Səhər sübhdən burnumu qıdıqlayan gözəl bir qoxuyla ayıldım yuxudan. Bir neçə saniyə, hələ hansı zamanda və məkanda olduğumu dərk etmədiyim an özümü beşikdə uzanan körpə zənn etdim. Ən gözəl qoxular körpəliyimizə aiddir çünki... Anamı xatırladım sonra. Ən güvənli duyğu ana qucağında olmanın bəxş etdiyi duyğudur çünki... Evimizi də xatırladım. Bu gün mövcud olmayan uzaq evimizi. Ən doğma qoxu yurd qoxusudur çünki...Bütün bu gümanların yavaş yavaş əriyib aydınlığa qovuşduğu an bayaqdan məni xəyallar aləminə uçuran bu möhtəşəm qoxunun əsil ünvanını kəşf etdim nəhayət ki... Körpəliyi, ananl, vətəni özündə birləşdirən ən gözəl qoxu nə ola bilər axı? Təbii ki, çörək qoxusu.
Sonra yuxulu xatirələr daha gerçəkləri ilə əvəz olundu bir- bir.Budur, Ağdamdakı evimizdəyik. Hüzur, güvən, xoşbəxtlik və bir də hər zaman qonaqlarla dolu evimizdə. Yenə bu qoxu bürüyüb qalın meşəni xatırladan həyətimizi və ordan da keçib düz evimizin içinə qədər gəlib çatıb. Bayırda payızdır.Mən, uclarına ağ lent vurulmuş iki hörüyümü önümə salıb ( onları xüsusi bir əda ilə əlimlə kürəyimə atmağı hədsiz sevirdim)uzun otağın yuxarı başında qurulmuş sobanın kənarında oturub dərs oxuyuram. Yəqin k, ədəbiyyatdır( ən çox sevdiyim dərs idi çünki).Hə, xatırladım, "Ana və poçtalyon" şeiridir. Özü də mənim kitabım deyil bu. Onuncu sinifdə oxuyan bacımın kitabıdır. Mənsə hələ dördüncü sinifdə oxuyuram. Amma dünən bacım əzbərləyərkən beynimə, ürəyimə qazılan bu şeiri öyrənməyə qərarlıyam. Bəs necə. Sabah ədəbiyyat dərsində Nərgiz müəllimənin qap-qara, ümid dolu gözlərindəki heyrət qarışıq o sevinci görmək dünyanın ən möhtəşəm xoşbəxtlik duyğusudur axı... Heç əzbərləmək üçün xüsusi bir cəhd də göstərmirəm. Elə ilk oxunuşdan beynimə yazılır hamar misralar.
Dörd ay vardı, ananın
gözləri yol çəkirdi.
Başqa bir dərdi yoxdu, oğul dərdiydi dərdi...
Bu günkü kimi xatırlayıram hər sətirini.
Sonra həyətimizin aşağı səmtindəki təndirxanadan bayaqdan bu gözəl çörək qoxusunun bütün həyəti başına götürməsinə səbəb olan xalamın səsi gəlir. Çörək yapır təndirə. Bir çin özü aparsa da indi məni haraylayır kündə daşımaq üçün. Özü təndirə yeni yapdığı kündələrin keşiyindədir çünki. Birdən küt gedəni olar.
Kitabı əlimdən yerə qoysam da, şeiri ürəyimdə təkrarlaya-təkrarlaya aşağıya, həyətdəki birmərtəbəli "əl evi "deyilən yerə gedib ağappaq, zülmət gecələri parlaq işığa qərq edən yup-yumru ayı xatırladan kündələri qızılı rəngli dəyirmi siniyə düzürəm bir -bir. O qədər gözəl görünür ki, yup-yumşaq kündələr, onları elə çiy-çiy yemək istəyir adam. Kündə dolu sininin üzərini ağappaq dəsmalla örtüb başımın üstünə alıram( böyükkərə bənzəmək üçündür bu. Özümü bildim-biləli həmişə tez böyüməyə can atmışam... elə o şeiri öyrənməyim də bu məqsədlədir. Nə qədər də yanlış bir istək. Kaş ki, mümkün qədər daha çox çocuq qala bilsə insan... böyüdükdən sonra o gözəl çağlara ,geriyə yol yoxdur çünki) Başımda sini, addımlarımı asta-asta ataraaq, "dörd ay vardı" deyə-deyə " elə o sinidəki kündələr kimi yup-yumşaq, həlim xasiyyətli , dünyanın ən mehriban qadınına kündə daşıyıram.Və sonra işin ən əyləncəli qismi başlayır:- xalamın başı kündə yaymağa qarışan kimi, uzun təndir şişinin yastı, bir qədər enli ucuyla təndirə yenicə yapılmış çörəklərdən birini xəlvətcə itələyib təndirin dibinə, külün içinə salıram. Bilirsiz niyə? Yerində dünyanın ən ləzzətli təamı olan qazmaq yaransın deyə. Çorək alaçiy qopub düşdükdən sonra təndirin divarında xəmirdən nazik bir lay yapışıb qalırdı və bu təbəqə sonra qıp-qırmızı qızarıb qazmaq olurdu. Təndirə yapılan çörəklər "öz xoşu ilə" qopub düşməyəndə biz uşaqlar xəlvətcə onlara "kömək edirdik" bu işdə. Budur hazırdır artıq. Xalam yeni çörəyi yapmaq üçün təndirə tərəf dönəndə təəsüflə deyir: " Buna bax ee, yenə küt getdi kündə, yəqin undandır. O cür xəmir yoğurmuşdum ozü də".Yazıq arvad . İndi anlayıram ki, nə qədər böyük günah işləyirmişəm, onun əməyini yerə vurmaqla.. Əfv elə məni, mələk qadın...
Bəs səbəb nədir yazmır
Anaya bircə kağız?
"Oğul, oğul", -deməkdən
Qabar oldu dil, ağız...
deye-deyə uzun şeirin geri qalanını əzbərləməyə yollanıram. Əlimdə də təndirdən yenicə çıxan xırçıltılı qazmaq...
Xatirələr, xatirələr...
Gör haralara apardı bu bircə qoxu.
Budur, Şuşadayıq. Məşhur Şuşa həbsxanasına , Üzeyir bəyin ev muzeyinə və Xan qızının o vaxtlar uşaq sanatoriyası kimi fəaliyyət göstərən sarayına yaxın bir evdə qalırıq. Evimizdən xeyri aralı yerləşın "Məhəllə bulağı"nın yanında kiçik bir dükan var. Arifin çörək dükanı. İndiyədək yediyim ən dadlı ( hətta ,ruhu məni bağışlasın, xalamın çörəklərindən də dadlı), "kərpic çörək " dediyimiz dördkünc ,kub formalı çörəklər satılırdı orda. Günorta nahar vaxtı növbə olurdu o dükkanın qarşısında. Gündəlik qayğılarıından, "gəlmələr"dən danışan yerli qadınlar, "Neftçinin" dünənki uğursuz oyununu təəssüflə müzakirə edən kişilər və bir də elə yoldaca kənarlarını qoparıb yeməyə tələsdikləri çörəyi gözləməkdən səbirsizlənən uşaqlar sıra ilə düzülürdülər o kiçik dükanın önünə. Və hamını birləşdirən bir şey vardı orda: çörək qoxusu...
Anamın saçlarımda qalan sığalı,
heç vaxt görmədiyim nənəmin
şip-şirin nağılı,
Oxuduğum kitabların, və bir də yaz vaxtı, yam -yaşıl otu üstündə uzandığım torpağın qoxusu,
gözlərimin heç oyanmaq istəmədiyim çocuqluq yuxusu,
Xalamın xəmir yoğuran o mehriban əlləri,
ömrün o "Ana və poçtalyon"lu günlərdə dustaq qalan illəridir
Çörək qoxusu...
P.S. Bu gün dünyanın bütün dietoloqıarı " çörək orqanizm üçün zərərlidir, çörək yeməyin" deyə əl-ələ, səs -səsə verib nə qədər israr etsələr də, mən bu çağırışı qətiyyətlə inkar edirəm. Çox demirəm, bir azca düşünün. Görəsən nəyə görə insan oğlu yarandığı gündən çörəyi müqəddəs bilib və həmişə ən uca yerdə saxlayıb, Hansı səbəblə evimizə, ölkəmizə gələn ən əziz qonağı duz-Çörəklə qarşılayırıq, niyə atalarımız nankor
insanlara bu gün ən sağlıqlı qidalar sayılan "brokolisi, gül kələmi, cəfərisi, kabaçoku -dizinin üstündə" yox elə "Çörəyi dizinin üstündə" deyiblər. Və ən nəhayət nəyə görə məhz "Çörək bol olarsa basılmaz Vətən"?
Bəlkə ən ac insanı belə yanında əlavə heç bir qida olmadan təkbaşına doyura bilən yeganə nemət olduğu üçün, və ya dünyanın ən dadlı yeməkləri belə onsuz yeyildiyində bir az əksik qaldıqları üçün? Nə bilim vallah? Bircə onu bilirəm ki, ana qayğısı, ata nəvazişi, vətən həsrəti, müəllim nəsihəti, uşaqlıq xatirələri nə qədər zərərlidirsə, çörək də bir o qədər zərərlidir. O üzdən bütün qadağalara rəğmən hər birinizə
"Çörəyinizi yeyin"! deyirəm. Təbii ki, qədərində. Yoxsa ulu Nizami demiş:
"Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verər o da." ...
Çörək qoxusu

Şahruh Süleyman
Xudaferin.eu
14:21
Digər xəbərlər