Beynəlxalq hüququn əsas prinsipləri arasında ziddiyyət varmı?

Beynəlxalq hüququn əsas prinsipləri beynəlxalq münasibətlərin məcburi davranış normalarıdır.  Bura Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsi və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) 1975-ci il Zirvə aktında normativləşdirilən 10 prinsip daxildir: 
1) güc tətbiq etməmək və ya güclə hədələməmək;
2) beynəlxalq mübahisələri dinc yolla həll etmək;
3) bir-birinin daxili işlərinə qarışmamaq;
4) dövlətlərin BMT Nizamnaməsinə uyğun olaraq bir-biri ilə əməkdaşlıq etməsi;
5) xalqların hüquq bərabərliyi və öz müqəddəratını təyinetməsi;
6) dövlətlərin suveren bərabərliyi;
7) dövlətlərin BMT Nizamnaməsinə uyğun olaraq öz üzərlərinə götürdükləri öhdəlikləri vicdanla yerinə yetirməsi (pacta sunt servanda);
8) sərhədlərin toxunulmazlığı;
9) dövlətlərin ərazi bütövlüyü;
10) əsas insan hüquq və azadlıqlarına hörmət... 
Nəzəriyyə və praktikada bəzən beynəlxlaq hüququn prinsipləri arasında, xüsusən “dövlətlərin ərazi bütövlüyü” ilə “xalqların hüquq bərabərliyi və öz müqəddəratını təyinetməsi” prinsipləri arasında ziddiyyətlərin (kolliziyanın) mövcüd olması iddialarına təsadüf edilir.  
Hesab edirik ki, belə iddiaların cavabını ilk növbədə həmin prinsipləri normativləşdirən hüquqi aktlarda tapmaq lazımdır. 1970-ci ildə BMT Baş Məclisi tərəfindən qəbul edilən Beynəlxlaq hüququn prinsipləri haqqında Bəyannamədə göstərilir ki, “xalqların hüquq bərabərliyi və öz müqəddəratını təyinetməsi” prinsipi dövlətin ərazisinin bir hissəsinin ondan ayrılmasını, və ya onun bütövlüklə parçalanmasını sanksiyalaşdırmaq, və ya buna həvəsləndirmək kimi tövsif edilə bilməz .  Yuxarıda istinad etdiyimiz ATƏM-in 1975-ci il Zirvə aktında isə göstərilir ki, “iştirakçı dövlətlər “xalqların hüquq bərabərliyi və öz müqəddəratını təyinetməsi” prinsipinə hörmət etməklə, BMT Nizamnaməsinin məqsəd və prinsipləri və o cümlədən dövlətlərin ərazi bütövlüyü də daxil olmaqla beynəlxlaq hüququn digər müvafiq normaları əsasında hərəkət edəcəklər” . Qeyd edilən sitatda “dövlətlərin ərazi bütövlüyü” prinsipinə xüsusi vurğu edilməsi adı çəkilən prinsiplərin arasında ziddiyyətin mövcudluğu barədə iddialara aydınlıq gətirir və bir mənalı olaraq “xalqların hüquq bərabərliyi və öz müqəddəratını təyinetməsi”ni “dövlətlərin ərazi bütövlüyü” çərçivəsində normativləşdirir. 
Bu yanaşma hazırda müasir beynəlxlaq münasibətlər sistemində də hakim mövqe kimi qəbul edilir və son vaxtlar İspaniyada baş qaldıran Kataloniya məsələsində də beynəlxlaq ictimaiyyət bu xəttə sadiqliyini bir daha nümayiş etdirdi. Bu baxımdan Dağlıq Qarabağ konflikti ilə bağlı analoji mövqenin BMT, Avropa Birliyi və digər nufuzlu beynəlxlaq qurumlar tərəfindən sərgilənməsi təsadüfi deyil, bu məsələdə müasir beynəlxlaq hüququn Azərbaycan Respublikasının tərəfində olmasının göstəricisindən irəli gəlir.
Beynəlxalq hüququn bütün subyektlərinin bu prinsiplərə riayət etməsi məcburidir. Bu prinsiplərə səs vermək deyil, onlara xilaf çıxmaq məsuliyyət doğurur.
Beynəlxlaq hüquq subyektlərinin, o cümlədən Azərbaycan Respublikasının beynəlxalq münasibətlər sistemində bu prinsiplərə müvafiq olaraq özlərini aparması ilk növbədə onların vəzifəsi, ikinci növbədə isə planetimizin mövcüd durumu ilə bağlıdır. Bunun əksi öz-özünə ittiham aktı oxumaq kimi qiymətləndirilməlidir... 

29-03-2018 
Xudaferin.eu

 

 

14:28