Brüssel görüşü kifayət qədər əhatəli müzakirələrlə yadda qaldı

Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə mayın 22-də Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında növbəti - ötən ilin dekabrından bəri üçüncü görüş keçirildi və əhatəli müzakirələrlə yadda qaldı. Əvvəlki görüşlərdə olduğu kimi, bu dəfə də ölkəmiz diktə edən tərəf oldu. Görüşdə yadda qalan və xalqımız tərəfindən rəğbətlə qarşılanan məqamlardan biri heç bir halda “Dağlıq Qarabağ” ifadəsinin işlədilməməsi oldu. Vətən müharibəsində qazandığımız tarixi qələbənin reallıqlarından biri də “Dağlıq Qarabağ” ifadəsinin birdəfəlik yox olmasıdır.

Bu fikirləri AZƏRTACA-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi qeyd edib ki, danışıqlarda “Dağlıq Qarabağ” ifadəsinin işlədilməməsinə etiraz etməyən Ermənistan baş naziri Nikol Paşinyanın mövqeyi artıq bəllidir. Necə deyərlər, susmaq razılıq əlamətidir. Deməli, Paşinyan reallıqla barışmaq məcburiyyətində qaldı. Eyni zamanda, Azərbaycanın irəli sürdüyü 5 prinsipin Ermənistan tərəfindən qəbul edilməsi də bu ölkənin məğlubiyyətlə barışdığını təsdiqləyir. Əgər Ermənistan əvvəllər “Dağlıq Qarabağ” ifadəsini işlədərək onun müstəqilliyindən bəhs edirdisə, indi danışıqlarda yalnız Qarabağda yaşayan erməni əhalisinin təhlükəsizliyi, hüquqları və digər məsələləri müzakirə edir. Dövlət başçımız dəfələrlə vurğulayıb ki, Azərbaycan çoxmillətli dövlətdir və ermənilər də Azərbaycanda yaşayan bütün digər xalqlar kimi eyni hüquqlara malikdirlər.

Ç.Qənizadə danışıqlar prosesində ərazilərin minalardan təmizlənmə prosesi və itkin düşmüş şəxslərin taleyi ilə bağlı məsələlərin də müzakirə mövzusu olduğunu bildirib. Bildirib ki, Azərbaycanın bu məsələlərlə bağlı mövqeyi əvvəlki kimi qalır. Görüşdə Ermənistanın Azərbaycana verdiyi mina xəritələrinin dəqiqlik göstəricisinin 25 faizə yaxın olması, birinci Qarabağ müharibəsində itkin düşən dörd minə yaxın insanın taleyinə aydınlıq gətirməməsi və s. kimi məqamlara açıq şəkildə toxunulub. Təəssüf ki, Ermənistan tərəfi hələ də bu barədə Azərbaycana dəqiq məlumat vermir.

Komitə sədri deyib ki, budəfəki danışıqlarda ən çox müzakirə olunan məsələlərdən biri iki dövlət arasında sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı oldu: “Söz yox ki, əvvəlki görüşlərdə bu istiqamətdə ilkin razılaşmalar əldə edilib. Lakin bu vaxta qədər Ermənistan tərəfi hələ də bu barədə müzakirələrə başlamayıb. Brüsseldə keçirilən budəfəki görüşdə əldə edilmiş razılığa görə, yaxın zamanlarda hər iki ölkənin komissiyaları sərhəddə birgə görüş keçirəcəklər. Eyni zamanda, sərhədlərin delimitasiyası, sərhədboyu ərazilərdə sabitliyin təmin olunması ilə bağlı mexanizmlər müzakirə ediləcək və müəyyən qərarlar qəbul olunacaq”.

Artıq Ermənistanın baş naziri Paşinyan Azərbaycanla sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyanın yaradılması haqqında fərman imzalayıb. Azərbaycan Prezidenti İlham Əliyev də “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında” sərəncam imzalayıb. Göründüyü kimi, üçüncü Brüssel görüşü artıq öz bəhrəsini verir.

Ç.Qənizadə görüşdə Azərbaycan və Ermənistan arasında nəqliyyat kommunikasiyalarının bərpası və Zəngəzur dəhlizinin işə salınması ilə bağlı məsələnin də diqqət çəkən məqamlardan olduğunu vurğulayıb. Əldə olunmuş razılaşmaya görə, bu istiqamətdə konkret əməli addımlar atılacaq və fəaliyyət daha da genişləndiriləcək. Danışıqlarda, həm də iki ölkə arasında ümumi gömrük prinsiplərinin müəyyən edilməsi ilə bağlı məsələlər də müzakirə olunub. Komitə sədri bildirib ki, bütün bunların məntiqi nəticəsi olaraq, sülh müqaviləsinin imzalanmasına ümidlər artır.

Tərəflər böyük sülh sazişinin imzalanması üçün münbit şəraitin təmin edilməsi naminə proseslərin daha da sürətləndirilməsi barədə razılıq əldə ediblər: “Hesab edirəm ki, Avropa İttifaqının Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində atdığı addımlar təqdirəlayiqdir. Bu qurum iki ölkə arasında sülh müqaviləsinin imzalanması və xalqlar arasında etimad mühitinin formalaşması üçün əlindən gələni edir. Brüssel görüşü Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində növbəti uğurlu addımdır”.

Xudaferin.eu

16:47