BİLİRDİNİZMİ-4

...ki, sovet dövründə xaricdə beynəlxalq təşkilatlarda çalışan SSRİ vətəndaşlarının aylıq maaşı sovet səfirinin aylıq əmək haqqından yüksək ola bilməzdi? 
Tutaq ki, SSRİ-nin ABŞ-dakı səfiri ayda 3500 dollar alırdı. Nyu-Yorkda BMT-də işləyən sovet adamının maaşı 5 min dollar idisə, həmin vətəndaş səfirdən çox aldığı pulu (5000-3500=1500) sovet dövlətinə təhvil verməli idi. 
Bu tarixçəni vaxtilə Parisə səfərlərimizdən birində dostumuz, tanınmış diplomat və tədqiqatçı Ramiz Abutalıbov danışmışdı.
Bildiyiniz kimi, Ramiz müəllim uzun illər Parisdə UNESCO-nun baş ofisində işləyib. Və təbii ki, onun aylıq əmək haqqı SSRİ-nin Fransadakı səfirindən yüksək olub. Ona görə də digər sovet adamları kimi hər ay əmək haqqını alan kimi dərhal səfirliyə gəlib maaşının səfirinkindən çox hissəsini dövlət kassasına təhvil verib.
Qayda belə idi...
P.S. Yaddaşıma əsasən yazdığım bu qeydlərdə yanlışlıq varsa, inanıram ki, hörmətli Ramiz müəllim düzəliş edəcək...

01:16