiz tələffüsünü eşidəndə diksindim.”

Ünlü fransızın 20 yaş verdiyi füzunkar Xanqızı həmin illərdə 32-33 yaşlarında idi. Bu sətirlər Dümanın gözəlliyənə heyran olduğu Xurşudbanu bəyim və Xasay xan haqqında maraqlı məlumat verir.
Düma bu əsərində erməni köməkçilərin cuğulluqla məhv etdiyi başqa generalların da adını çəkir...

Mehriban Vəzir

Xudaferin.eu

21:47