20 November 2023

Azərbaycan Prezidenti: Fransanın yürütdüyü neokolonializm siyasətini qlobal səviyyədə ifşa etmişik

Azərbaycan sədrliyi dövründə (Qoşulmama Hərəkatına – red.) dekolonizasiya gündəliyinə xüsusi diqqət ayırmışdı. Biz bəzi ölkələr, xüsusilə də Fransanın yürütdüyü neokolonializm siyasətini qlobal səviyyədə ifşa etmiş, bu utancverici praktikaya son qoyulması tələbini səsləndirmişik.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakıda keçirilən Qoşulmama Hərəkatının “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda Konfransının iştirakçılarına müraciətində bildirilib.

Prezident İlham Əliyev: Bəzi ölkələrin yürütdüyü “vaksin milliyyətçiliyi” siyasətinə səssiz qalmadıq

Biz bəzi ölkələrin yürütdüyü “vaksin milliyyətçiliyi” siyasətinə səssiz qalmadıq və vaksinlərin ədalətli şəkildə bölüşdürülməsini təşviq etdik. Humanist dəyərləri əsas götürərək Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatına üzv dövlətlər olmaqla 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım göstərdi. Bununla yanaşı, bu il Azərbaycan Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərində pandemiyanın fəsadlarının aradan qaldırılması məqsədilə maliyyə vəsaitinin ayrılması barədə qərar qəbul etdi.