Cəsarətin adı Vasif Tağıyev idi...

Tarixin elə şərəfli səhifələri var ki, onlar yalnız tarix kitablarında qalmır, onlar insanların yaddaşına, millətin vicdanına həkk olunur. 

2023-cü ilin yanvarın 27-si də Azərbaycan üçün məhz belə həyacanlı, unudulmaz günlərdən biri idi…

Həmin gün səhər tezdən Azərbaycanın Tehrandakı Səfirliyində baş verən silahlı terror hücumu, təkcə diplomatik nümayəndəliyə qarşı törədilmiş terror aktı deyildi. Bu, beynəlxalq hüquqa, diplomatik toxunulmazlığa və insanlığa qarşı yönəlmiş vəhşi cinayət idi.

Səfirliyin içində silah səsləri eşidiləndə zaman sanki dayanmışdı. Dəhlizlərdə vahimə hökm sürürdü. Hər kəs həyat uğrunda mübarizə aparırdı. Artıq səfirliyin bir əməkdaşı xaincəsinə qətlə yetirmişdir. Zaman gözləmirdi, hər an böyük faciyəyə baş verərdi. Burada tək cəsarət deyil, anı, saniyənin nəbzini tutmaq, düzgün qərar qəbul etmək lazımdır...

Elə həmin anlarda bir insan öz təhlükəsizliyini deyil, başqalarının həyatını düşünərək ölüm-qalım mücadiləsinə atılır. 

Bu insan 1989-cu ildə Azərbaycanın dilbər guşəsi, igidlər yurdu Şuşa şəhərində ziyalı ailəsində dünyaya göz açmış Tağıyev Vasif Natiq oğlu idi.

O, qarşısındakı şəxsin silahlı olduğunu bilirdi və bilirdi ki, atacağı addım oun həyatına baha başa gələ bilər. Amma bəzən insanı irəli aparan qorxusuzluq deyil, vicdandır, məsuliyyətdir, insanlıq borcdur.

Canı ilə əliyalın mübarizə aparan Vasif Tağıyev, ağır yaralanmasına rəğmən geri çəkilmədi. O, silahlı cinayətkarın üzərinə yalın əllə sankı qartal kimi şığamışdı. Bu, sadəcə hazırlıqlı bir terroristlə fiziki savaş deyildi, bu, həyatla ölüm arasında, xeyirlə şərin savaşı idi.

Məhz onun göstərdiyi bu fədakarlıq nəticəsində, səfirlik əməkdaşlarının, onların ailələrinin və azyaşlı körpələrinin təhlükədən uzaqlaşması üçün həlledici anlar qazanıldı. 

Bəzən tarix tək illərlə, aylarla yanaşı, saniyələrlə də yazılır. O gün də həmin saniyələri Azərbaycan tarixinə Vasif Tağıyev yazdı...

Qəhrəmanlıq həmişə orden, medallarla ölçülmür. Qəhrəmanlıq bəzən insanın öz həyatını tərəzinin bir gözünə, tanımadığı insanların həyatını isə digər gözünə qoyduğu anda başlayır. Vasif Tağıyev heç bir hesab aparmadan, təmənnq güdmədən seçimini etdi. O, özünü düşündüyü üçün deyil, başqaları yaşasın deyə irəli atıldı və millətin gözündə əbədi qəhrəmana çevrildi.

Həmin hadisədən illər keçəcək... Lakin zaman bəzi xatirələri köhnəltmir. Əksinə, onları daha da qiymətli edir. Çünki millətlər təkcə böyük zəfərləri ilə deyil, ən çətin anlarda ayaqda duran insanları ilə də yaşayırlar. Biz qəhrəman sözünü tez-tez işlədirik. Amma bu sözün əsl mənasını göstərən insanlar çox azdır. 

Vasif Tağıyev həmin insanlardan biridir. Onun cəsarəti və peşəsinə məsuliyyəti,  Azərbaycan dövlətçiliyinə sədaqəti, hər bir gənc nəsil üçün bir örnəkdir. 

Bu gün onun adı çəkiləndə təkcə bir hadisə xatırlanmır. Bir insanın öz həyatını təhlükəyə ataraq başqalarının yaşamaq haqqını qoruyan xilaskar xatırlanır. Elə buna görə də bəzi insanlar sadəcə özləri üçün ömür yaşamırlar. Onlar öz əməlləri ilə tarix yazıb, insanlıq yaşadırlar. 

27 yanvar 2023-cü il tariximizə ağrı-acı  ilə yazılsa da, həmin ağrının içində bir işıq da var idi. O işığın adı cəsarət idi və həmin cəsarətin adı isə Vasif Tağıyev idi...

Elman Mustafazade 
Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri, Xudafərin (www.xudaferin.eu) jurnalının baş redaktoru.

Xudaferin.eu

13:37