BORÇALININ İTİRİLƏN RUHU…

Bir vaxtlar Borçalı Azərbaycan ruhunun, sazın-sözün, poeziyanın, qəhrəmanlığın və milli mədəniyyətimizin beşiklərindən biri idi.

Tiflis Azərbaycan ziyalılarının, sənətkarlarının yetişdiyi, milli düşüncəmizin boy atdığı böyük bir mədəniyyət ocağı idi.

Bəs bu gün nə baş verir?

Bu gün Avropaya vizasız gələn Borçalı gəncləri arasında öz milli kimliyindən uzaq düşənlərə, yad ideologiyaların təsiri altına düşənlərə rast gəlmək adamın ürəyini ağrıdır. Gürcüstan cəmiyyətinə inteqrasiya edənlərin sayı arzuolunan səviyyədə deyil. Yaşadıqları dövlətin dilini bilməyənlər isə az deyil.

Avropaya gələn Gürcüstan azərbaycanlıları arasında şəxsən apardığım müşahidələrə əsaslanaraq deyə bilərəm ki, onların bir qismi İranpərəstliyin, ərəbçiliyin, radikal dini cərəyanların və Rusiyanın təsiri altındadır. Milli köklərimizdən uzaq düşən, kriminal qruplaşmaların təsirinə məruz qalan gənclər də var. Hər on nəfərdən birinin belə milli özünüdərkə, soy-kökünə və millətinə bağlı olduğunu görsən, sevinməyə bilmirsən.

Bir vaxtlar Azərbaycan mədəniyyətinə, ədəbiyyatına və ictimai fikrinə böyük töhfələr verən Borçalı bu gün niyə öz övladlarının bir qisminin milli kimliyindən uzaqlaşmasına şahidlik edir?

Borçalı gənclərinin bu vəziyyətə düşməsində ziyalılarımızın, Azərbaycan hakimiyyətinin milli məsələlərdə yol verdiyi yanlışlıqların, eləcə də hər birimizin laqeydliyinin payı var.

İllərdir sərhədlərimiz Borçalı camaatının üzünə bağlıdır. Sərhədyanı ticarət əlaqələri yetərincə inkişaf etdirilmir, insanlar yoxsulluq içində yaşayırlar. Bütün bunlardan isə İran, Rusiya və bəzi ərəb ölkələri məharətlə istifadə edirlər.

Biz belə laqeyd siyasətin acı nəticələrini Ermənistanda yaşayan soydaşlarımızın taleyində gördük. Eyni siyasət davam edərsə, bir gün Dərbənddəki soydaşlarımızın da taleyi ilə bağlı eyni ağrını yaşaya bilərik.

Bütün bunlar bizi düşündürməlidir: Biz Borçalıdakı soydaşlarımızın milli kimliyini qorumaq üçün nə etmişik?

Bu, təkcə Borçalının deyil, bütöv Azərbaycanın ağrısıdır. Soydaşlarımızın dilinə, mədəniyyətinə, tarixinə və milli mənsubiyyətinə sahib çıxmaq yalnız onların deyil, bizim də məsuliyyətimizdir.

Torpaqdan uzaq düşmək dərddir, kökündən uzaq düşmək isə faciə! 

Borçalı gənclərinin bir qisminin milli köklərindən uzaqlaşması bizi bu faciəyə doğru aparan təhlükəli bir prosesi görməliyik...

Borçalı bizim yaddaşımızdır, qan yaddaşımızdır, milli varlığımızın ayrılmaz bir parçasıdır. Borçalının ruhunu qorumaq özümüzü qorumaq deməkdir!

Borçalıya sahib çıxmaq üçün əvvəlcə Borçalının insanına, onun dilinə, mədəniyyətinə, milli kimliyinə və maddi rifahına sahib çıxmalıyıq!

Əks təqdirdə, sabah çox gec ola bilər...

Elman Mustafazade

Xudaferin.eu

15:20